Məhkəmə qərarları › İş №2-1(112)-10280/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10280/2023

04.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10280/2023 04.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “ailə üzvlərinin mənzil növbəsinə götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “ailə üzvlərinin mənzil növbəsinə götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə X3 xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan sonra arvada Cəfərli soyadı verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 61-80% itirdiyinə görə əlillik müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. X10 xx.xx.2016-cı il tarixdən Saatlı rayonu, Əliabad kəndində, xx.xx.2022-ci il tarixdən isə, ünvan 1 ümvanında qeydiyyatdadır. X4 (iddiaçının anası) xx.xx.2005-ci il tarixdən Yardımlı rayonu, Avun kəndində, xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət edərək ailə üzvləri – anası X4 və arvadı– X7 da onunla birlikdə mənzil növbəsinə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “...ananız və həyat yoldaşınız xx.xx.2022-ci il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alındığından “Bakı şəhərində mənzil şəraitinin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü hissəsinə əsasən müraciətin təmin edilməsi icra hakimiyyətinin səlahiyyətləri xaricindədir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvlərinin anası X4 və yoldaşı – X7 da onun yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə müvafiq sərəncamın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil növbəsinə alınarkən yalnız o, növbəyə alınmış, ailıə üzvləri onunla birlikdə mənzil növbəsinə alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki ailə üzvləri ilə birlikdə yaşadığına görə, onlar da onunla birlikdə mənzil növbəsinə alınmalıdırlar. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə ələaqədar əlil olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Hazırkı tələbində iddiaçı ailə üzvləri – anası X4 və yoldaşı – X7 da onunla birlikdə mənzil növbəsinə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin ailə üzvləri qismində onun valideynlərini, uşaqlarını və ərini (arvadını) təsbit etmişdir. 6 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ailə tərkibi haqqında Arayışa əsasən X2 iddiaçının atası, X4 anası, X10 isə arvadıdır. Göründüyü kimi həmin şəxslər iddiaçının ailə üzvləri hesab olunur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X5 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir) 4cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. 17-ci bəndin İ hissəsinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X8 İcraiyyə Komitəsinə ərizə verir. 17-ci bəndin İİ hissəsinə görə, ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. 17-ci bəndin İİİ hissəsinə görə, ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin. Cavabdeh Qaydaların 17-ci bəndinin İİİ hissəsinə istinad edərək iddiaçının ailə üzvlərinin xx.xx.2022-ci il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alındıqlarından müraciətin təmin edilməsindən imtina edir. Lakin Qaydaların 17-ci maddəsinin İİ hissəsindən göründüyü kimi, ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad (ər) mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. İddiaçının arvadı Aytən Cəfərli iddiaçı ilə eyni ünvanda qeydiyyatdadır və birlikdə yaşayırlar. Ona görə də, Qaydalarda göstərilən son 5 il ərzində Bakı şəhərində yaşama tələbi ona şamil oluna bilməz. Lakin iddiaçının anası – X6 17-ci maddəsinin İİ hissəsində göstərilən şəxslərdən heç birinə aid deyildir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda X1 adına ümumi birgə mülkiyyət hüququ ilə Tovuz rayonu, Bayramlı kəndinə 0,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin aşkar edilməsi qeyd edilmişdir. Həmçinin bu əsasla da, yəni Firəngiz Manafova yaşayış sahəsinə ehtiyacı olan şəxs sayılmadığından iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X7 İddiaçı ilə birlikdə mənzil növbəsinə görürülməsi öhdəliyi Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə, yəni X1 İddiaçı ilə birlikdə mənzil növbəsinə görürülməsi hissədə rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. X7 İddiaçı ilə birlikdə mənzil növbəsinə görürülməsi öhdəliyi Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə, yəni X1 İddiaçı ilə birlikdə mənzil növbəsinə görürülməsi hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar