Məhkəmə qərarları › İş №2-1(112)-10283/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10283/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10283/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə qarşı “işıq və su xətləri yerlərinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ:

1. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “Abşeron rayon, Pirəkəşkül- Qobustan bələdiyyəsinin ərazisində yerləşən 6.60 ha torpaq sahəsindən yüksək gərginlikli elektrik xətti və su xəttinin çıxarılması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və iş üzrə aidiyyət iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl Cavabdeh2 ilə əvəz edilmişdir.

5. Tərəflərə inzibati işin aidiyyət məsələsi ilə əlaqədar məhkəmə bildirişi göndərilsə də, onlar aidiyyət məsələsinə münasibətini bildirməmişlər.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə iddiaçının və cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir

7. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.

8. Belə ki, İPM-in 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

9. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə aid olduğundan işin aidiyyəti müstəsna aidiyyət qaydalarına uyğun olaraq həll edilməlidir.

10. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının torpaq sahəsindən yüksək gərginlikli elektrik xətti və su xəttinin çıxarılmasını tələb etdiyi daşınmaz əmlak Sumqayıt şəhərinin ərazisində yerləşir.

11. Belə olan halda məhkəmənin qənaətinə görə, işə İPM-in 8.1.1-ci maddəsinin müddəası tətbiq edilməklə daşınmaz əmlakın və ya ərazinin olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır.

12. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

13. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir.

14. Odur ki, məhkəmə hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır.

15. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

16. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.

17. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə qarşı “işıq və su xətləri yerlərinin dəyişdirilməsi” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar