Məhkəmə qərarları › İş №2-1(112)-10284/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10284/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10284/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun dövlət qeydiyyatına alınaraq, reyestrdən "xxxx" MMC-nin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, reyestrdən "xxxx" MMC-nin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi bardə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra hakimiyyəti Başçısının 26.02.1997-ci il tarixli 163 saylı Sərəncamına əsasən “Şəms-MM" MMC-yə Bakı şəhəri Xətai rayonu ərazisində məişət xidməti evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan tərəflərindən layihəyə uyğun olaraq qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin qeyri-yaşayış sahəsi dövlət reyestrində qeyd edilməklə çıxarış verilmişdir. Bundan sonra qeyri-yaşayış sahəsində yenidənqurma işləri ilə əlaqədar yenidən layihələndirilmişdir. Bununla bağlı Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının 227 saylı 27.09.2012-ci il tarixli Sərəncamından çıxarışa əsasən yeni layihəyə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yeni variantda tikintisinə icazə verilmişdir. Yeni layihə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Bundan sonra onlar ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsi üçün müraciət etmiş, onlara imtina məktubu ilə hüquqmüəyyənedici sənədlərin əlavə olunmadığı bildirilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, tikintiyə icazə sərəncamı, eskiz layihə və istismara icazə sənədi BŞİH-i tərəfindən verilməmişdir. Həmçinin, əlavə torpaq sahəsində inşa edilmiş sənəd üzrə olan sahə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və qeyri-yaşayış binasının artırılmış hissəsinin yerləşdiyi əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binasının artırılmış hissəsinin yerləşdiyi əlavə torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Əlavə olaraq, təqdim edilmiş sənədlər hüquqi şəxsə aid olduğundan, ərizəçi kimi hüquqi şəxs tərəfindən müraciət edilməli olduğu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsinin və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamənin həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməli olduğu qeyd edilmişdir. Sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən yerində aparılmış müayinə (baxış) zamanı qeyri-yaşayış binasının ümumi sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 733,2 kv.m, faktiki isə 660,1 kv.m olduğu qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ünvanlanmış 27.05.2021-ci il tarixli, **********87 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizəçinin müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, tikintiyə icazə sərəncamı, eskiz layihə və istismara icazə sənədi BŞİH-i tərəfindən verilməmişdir. Həmçinin, əlavə torpaq sahəsində inşa edilmiş sənəd üzrə olan sahə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və qeyri-yaşayış binasının artırılmış hissəsinin yerləşdiyi əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binasının artırılmış hissəsinin yerləşdiyi əlavə torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. - Bakı şəhəri İcra hakimiyyəti Başçısının 26.02.1997-ci il tarixli 163 saylı Sərəncamına əsasən “Şəms-MM" MMC-yə Bakı şəhəri Xətai rayonu ərazisində məişət xidməti evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan 30 sentyabr 2021-ci il tarixli, BA- 04565-2021 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının 27.09.2012-ci il tarixli, 227 nömrəli sərəncamdan çıxarışın surətindən görünür ki, Sarayev küçəsi 8 c ünvanda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 19.09.2012-ci il tarixli, 18/03-8/2381 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq İddiaçı firması tərəfindən ticarət obyektinin yeni variantda tikintisinə icazə verilmişdir. - 10.07.2018-ci il tarixli, 176 nömrəli Tikinti obyektinin istismarına İcazə sənədinin surətində qeyd edilir : Tikintinin istismarına icazə verən orqanın adı : Xətai rayon İcra Hakimiyyəti , Tikintinin ünvanı : ünvan 5 sahəsi. Obyektin sifarişçisi : "xxxx" MMC . Obyektin layihəçisi : "xxxx" MMC. Obyektin podratçısı : "xxxx" MMC. Həmin icazə sənədindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq 10.07.2018-ci il tarixindən “Şəms – MM“ MMC tikinti obyektinin İstismarına icazə verilmişdir. - 09.03.2018-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş pasportdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası hüquq subyekti kimi "xxxx" MMC və başqalarına invertar nömrəsi: 11/852, reyestr nömrəsi: **********78-06301 nömrəsi ilə texniki pasport verilmişdir. -Ö/0021893 nömrəli 12 iyun 2018-ci il tarixli istismara hazırlıq aktından görünür ki, Xətai rayonu, Sarayevo küçəsi 8M ünvanında yerləşən qeyri-yaşayış obyektinin tikintisinə başlanması 03 mart 2017-ci il , qurtarması 10 aprel 2018-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri 3 mərtəbəli və mansardlı qeyri-yaşayış obyektinin ümumi sahəsi S=2803,20 M2, tikinti altı sahəsi S=733,20 m2, həcmi V=7445,12 m3 –dir. - Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 1109 nömrəli, 07 dekabr 2021-ci il tarixli müqavilənin təsdiqlənmiş surətindən görünür ki, icarəyəverənin (Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini) icarəyə verdiyi ünvan 7 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 670.8 kv.m torpaq sahəsi icarəçi ("xxxx" MMC) tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Bu müqavilə ilə icarə müddəti 07.12.2021-ci il tarixdən 07.12.2023-cü il tarixədək müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri İcra hakimiyyəti Başçısının 26.02.1997-ci il tarixli 163 saylı Sərəncamına əsasən “Şəms-MM" MMC-yə Bakı şəhəri Xətai rayonu ərazisində məişət xidməti evinin tikintisi üçün torpaq sahəsi ayrılmış, həmin ərazidə layihəyə uyğun olaraq qeyri yaşayış sahəsi inşa edilmiş, daha sonra Sarayev küçəsi 8 c ünvanda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 19.09.2012-ci il tarixli, 18/03-8/2381 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq İddiaçı firması tərəfindən ticarət obyektinin yeni variantda tikintisinə icazə verilmişdir. Hal-hazırda iddiaçı ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, reyestrdən "xxxx" MMC-nin adına çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə tikintiyə icazə sərəncamının, eskiz layihənin və istismara icazə sənədinin BŞİH-i tərəfindən verilmədiyini, həmçinin əlavə torpaq sahəsində inşa edilmiş sənəd üzrə olan sahə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğunu və qeyri-yaşayış binasının artırılmış hissəsinin yerləşdiyi əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini, bundan başqa, elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binasının artırılmış hissəsinin yerləşdiyi əlavə torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşdiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri müəyyən edilmişdir ki, hazırki idda üzrə mübahisə predmetini təşkil edən əmlak həmin maddədə səciyyələnmiş obyektlərə aid deyildir. -80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dən) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar; - istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur -8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, 01.01.2013-cü il tarixdən sonra inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Hazırki iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinin 01.01.2013-cü ildən əvvəl və ya sonra inşa edilməsi hər hansı bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin qeyri-yaşayış sahəsi tikintisinə icazə tələb olunan tikili olduğundan, həmin qeyri-yaşayış üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci maddəsində və ya 8.0.10.1-ci maddəsində səciyyələnmiş sənədlər təqdim edilməlidir. Məhkəmə iddianın mahiyyəti üzrə əsaslı olmasına keçməzdən əvvəl, cavabdehin imtina üçün göstərdiyi əsasları bir daha vurğulayır. Belə ki, cavabdeh iddiaçının müraciətinə imtina edərkən aşağıdakı halları əsas götürmüşdür: Tikintiyə icazə sərəncamı, eskiz layihə və istismara icazə sənədi BŞİH-i tərəfindən verilməmişdir. Həmçinin, əlavə torpaq sahəsində inşa edilmiş sənəd üzrə olan sahə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və qeyri-yaşayış binasının artırılmış hissəsinin yerləşdiyi əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binasının artırılmış hissəsinin yerləşdiyi əlavə torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Məhkəmə imtina məktubunda göstərilən əsaslara münasibətdə bildirir ki, cavabdeh imtina məktubunda sənəd üzrə olan sahə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğunu qeyd etsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını, bunu təsdiq edən xəritədən çıxarışı təqdim etməmiş, yalnız formal mülahizələrə söykənmişdir. Məhkəmə hesab edir ki, imtina məktubunda göstərilən birinci əsas ilə bağlı sübutetmə yükü cavabdehin üzərində olduğundan və imtina məktubunda göstərilən birinci əsas üzrə hər hansı mötəbər sübut təqdim olunmadığından, imtina məktubunun birinci hissəsi əsassızdır. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsi ilə bağlı cavabdeh tərəfindən irəli sürülən mülahizələrə münasibətdə məhkəmə bildirir ki, bu hal məhkəmə icraatı zamanı təqdim olunmuş 30 sentyabr 2021-ci il tarixli müqavilənin mövcudluğu ilə təkzib olunmuşdur. Belə ki, hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 07.12.2021-ci il tarixli, 1109 №-li müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında müqavilə münasibətləri olmuş, həmin münasibətlər zənnində Bakı şəhəri, Xətai rayonu, Sarayevo 8M ünvanındaki qeyri-yaşayış binasının yerləşdiyi 670,8 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sözügedən müqaviləni bağlayaraq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıqda yerləşmədiyini öz iradə ifadəsi ilə nümayiş etdirərək, həmin torpaq sahəsini iddiaçının icarəsinə vermişdir. Bununla da cavabdehin imtina məktubunda göstərdiyi bu əsas aradan qalxmış olur. Məhkəmə son olaraq iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının olub-olmamasına münasibətdə bildirir ki, hazırki iddia tələbinin predmetini təşkil edən əmlak qeyri-yaşayış sahəsi olduğundan, həmin əmlak üzərində mükiyyət hüquqlarının qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddələrində səciyyələnmiş sənədlər mövcud olmalıdır. Məhkəmə bildirir ki, yuxarıda bu maddələrin şərhi ətraflı olaraq göstərilmişdir. Bunun əsasında məhkəmə tərəfindən aparılmış olan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə münasibətdə icarə hüququ olmuş, qeyri-yaşayış sahəsinin özünə münasibətdə isə zəruri olan sənədlər mövcud olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən iddiaçıya qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmiş, qeyri-sahəsi ilə bağlı eskiz layihəsi tərtib edilmiş və bu layihə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Göründüyü kimi, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri baxımında qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını tam əldə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış sahəsi üzərindəki hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur.Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, reyestrdən "xxxx" MMC-nin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, reyestrdən "xxxx" MMC-nin adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar