Məhkəmə qərarları › İş №2-1(112)-10288/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10288/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10288/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə (üçüncü şəxs Saatlı rayon Mərkəzi Xəstəxanası) qarşı “30.07.2021-ci il tarixdən 5 il müddətinə 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30.07.2021-ci il tarixdən etibarən mənə növbəti 5 il müddətinə əlillik müddəti uzadılmaqla İİ (ikinci) dərəcəli əlilliyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Saatlı rayonunda anadan olub. Hal-hazırda ünvan 1 ünvanda rəsmi qeydiyyatdadır. Özü “şəhid ailəsidir”. Oğlu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Vətənimizi qoruyarkən Şəhid olmuşdur. Uzun illərdir “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmamazlığı” xəstəliyindən əziyyət çəkir. Ona təyin olunan diaqnoz: “Spazm ilə müşayət olunan stenokardiya ÜİX-yi gərginlik stenokordiyası İİİ F sinif, ağırlaşma fonunda “durğunluq ürək çatışmazlığı. xroniki ürək çatışmazlığı İİİ F sinif; Yanaşı xəstəliklər: “Essensial (birincili) Hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ”. Hər üç təyinat “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin” 2.2.1-ci bəndinə aiddir ki, bu da İİ (ikinci) dərəcəli əlilliyi olmasını təsdiq edir. (Xəstəlik kodu əsas diaqnoz - İ 20.1, ağırlaşma-İ20.0, Yanaşı xəstəliklər- İ10). Bildirir ki, 07.12.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X5 süni qan dövranı şəraitində aorta-koronar şuntlanma ürək əməliyyatı olunub. (SVG- OM, SVG-PDA, LİMA-LAD). Ürək cərrahiyyə əməliyyatlarından sonra daima həkim- kardioloqun nəzarəti altında müainə və müalicə olunur. Bundan başqa o X7 Müəssisələrində müayinə və müalicə olunub. Tibbi-Sosial Ekspertiza Komissiyasının 30.07.2016-cı il tarixli qərarına əsasən 30.07.2021-ci il tarixə kimi növbəti 5 il müddətinə ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin uzadılması məqsədilə o, Saatlı Rayon Mərkəzi Xəstəxanasının 22.08.2021-ci il tarixli 0309003AAPUT saylı elektron göndəriş (Forma 088) əsasında cavabdeh orqana müraciət edib və X3 11.08.2021-ci il tarixli sonuncu müainə olmuş tibbi rəyini təqdim edib. Bundan başqa o cavabdeh qurumda əyani ekspertiza komissiyasında olub. Cavabdeh orqan tərəfindən əyani müayinə olunub və ona əlillik təyin edilməyəcəyini bildiriblər. Məlum olub ki, elektron qaydada müraciətinə imtina verilmə səbəbi formaldır.

3. Cavabdeh qurum tərəfindən iddiaçının əlillik vəziyyəti 30.07.2021-ci il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasının №0309003AAPUT göndərişi əsasında qiymətləndirilmiş və əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmi, səbəb: əlavə müalicəyə ehtiyacın olması; ətraflı: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 (beş) ildə stasionar müalicə yetərli deyil. E.T.Kardiologiya İnstitutundan ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür.

4. Məhkəmənin 15.09.2021-ci il tarixli qərardadı ilə Saatlı Rayon Mərkəzi Xəstəxanası hazırki iddia tələbi üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur.

5. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Saatlı Mərkəzi Rayon Xəstəxanasının 27.05.2016-cı il tarixli 0309003AAF96 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX, gərginlik stenokardiyası İİİ f/sinif. AKŞ əməliyyatından sonrakı vəziyyət (08.12.2015). İnfarktdan sonrakı kardioskleroz (26.11.2015) X6, İİ f/sinif.Serebral ateroskleroz; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09, İ11.0, İ13-İ13.2, İ20-125,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Mərkəzi Rayon Xəstəxanasının 22.07.2021-ci il tarixli 0309003AAPUT saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX-yi, gərginlik stenokardiyas İİİf/sinif.Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİİ f/sinif; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş olunur.

6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

10. İddiaçı məhkəməyə müraciət etdiyi 10.09.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı 30.07.2021-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edil müəyyən edilmir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

13. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

14. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.

15. İddia prosessual qanunvericiliyə müvafiq dəyişikliyin qüvvəyə mindiyi 01.10.2021-ci il tarixə qədər təqdim edildiyindən Bakı İnzibati Məhkəməsi işə baxmağa səlahiyyətli məhkəmədir.

16. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

19. İddiaçıya ilkin olaraq İİ dərəcə əlillik Saatlı Rayon Mərxəzi Xəstəxanasının 27.05.2016cı il tarixli göndərişi əsasında beş il müddətinə təyin edilmişdir.

20. Saatlı Rayon Mərxəzi Xəstəxanasının tərəfindən verilmiş forma 88 arayışına əsasən (№0309003AAPUT; göndərişin tarixi: 22.07.2021-ci il) əsas diaqnoz: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX-yi, gərginlik stenokardiyası İİİİf/sinif; Ağırlaşmaları: İ50.0 Durğunluq ürək çatmazlığı. Xroniki ürək çatmamazhğı İİİ f/sinif; İ25.2 Əvvəllər keçirilən miokard infarktı İnfarktdan sonrakı kardioskleroz; İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya AKŞ əməliyyatından sonrakı vəziyyət; yanakı xəstəliklər: İ10 Essensial [birincili] hipertenziya Hipertoniya xəstəliyi İİ mərhələ

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

22. Məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayış №0309003AAPUT) müəyyən edilir ki: -iddiçı göndəriş verən müəssisədə 26.11.2015-ci il tarixindən qeydiyyatdadır; -26.11.2015, 06.12.2015, 18.01.2016, 19.02.2016, 05.04.2016, 06.04.2016, 24.05.2016, 12.06.2018, 09.07.2019, 03.01.2020, 12.02.2020-ci il tarixlərdə ambulator müalicələr almışdır. - İ20.1 klinik diaqnoz ilə "xxxx" MMC-də 18.01.2016-18.02.2016-cı il tarixlərdə; “M.A.Topçubaşov adına X8” publik hüquqi şəxsdə 07.12.2015-15.12.2015-ci il tarixlərdə, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə 07.01.2021- 16.01.2021-ci il il tarixlərdə stasionar müalicə almışdır -status localis qrafasına əsasən xəstə uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir, vaxtaşırı olaraq ambulator və stasionar müalicələr almasına baxmayaraq, vəziyyətində tez-tez pisləşmələr qeyd edilir. Şikayətləri: fiziki gərginlik zamanı artan təngnəfəslik, sinədə göynəmə, ağrı, ürək nahiyyəsində yandırıcı şəkildə küt ağrılardan, tez yorulmadan, yuxusuzluqdan, baş ağrısı, başgicəllənmə, əmək qabiliyyətinin aşağı düşməsi. Xəstəyə 08.12.2015-ci il tarixində süni qan dövranı şəraitində aorta-koronar şuntlama əməliyyatı İ(SVG-OM; SVG-diaq; SVG-PDA; LİMA-LAD) icra olunmuşdur.

23. Beləliklə, məhkəmə qeyd edir ki, Forma 88 arayış (№4400003AAFM) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1.-ci və 2.4.1-ci maddələrinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə (hətta 2.4.1-ci bəndind əsasən əlilliyin müddətsiz olaraq təyin edilməsinə) tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz (İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX-yi, gərginlik stenokardiyası İİİİf/sinif), ağırlaşmaları (İ50.0 Durğunluq ürək çatmazlığı. Xroniki ürək çatmamazhğı İİİ f/sinif; İ25.2 Əvvəllər keçirilən miokard infarktı İnfarktdan sonrakı kardioskleroz; İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya AKŞ əməliyyatından sonrakı vəziyyət), eləcə də yanakı xəstəliklər (İ10 Essensial [birincili] hipertenziya Hipertoniya xəstəliyi İİ mərhələ) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, ExoKQ, rentgenoqrafiya) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 30.07.2021-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 30.07.2021-ci il tarixdən beş il müddətinə İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar