Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1029/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsinə əsas olan ilkin sənədlərin ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsinə əsas olan ilkin sənədlərin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının mərhum nənəsi X2 23 noyabr 2010-cu il tarixdə 41 saylı Dövlət Notariat Kontorunda 4Ə-821 reyestr nömrəsi üzrə Bakı şəhəri, Şeyx Şamil küçəsi, 24 saylı evin 14A saylı mənzilini övladı X3 hədiyyə etmişdir. Həmin bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən Mənzil İstismar Sahəsindən verilmiş saxta 2№-li formada arayış təqdim edilmiş və həmin arayışda iddiaçının və anası X1 adları yazılmadığından, onların əmlak hüquqları pozulmuşdur. Həmin ünvan üzrə müvafiq MİS tərəfindən verilmiş 8 oktyabr 2010-cu il tarixdə 794 nömrə üzrə verdiyi 2№-li forma arayışında yalnız X2, X5, X7 və X6 adları göstərilmişdir. Eyni zamanda, həmin arayış 1 saylı Hüquq Məsləhətxanasına təqdim olunmaq üçün verilmişdir. İddiaçı bu barədə yalnız 2019-cu ilin aprel ayında məlumat almışdır. Belə ki, X5 mənzili satmaq istəyərkən, həmin mənzildə qeydiyyatda olanlar barədə mərkəzləşmiş internet bazasında iddiaçının və anasının adı aşkar olunduğu üçün müqavilənin bağlanmasında onların imzası tələb olunmuşdur. Bu səbəbdən də, X5 iddiaçıya müraciət etməli olmuşdur. Həmin bağışlama müqaviləsi bağlanarkən X2 sağlam deyildi, ümumiyyətlə onun bağışlama müqaviləsini rəsmiləşdirməsi zamanı notariat kontorunda iştirakı şübhə doğurur. İddiaçı hesab edir ki, DƏDRX-in təqdim etdiyi arayış qanunsuz və əsassızdır. Burada vəzifə saxtakarlığına, sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsinə yol verilmişdir. MİS-in vəzifəli şəxsləri hansısa maraqlardan irəli gələrək, sənəd təqdim edərkən sənəddə qəsdən yanlış məlumat göstərmişlər. Eyni zamanda notarius müvafiq araşdırma aprmadan mənzil bağışlama müqaviləsini həyata keçirmişdir. Notariat kontorlarının server bazası DİN-in müvafiq server bazası ilə ümumiləşdirilmişdir və həmin mənzildə hansı şəxslərin qeydiyyatda olub-olmaması ilə bağlı məlumatın asanlıqla əldə edilməsi mümkündür. Bundan başqa, notarisun vəzifə borcudur ki, əmlakla bağlı hər hansı bir hüquqi hərəkət edərkən, onun barəsində müfəssəl məlumat toplasın. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə, İPM-in 2.2.1, 13-cü maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Şeyx Şamil küçəsi, 24 saylı evin 14a saylı mənzilinə dair 12 dekabr 2010-cu il tarixdə verilmiş MA-0144797 nömrəli reyestrdən çıxarışın verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici mənzilin (özəlləşməsi üçün müvafiq sərəncam və ya qərarın) sənədin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı 24 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək hazırkı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın mümkün sayılmamasını məhkəmədənm xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:. - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati məhkəmə icraatında İddiaçı Bakı şəhəri, Bakı şəhəri, Şeyx Şamil küçəsi, 24 saylı evin 14A saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata əsas olmuş sənədləri – sərəncamı, qərarı mübahisələndirir. Hansı ki, həmin qeydiyyatın bağışlama müqaviləsi ilə aparıldığı iddiaçının özü tərəfindən də bildirilir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair aparılmış qeydiyyatın özünü deyil, qeydiyyat üçün əsas olmuş sənədləri mübahisələndirir, hansı ki, həmin sənədlər DƏDRX və ya onun tabeliyindəki 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilməmişdir. Odur ki, hazırkı tələb cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə yönələ bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya tələbinin dəyişdirilərək, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsinin tövsiyə olunması da məqsədəuyğun deyil. Bu qənaət ondan yaranır ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq mənzilə dair qeydiyyat bağışlama müqaviləsi əsasında aparıldığından, qeydiyyatın mübahisələndirilməsi publik deyil, mülki xarakterli mübahisədir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmənin qənaətinə görə DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır, bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1029/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1029/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver