Məhkəmə qərarları › İş №2-1(112)-1029/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1029/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1029/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 190 saylı 26 avqust 2004-cü il tarixli sərəncamı əsasında Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamentinin X3 və istismarı Birliyi ilə arasında bağlanmış 33077 saylı, 02 sentyabr 2004-cü il tarixli müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonunun Goradil qəsəbəsi ərazisində sahəsi 0,12 hektar olan 254e saylı bağ sahəsinin plan ölçüsünün tərtib edilərək torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 190 saylı, 26 avqust 2004-cü il tarixli sərəncamı əsasında Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı X1 inkişafı və istismarı Birliyi ilə mənim iddiaçı arasında bağlanmış 33077 saylı , 02 sentyabar 2004-cü il tarixli müqavilə ilə ona Bakı şəhəri, Binəqədi rayonunun Goradil qəsəbəsi ərazisində sahəsi 0,12 hektar olan 254e saylı bağ sahəsi ayrılmışdır. Elə həmin tarixdən də Birliyin mütəxəssisləri tərəfindən bağ sahəsi faktiki olaraq yerində ona təqdim edilərək istifadəsinə verilmişdir Qeyd olunan bağ sahəsi onun istifadəsinə veriləndən sonra ona təqdim edilmiş bağ sahəsini hasara almış, fərdi yaşayış evi inşa etmiş və həmin vaxtdan da bu günə kimi 18 ilə yaxındır ki, fasiləsiz istifadə edir. 2021 -ci ilin iyun ayında qanuni əsaslarla iddiaçıya ayrılmış və istifadəsində olan 254e saylı bağ sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. İdarədən müraciətinə 05 iyul 2021-ci il tarixli cavab məktubunda bildirilmişdi ki, elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki bağ sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Həmçinin, təqdim edilən X3 və İstismarı Biirliyi tərəfindən verilmiş müqavilədə mənim adım Ruhulla kimi göstərilmişdir. Bu səbəblərdən də ərizənin təmin edilməsindən imtina edilmişdir. 22 fevral 2022-ci il tarixdə iddiaçı yenidən cavabdehə istifadəsində olan 254e saylı bağ sahəsinin üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Çıxarışın verilməsi barədə ərizə ilə müraciət etdim. Lakin cavabdeh yenidən demək olar ki, eyni məzmunlu 18 03.2022-ci il tarixli cavab məktubu ilə müraciəti təmin etməkdən imtina etdi. Nəzərinizə çatdırılır ki, qeyd olunan bağ sahəsi 2004-cü il tarixdə qanuni əsaslarla iddiaçıya ayrılmış və hal-hazırda da onun istifadəsindədir. Qeyd olunan bağ, sahəsi ona ayrılarkən səlahiyyətli şəxslər tərəfindən hazırda istifadə etdiyi bağ sahəsi 254e nömrə ilə ona təqdim edilmişdir. Odur ki,imtina məktubunda elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə iddiaçıya məxsus faktiki bağ sahəsinin yerləşməsi arasında uyğunsuzluğun mövcud olması ilə bağlı göstərilənlər bir vətəndaş kimi onun təqsiri deyildir və bu hal ərizənin təmin olunmasından imtina üçün əsas olmamalıdır. Həmçinin imtina məktubunda təqdim etdiyi X3 və istismarı Birliyi tərəfindən verilmiş müqavilədə ərizəçinin, yəni iddiaçının adının Ruhulla kimi qeyd edilməsi də imtina üçün əsas ola bilməz. Bu hal sadəcə olaraq texniki xətadır. Çünki şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatların olduğu digər sənədlərdə iddiaçının adının Rufulla olduğu təsdiq olunur. Qeyd olunan səbəblərdən 254e saylı bağ sahəsinin xüsusi mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi əsaslıdır, qanunvericiliyin tələblərinə zidd deyildir. Göründüyü kimi cavabdeh təşkilatın imtinası əsassız və qanunsuzdur. Cavabdehin ona məxsus torpaq sahəsinin xüsusi mülkiyyət hüquqi əsasında iddiaçının adına dövlət reyestrində qeydə almaqdan və reyestrdən çıxarışmn verilməsindən imtina etməsi bir vətəndaş kimi konstitusiya və qanunlarımızda təsbit olunmuş hüquqlarını pozur. Odur ki, iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz hesab olunmalı, qanuni istifadəsində olan torpaq sahəsinin plan-ölçünün tərtib edilərək xüsusi mülkiyyət hüquqi üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi məhkəmə qaydasında cavabdehə həvalə olunmalıdır.

3. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının dövlət qeydiyyatından alınmasından xx.xx.2021-ci il tarixli imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki bağ sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Həmçinin təqdim edilən X3 və istismarı Birliyi tərəfindən verilmiş müqavilədə iddiaçının adı Ruhulla kimi qeyd edilmişdir.

4. İddiaçının təkrar müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina ilə bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır.

5. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki sxematik xəritəyə əsasən “254”lə başlayan bağların ərazisi göstərilən sahədən cənub-qərb hissədə yerləşməlidir. Həmçinin təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş müqavilədə ərizəçinin adı “Ruhulla” kimi qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********70 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən s sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X3 və istismarı Birliyinin Goradil ərazisindəki 254e nömrəli bağın istifadəyə verilməsi haqqında 33077 saylı 02 sentyabr 2004-cü il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 254e nömrəli bağ X4 istifadəsinə verilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4436/2022 saylı 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində sahəsi 0,12 ha olan 254e nömrəli bağ sahəsinin ayrılması barədə 02 sentyabr 2004-cü il tarixli 33077 saylı müqavilənin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.

8. İş materiallarında olan iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlərdə (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, attestat, nikahın bağlanması haqqında şəhadətnamə, hərbi bilet, əmək kitabçası) iddiaçının adı Rufulla kimi qeyd olunmuşdur.

9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqanın 05 dekabr 2022-ci il tarixli məktubu ilə 254e saylı torpaq sahəsinin sxematik xəritənin surəti məhkəməyə təqdim edilmişdir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iddiaçı tərəf iştirak etmir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

25. X7 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

26. X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

28. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

29. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4436/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində sahəsi 0,12 ha olan 254e nömrəli bağ sahəsinin ayrılması barədə 02 sentyabr 33077 saylı müqavilənin İddiaçı məxsus olması faktı müəyyən edilmiş və torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir.

30. Cavabdeh tərəfindən bildirilən dəlillər (sxematik xəritə ilə uyğunsuzluq) iddiaçının hüquqlarının qeydiyyatından və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Belə ki, müqavilənin həqiqiliyi və iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur.

31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində sahəsi 0,12 ha olan 254e nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar