Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1029/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Bakı Şəhəri Suraxanı rayonu Hövsan Qəsəbəsində yerləşən 1675 və 1675A saylı torpaq sahəsi üzrə Kondisioner bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında səhvən “Nəriman” kimi qeyd edilən ata adının “Pirməd” adma düzəliş edilməsi vəzifəsinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizə ilə iddia tələbi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1675 və 1675A saylı torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması” kimi dəqiqləşdirilmişdir. İş materiallarına əlavə edilmiş ərizə ilə iddia tələbində torpaq sahəsinin ölçüsünün 988,86 kv.m nəzərə alınmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə İsmayıllı rayonunda olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında öz ailəsi ilə birlikdə yaşayır. Bakı Şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 1675 və 1675A saylı 0.10 ha torpaq sahəsi ona məxsusdur. İddiaçı olaraq İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərkən xahiş etmişdir ki, xx.xx.1996-cı ildən istifadəsində olan ona məxsus Bakı Şəhəri Suraxanı rayonu Hövsan Qəsəbəsində yerləşən 1675 və 1675A saylı 0.10 ha torpaq sahəsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ona imtina edilərək bildirilmişdir ki, istifadəsində olan torpağın Kondisioner bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ata adı “Pirməd” olduğu halda, səhfən “Nəriman” kimi göstərilmişdir. Yəni ata adı səhv qeyd olunub. Ad, soyad və ata adlarının yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də, sənədləşdirməni tam başa çatdıra bilmir. Buna görə də bu səhvi aradan qaldırmaq üçün məhkəməyə müraciət etməli olmuşdur.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1675 və 1675A” saylı torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "Kondisioner“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ata adı “Nariman” qeyd edilmişdir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024–cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1675 və 1675a 10 ünvanında yerləşən “27z” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********64 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1675 və 1675A saylı torpaq sahəsi üzrə Kondisioner bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında səhvən “Nəriman” kimi qeyd edilən ata adının “Pirməd” adına düzəliş edilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1675 və 1675A” saylı torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli məktubla İdarəyə müraciət etmiş və **********64 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, iddia ərizəsində qeyd edilən məsələnin həlli idarənin səlahiyyətləri xaricindədir. Həmçinin bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Kondisioner“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ata adı “Nariman” qeyd edilmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m qeyd edilsə də, faktiki 988,86 kv.m təşkil etdiyi məlum olmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
7. “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin xx.xx.1996-ci il tarixli 03 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, İddiaçı müraciət edərək onun bağçılığa üzvlüyə qəbul edib və 1675, 1675A nömrəli sahənin onun adına verilməsini xahiş etdi. “Kondisioner” bağçılıq birliyinin müşavirəsi qərara almışdır ki, ümumi sahəsi 1000 kv.m olan 1675 və 1675A nömrəli bağ İddiaçı adına keçirilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sənədlərin təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, "Kondisioner” bağçılıq yoldaşlıq təsərrüfatına aid arxiv qovluğunun, eləcə də üzvlərin siyahısı məhkəməyə təqdim edilmişdir.
9. Azərbaycan respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin ölanı və ölçüsündə qeyd edilmişdir ki, Surxanı rayonu, Hövsan bağ massivi İddiaçı Bakı şəhəri XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı və “Kondisioner” b/y-nın xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə 1000 kv.m 12675-1675a saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. (A № 215946) (Torpaq sahəsinin kadastr göstəriciləri – 988,86 kv.m)
10. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
16. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
21. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
22. X1 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
23. X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
24. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 988,86 kv.m olan 1675 və 1675A saylı torpaq sahəsinə dair çıxarışın verilməsini tələb etmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin xx.xx.1996-ci il tarixli 03 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, İddiaçı müraciət edərək onun bağçılığa üzvlüyə qəbul edib və 1675, 1675A nömrəli sahənin onun adına verilməsini xahiş etdi. “Kondisioner” bağçılıq birliyinin müşavirəsi qərara almışdır ki, ümumi sahəsi 1000 kv.m olan 1675 və 1675A nömrəli bağ İddiaçı adına keçirilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sənədlərin təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, "Kondisioner” bağçılıq yoldaşlıq təsərrüfatına aid arxiv qovluğunun, eləcə də üzvlərin siyahısı məhkəməyə təqdim edilmişdir. (Siyahıda iddiaçının adı “İddiaçı Nariman qızı” kimi qeyd edilmişdir.) - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmişdir ki, Surxanı rayonu, Hövsan bağ massivi İddiaçı Bakı şəhəri XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı və “Kondisioner” b/y-nın xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə 1000 kv.m 12675-1675a saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. (A № 215946) (Torpaq sahəsinin kadastr göstəriciləri – 988,86 kv.m)
26. Odur ki, məhkəmə hesab edir, “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin xx.xx.1996-ci il tarixli 03 nömrəli protokolundan çıxarışı, eləcə də Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin planı və ölçüsü iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutlardır.
27. Cavabdeh imtinanın dəlili olaraq bildirilmişdir ki, “Kondisioner“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının ata adı “Nariman” kimi qeyd edilmişdir.
28. Məhkəmə qeyd edir ki, iddiaçının ata adının bağçılıq təsərrüfatı tərəfindən üzvlərinin siyahısına daxil edilməsi zamanı iddiaçının ata adının texniki olaraq səhv yazılmış, sonradan iddiaçının adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və ölçü sənədi tərtib edilmişdir. Belə olan təqdirdə qeyd edillən hal iddiaçının hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Bu zaman məhkəmənin nəzərə aldığı hallar hazırkı işdə olduğu kimi torpaq sahəsinə dair iddiaçıya məxsus olan sənədlərin mötəbərliyinin hər hansı şübhə doğurmaması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmasıdır.
29. Həmçinin məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş sənədlərdə ata adının “Pirməd” kimi qeyd edilməsi iddiaçının ata adının bağçılıq təsərrüfatı tərəfindən üzvlərinin siyahısına əlavə edilməsi zamanı texniki yanlışlığa yol verildiyini sübut edir və məhkəmə tərəfindən iddiaçının şəxsiyyətinin müəyyənləşdirilməsi zamanı hər hansı şübhə doğurmur. Faktiki olaraq digər sənədlərdə ata adı “Pirməd” kimi yazılmışdır.
30. Odur ki, arxiv qovluğundakı üzvlərin siyahısının iddiaçıya məxsusluğu faktının (mülki mühakimə icraatı qaydasında) müəyyən edilməsi həddən artıq formallıqdır və təqdim edilmiş sənədlər iddiaçının hüquqularının qeydiyyatı üçün yetərlidir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsası kimi bilavasitə siyahı deyil, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış nəzərdə tutulmuşdur.
32. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
33. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 988,86 kv.m olan 1675 və 1675A saylı bağ sahələri üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva