Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10296/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X14, X10, X5, X3, X6, X1, X7, X12, X19, X2, X18, X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı yaşayış sahəsinin mülkiyyətçisidir. Üçüncü şəxslər formal olaraq onun yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin hal isə əmlak üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdeh həmin halları nəzərə almadan müraciətin təminindən imtina etdiyindən iddiaçı hesab edir ki, qeydiyyatdan çıxarılma barədə vəzifə cavabdehə həvalə edilməlidir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışdan görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı həmin yaşayış sahəsini X8 almışdır. Notariat işində olan arayışda qeyd edilmişdir ki, 2015-ci il tarixdə həmin yaşayış sahəsində qeydiyyatda olan şəxs olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, üçüncü şəxslərin qeyd olunan ünvan üzrə dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Ev kitabından çıxarışdan görünür ki, üçüncü şəxslər 20-ci Qurultay küçəsi, ev 22a ünvanında yerləşən yaşayış sahəsində yaşamışdır. İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin arayışında qeyd edilmişdir ki, ev 22 və ev22 A ünvanında hal-hazırda yaşayış yoxdur, ünvanın qapısı bağlanmışdır. Məktubda adıçəkilən Tofiq Aslanov, Böyükağa Aslanov, Məxvirət Aslanova, Bəyimxanım Aslanova, Vasif Əlizadə ev 22 ünvandan qeydiyyatdan çıxaraq Qurtuluş küçəsi döngə 3, ev 22 ünvanına qeydiyyata düşmüşdür. Digər iki vətəndaş Ağasəlim Aslanov, Solmaz Aslanova vəfat etmişdir. Digər 4 nəfər vətəndaş L.Quliyeva Azərbaycan qadını döngə 4 küçəsində, Ə.Quliyev Azərbaycan qadını döngə 4 küçəsində, Raminə Aslanova H.Salayev küçəsində, M.Bağırova Quba rayonunda faktiki yaşayır. İ.Aslanov barəsində heç bir məlumat aşkar edilməmişdir. Digər arayışda qeyd edilmişdir ki, Leyla Quliyeva, Raminə Aslanova, Ə.Quliyev Qurtuluş küçəsi 22A ünvanında qeydiyyatda olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. Məhkəmə yuxarıda adıçəkilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, üçüncü şəxslər mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu ilə də həmin şəxslərin istifadə hüququna malik olması müəyyən edilməmişdir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin məzmunu baxımından da qiymətləndirmə aparıldıqda hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas yaranır. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə qeydiyyat aparılmışdır. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin məktubdarında üçüncü şəxslərin iddia olunan yaşayış sahəsində ünvanda yaşamadığını təsdiq etmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin yaşamış olduqları ünvan Qurultay küçəsi ev 22A olsa da, heç bir araşdırma aparmadan iddiaçının mülkiyyətində olan Qurultay küçəsi ev 22 ünvana həmin şəxslərin qeydiyyatını aparmışdır ki, iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı ilə üçüncü şəxslərin bağlı olduğu yaşayış sahələrinin fərqli olduğu, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin ev 22 ünvanda, digər yaşayış sahəsininin isə ev 22 A ünvanı olması müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, cavabdeh yaşayış yeri üzrə qeydiyyatla bağlı həmin uyğunsuzluğu aradan qaldırmaq əvəzinə iddiaçının mülkiyyətində olan ev 22 ünvanda olan yaşayış sahəsinə həmin sahəyə hüququ olmayan bir-biri ilə qohum olan şəxslərin qeydiyyatda olmasına səbəb olmuşdur. Halbuki məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, qeyd olunan şəxslər ev 22A ünvanda yaşamış şəxslərdir. Eyni zamanda, təqdim edilən sənədlərdən görünür ki, üçüncü şəxslərdən bəzilərinin qeydiyyata alınması döngə 3 ev 22 ünvanı ilə, ev 22 ünvanın qarışdırılması ilə bağlı olmuş, cavabdeh mövcud ünvanlar üzrə heç bir fərqləndirmə aparmadan üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin ünvanı üzrə qeydiyyatını həyata keçirmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən yaşayış sahəsinin köhnə mülkiyyətçisi də alqı-satqı müqaviləsinin tələbinə əsasən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmalıdır ki, cavabdeh həmin halı nəzərə almamış, müraciətin təminindən imtina etmişdir. Halbuki, alqı-satqı müqaviləsi köhnə mülkiyyətçi və onun ailə üzvlərinin yaşayış sahəsinə istifadə hüququnun avtomatik itirilməsi əsası qismində çıxış edir ki, cavabdeh həmin halı nəzərə almadan qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir. Beləliklə, mülkiyyətçi qanuni və əsaslı olaraq üçüncü şəxsləri mülkiyyətində olan yaşayış sahəsindən həmin yaşayış sahəsinə istər əşya hüququ, istərsə də ailə münasibətlərindən yaranan hüquq kimi istifadə hüququna malik olmamış, qeydiyyatı formal xarakter daşımış şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxslərdən Qurultay küçəsi, ev 22A və ya Qurultay küçəsi döngə 3, ev 22 ünvanda yaşayan şəxslər yaşadığı həmin ünvan üzrə qeydiyyata alınmasına dair tələblə cavabdehə müraciət etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatda olan X14, X10, X5, X3, X6, X1, X7, X12, X19, X2, X18, X9 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10296/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10296/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver