Məhkəmə qərarları › İş №2-1(112)-103/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-103/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-103/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1, üçüncü şəxs X5 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06.05.2015-ci il tarixli **********897380 №-li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, iddia ərizəsi 29.07.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı eyni tarixdə müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06.05.2015-ci il tarixli **********897380 №li qərardan iddia verilmə müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mübahisələndirilən qərar onlara təqdim olunmamışdır. Vergi orqanı tərəfindən qərarın elektron qaydada göndərilməsi bildirilsə də, hər hansı bir sənədin elektron göndərilməsi üçün ilk növbədə sənədin elektron olmalı olduğu, sənədin elektron olması üçün isə sənədin elektron imza ilə təsdiq edilməsinin tələb olunduğu nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən göndərilən sənədlər elektron sənəd hesab edilə bilmir. Çünki heç bir sənəd elektron imza ilə təsdiq edilmir. Elektron qutuya gəldikdə isə vergi orqanı istənilən formada elektron qutuya müdaxilə edə bilir. Çünki bütün informasiya və sistemə giriş bir başa vergi orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə vergi orqanı istəsə hər hansı bir sənədi 3 və ya 4 ay, il sonra elektron qutuya göndərə bilər və elə şəkildə göstərə bilər ki, onu 3 və ya 4 ay, il əvvəl göndərib və həmin vaxtda oxunub. Hər hansı bir sənədin oxunması onun təqdim edilməsi demək deyildir. 07 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra mətndə DVX) inzibati şikayətin baxılmamış saxlanılması haqqında 23.11.2018-ci il tarixli **********186600 №li qərarının da ləğv olunmasını və vergi orqanına şikayətə mahiyyəti üzrə baxılmasının təmin edilməsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, qanunvericiliyin həmin dövrdə qüvvədə olan müddəalarına əsasən, yəni Vergi Məcəlləsinin 70.1-ci maddəsinə uyğun olaraq vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Qanunvericiliyin həmin dövrdə qüvvədə olan müddəalarına əsasən məsuliyyət qərarı Cəmiyyətə təqdim olunmalı idi. Lakin mübahisələndirilən qərardan da göründüyü kimi vergi orqanı yalnız həmin qərarın sifarişli poçt vasitəsi ilə və elektron qutuya göndərildiyini bildirmişdir. Lakin onun vergi ödəyicisinə təqdim edilməsini heç bir yerdə göstərməmişdir. Halbuki, vergi orqanının bildirdiyi sifarişli poçtla göndərilən zərfin içərisində həqiqətən də akt və qərarın olması və ya onun ağ vərəq göndərilmədiyini təsdiq edən hər hansı sənəd yoxdur. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Bakı şəhər LGBİ-yə və DVX-yə qarşı qərarların ləğv edilməsi barədə iddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair İddiaçı MMC tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Bakı şəhər LGBİ-yə və DVX-yə qarşı qərarların ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin İddiaçı MMC-nin cavabdehlər Bakı şəhər LGBİ-yə və DVX-yə qarşı qərarların ləğv edilməsi barədə iddiasının mümkün sayılmamasına dair 07 fevral 2020-ci il tarixli qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.06.2020-ci il tarixli 2-1(103)- 1036/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi 2-1(112)-187/2020 saylı, 07.02.2020-ci il tarixli qərardadının (iddianın mümkün sayılmamasına dair) ləğv edilməsi, işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.06.2020-ci il tarixli 2- 1(103)-1036/2020 saylı qərardadında göstərilmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən 06.05.2015-ci il tarixli **********897380 №li qərarın sifarişli poçt vasitəsilə göndərilməsi və iddiaçının nümayəndəsi tərəfindən 07.05.2015-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilməsinə istinad edilsə də, qəbzə imza edən şəxsin şəxsiyyəti, İddiaçı MMC-nin nümayəndəsi və səlahiyyətli şəxsi olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sifarişli poçt qəbzinə əsasən Bakı Vergilər Departamenti tərəfindən İddiaçı MMC-yə göndərilən “Məsuliyyət qərarı və tələbnamə”nin imza edilərək, qəbul edildiyi görünsə də, kim tərəfindən qəbul edilməsi, qəbul edən şəxsin adı və soyadının müəyən edilməsi mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.06.2020-ci il tarixli 2- 1(103)-1036/2020 saylı qərardadından narazı qalan cavabdeh Bakı şəhər LGBİ-nin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2020-ci il tarixli 2-1(102)-1795/2020 saylı qərardadı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2020-ci il tarixli 2-1(103)-1036/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən 10.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 10 saylı Cəzaçəkmə Müəssisəsinin 10 iyun 2021-ci il tarixli 1853 saylı məktubu ilə məhkəməyə daxil olmuş vəsatətlə həmin cəzaçəkmə müəssisəsində cəza çəkən X7 məhkəmədən onun üçüncü şəxs qismində hazırki işə cəlb olunmasını xahiş etmişdir. X7 vəsatətini onunla əsaslandırmışdır ki, məhkum olunub cəza çəkdiyi cinayət işi üzrə cinayət təqibini həyata keçirən orqan tərəfindən "xxxx" MMC-nin fəaliyyətinə faktik rəhbər olan şəxs kimi o, məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qərarı ilə də "xxxx" MMCnin hüquq və vəzifələri, öhdəlikləri ilə əlaqədar məsuliyyət onun üzərinə qoyulmuşdur. Belə ki, qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-304/18 saylı 25 iyun 2018-ci il tarixli qərarında göstərilib ki, "xxxx" MMC-nin faktik fəaliyyətinə rəhbərliyi o, həyata keçirmişdir. "xxxx" MMC-nin hüquq və vəzifələri, öhdəlikləri ilə əlaqədar məsuliyyət onun üzərinə qoyulduğu üçün qaldırılan iddia ilə bağlı məsələlər də onun qanuni maraqlarına toxunur. Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş 14.07.2021-ci il tarixli **********911700 №li vəsatətdə İddiaçı MMC-nin Bakı şəhəri LGBİ-yə qarşı cavabdehin 06.05.2015-ci il tarixli **********897380 №li qərarının ləğv edilməsi tələbinə dair iddiasının İPM-də nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi səbəbindən mümkünsüz sayılması xahiş olunmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.10.2016-cı il tarixli 1(101)-78/2016 saylı hökmündən məlum olur ki, "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərlik X7 tərəfindən edilmişdir. Həmçinin hökmdə hazırda mübahisələndirilən Vergi ödəyicisinin veri məsuliyyətinə cəlb edilməsi barədə qərarın çatdırılması ilə bağlı poçt qəbzində adı qeyd olunmuş X3 Cavidan Hacıyevin qardaşı olması müəssisələrin işləri ilə faktiki məşğul olduğu aydın olmuşdur. Qəbzin üzərində olan Mənsurə adı ilə əlaqədar bildirilir ki adı çəkilən hökmdə həmin şəxsin Hacıyev Cavidanın faktiki rəhbərlik etdiyi şirkətlərin mühasibat uçotunu apardığı qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadı ilə hazırki inzibati iş üzrə X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, vergi orqanının İddiaçı MMC barəsində qəbul etdiyi mübahisələndirilən hər iki qərarın, yəni 06.05.2015-ci il tarixli **********897380 №li və 23.11.2018-ci il tarixli **********186600 №li qərarların ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, iddiaçı tərəfindən mübahisə predmeti olan qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən olunmuş müddətlər üzürsüz səbəbdən ötürülmüşdür. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla iddiaçının iddiasının qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməklə məhkəməyə verilməsi səbəbindən mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X6 hazırki iş üzrə iddiaçının iddiasının subyektiv hüquqa malik omayan şəxs tərəfindən verilməsi səbəbindən mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Vergilər Departamenti (bundan sonra mətndə Departament) tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********897380 № li 06.05.2015-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Mail Express” sürətli poçt daşınma xidmətinin qəbzinin surətindən görünür ki, Departament tərəfindən mübahisələndirilən 06.05.2015-ci il tarixli qərar və həmin qərar üzrə verilmiş tələbnamə sifarişli poçtla iddiaçıya 06.05.2015-ci il tarixdə göndərilmiş və 07.05.2015-ci il tarixdə həmin ünvana təqdim olunmuşdur. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”-dan görünür ki, mübahisələndirilən 06.05.2015-ci il tarixli qərar elektron şəkildə 08.05.2015-ci il tarixdə iddiaçıya göndərilmiş və həmin qərar iddiaçı tərəfindən 11.05.2015-ci il tarixdə oxunmuşdur. İddiaçı MMC tərəfindən qeyd olunan qərardan 15.11.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə inzibati şikayət verilmiş, Vergilər Nazirliyinin 23.11.2018-ci il tarixli **********186600 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti qanunla müəyyən edilmiş şikayət vermə müddətinin ötürülməsi əsası ilə baxılmamış saxlanılmışdır. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”-dan görünür ki, 23.11.2018-ci il tarixli qərar vergi orqanı tərəfindən iddiaçıya 26.11.2018-ci il tarixdə **********869000 nömrəli məktubla göndərilmiş və vergi ödəyicisi tərəfindən 04.12.2018-ci il tarixdə oxunmuşdur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı sözügedən qərarları almadığını iddia etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qəbzin surətindən və vergi ödəyicilər ilə yazışmalar barədə hesabatdan görünür ki, ilkin qərar 06.05.2015-ci il tarixdə sifarişli poçt vasitəsilə göndərilmiş, 07.05.2015-ci il tarixdə həmin ünvana təqdim olunmuş, 08.05.2015-ci il tarixdə isə elektron qaydada iddiaçıya göndərilmiş, və 11.05.2015-ci il tarixdə sonuncu tərəfindən oxunmuşdur. Bundan əlavə iş materiallarından da göründüyü kimi iddiaçı qeyd olunan qərardan 2018-ci ildə yuxarı vergi orqanına inzibati şikayətlə müraciət etmişdir. Vergi orqanının inzibati şikayət üzrə qəbul etdiyi 23.11.2018-ci il tarixli qərarı 26.11.2018-ci il tarixdə elektron qaydada iddiaçıya göndərilmiş və sonuncu tərəfindən 04.12.2018-ci il tarixdə oxunmuşdur. İddiaçının nümayəndəsi 07.02.2020-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında vergi orqanı tərəfindən Cəmiyyətə ilkin qərarın 06.05.2015-ci il tarixdə sifarişli poçt vasitəsilə göndərilməsini deyil, göndərilən zərfdə mübahisələndirilən qərarın olub-olmamasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “Mail Express” sürətli poçt daşınma xidmətinin qəbzində Vergi orqanı tərəfindən iddiaçı Cəmiyyətə göndərilən sənədlər “qərar və tələbnamə” kimi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən yenidən işə birinci instansiya qaydasında baxılarkən, tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.10.2016-cı il tarixli 1(101)- 78/2016 saylı hökmündən müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərlik X7 tərəfindən edilmişdir. Həmçinin hökmdə hazırda mübahisələndirilən Vergi ödəyicisinin veri məsuliyyətinə cəlb edilməsi barədə qərarın çatdırılması ilə bağlı poçt qəbzində adı qeyd olunmuş X3 Cavidan Hacıyevin qardaşı olması müəssisələrin, işləri ilə faktiki məşğul olduğu, qəbzin üzərində olan Mənsurə adlı şəxsin isə Hacıyev Cavidanın faktiki rəhbərlik etdiyi şirkətlərin mühasibat uçotunu apardığı müəyyən olunmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 06.05.2015-ci il tarixli **********897380 №li qərardan iddia verilmə müddətinin bərpa edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olunmasına dair İddiaçı MMC tərəfindən verilmiş ərizə təmin olunmamış və həmin qəraqdad iddiaçı tərəfindən mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarların ona təqdim olunduğu müddətdən 4 ildən və 1 il 2 aydan çox vaxt keçdikdən sonra, yəni 29.07.2019-cu il və 07.02.2020-ci il tarixlərdə məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüş, bununla da iddiaçı həmin qərarları mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar