Məhkəmə qərarları › İş №2-1(112)-103/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-103/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-103/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999cu il, 096 nömrəli sərəncamı üzrə X7 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən müəssisənin balansında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1579 saylı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il, 096 nömrəli sərəncamı üzrə X7 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1579 saylı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha hesabı ilə 1579 kodlu torpaq sahəsi ayrılmışdır. Artıq uzun müddətdir ki, sözügedən torpaq sahəsi onun istifadəsindədir. O, burada abadlıq işləri görmüş, öz şəxsi vəsaiti hesabına torpaq sahəsinin qayğısına qalmışdır. Beləliklə, torpaq sahəsinin hal-hazırda onun istifadəsində olması da, danılmaz faktdır. Düşünür ki, bu fakt ona, sözügedən torapq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün müvafiq quruma müraciət etmək hüququ verir. Yaranmış zərurətlə əlaqədar olaraq, o, cavabdehə müraciət etmişdir. Torpaq sahəsinin onun adına olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədlərin təqdim edilməsini xahiş etmişdir. Müvafiq qurum müraciətinə baxaraq arxivdə tapılan müvafiq sənədlərin qoşma olaraq əlavə olunduğunu və cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 690 saylı, xx.xx.2017-ci il tarixli arayışı təqdim etmişdir. Arayışda torpaq sahəsinin onun üzərinə olduğu və bu daşınmaz əmlakın üzərində istifadə hüquqlarının olduğunu rəsmi şəkildə təsdiq etmişdir. Cavabdeh orqana xx.xx.2018-ci il tarixli, ********** nömrəli ərizə ilə müraciət etsə də, müvafiq qurum **********45 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ilə ərizəsinin icrasından imtina etmişdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, müvafiq torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 balansına ayrılmış ərazidən kənarda yerləşir və sözügedən torpaq sahəsi yaxınlıqdan keçən su kanalının mühafizə zolağında yerləşir. Məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərabycan Respublikasının Prezidentinə müraciət edərək müvafiq tədbirlərin görülməsin xahiş etmişdir. Lakin, ona İşlər İdarəsi X7 tərəfindən xx.xx.2022-ci il tarixli, 043 nömrəli məktubunda cavabdeh orqanın imtinası ilə bağlı aidiyyəti quruma, yəni, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Onun etibarnamə üzrə nümayəndəsi X8 cavabdehə imtina səbəbinin araşdırılması və texniki baxış keçirilməsi barədə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə təkrarən müraciət etmişdir. Lakin, müvafiq qurum müraciətə torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 balansına ayrılmış ərazidən 10.0 metr kənarda, su kanalından 7.0 metr aralı məsafədə yerləşməsi, torpaq sahəsinin bir hissəsinin su mühafizə zonasına düşməsi səbəbindən imtina etmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 balansına ayrılmış ərazidən 10 metr kənarda yerləşmməsi, bu torpaq sahəsinin müvafiq qurum tərəfindən 096 saylı sərəncamla ayrılması və bunun da, rəsmi şəkildə həmin orqan tərəfindən təsdiq edilməi fatını dəyişdirmir. Həmçinin, ona verilmiş torpaq sahəsinin müvafiq qurumun balansına ayrılmış ərazidən kənarda yerləşməsi onun iradəsindən asılı olmayan haldır. Bu hala nəzarəti müvafiq qurum vaxtı ilə yerinə yetirməli və dəqiqliklə ölçülərək müəssisəin balansına ayrılmış əraziyə tamamilə aid olan bir sahə ona ayrılmalı idi. Bu yanlışlıq onun iradəsindən asılı olmayan bir hal olduğundan, o, məsuliyyət daşımır və mövcud ziddiyyətli məsələnin mənfi nəticəsi onun hazırki maraqlarına toxunamamalıdır. Bundan əlavə cavabdeh orqan bildirmişdir ki, torpaq sahəsinin bir hissəsi su kanalının mühafizə zonasına düşür. Torpağa keçirilən baxışa əsasən bu faktın da, doğruluq payı olsa da, mühim bir məsələni diqqətə çatdırmaq istəyir ki, şəxsi torpaq sahəsi su kanalının mühafizə sonasına düşən bəzi qonşularının müraciəti təmin olunmuş və torpaq sahələri onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək onlara müvafiq çıxarış verilmişdir. Hesab edir ki, bu onun bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1579 saylı, sahəsi 470 kv.m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2018 və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, torpaq sahəsi Prezidentin İşlər İdarəsinin X4 balansına ayrılmış ərazidən 10 metr kənarda yerləşir. Həmçinin, sözügedən torpaq sahəsinin yaxınlığında (7 metr aralı məsafədə) su kanalı mövcud olduğuna görə torpaq sahəsinin 60 kv.m hissəsi su kanalının mühafizə zolağında yerləşir. Həmçinin, sənəd üzrə torpaq sahəsinin ölçüsü 500 kv.m qeyd edilsə də, faktiki ölçüsü 470 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.20218-ci il tarixli, **********45 nömrəli cavab məktubu ünvanlanmışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

9. Abşeron rayon İcra Hakimiyyəti üzrə 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamdan çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999cu il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda yerləşən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmış, vətəndaş İddiaçı 0.05 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmışdır. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.05 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

10. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrindən çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçünn nəzərdə tutulmuş ərazidən İddiaçı 0.05 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.

11. X2 ayrılmış torpaq sahəsinin plan-cizgisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən təsdiq edilmişdir.

12. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 tərəfindən verilmiş 07 iyun 2017-ci il tarixli, 690 nömrəli arayışa əsasən İddiaçı həqiqətən X7 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.05 ha hesabı ilə 1579 kodlu torpaq sahəsi ayrılmışdır. 1579 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 30 sentyabr 2022-ci iltarixli, BA-06313-2022 nömrəli məktubla bildirilmişdir ki, Abşeron rayon İH-nin arxiv sənədləri, o cümlədən xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bununla əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinə müraciət etməsi tövsiyə edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1579 saylı torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən T/706 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-36486/2023 **********86 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənar Təsərrüfatı Müəssisəsinin ayrıc aktının elektron nüsxəsindən çıxarış və iddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları məhkəməyə təqdim edilmişdir. Dönqə nöqtəsinin koordinatlarında torpaq sahəsinin ölçüsü 470 kv.m göstərilmişdir.

17. Məhkəmənin iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə 2-1(112)-2548/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 15 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/568 nömrəli məktubla təqdim edilmiş ekspert rəyinə əsasən, göstəriln torpaq sahəsi faktiki olaraq hasar daxili 470 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 ayrıcından 10 metr aralı, su kanalından 7 metr kənarda (bir hissəsi su kanalının mühafizə zonasına düşür) yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır. Yuxarıda qeyd olunan mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyasına dair hər hansı bir məlumat olmadığından qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır.

18. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respubliası Prezidentinin İşlər İdarəsi X3 tərəfindən 07 oktyabr 2024-cü il tarixli, 1-2-28/2-604/2024 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçili-Südçülük Sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı Protokolunun, arxiv kitabında vətəndaşın adı qeyd olunmuş səhifənin (94-cü səhifədə 19-cu sətir) təsdiqlənmiş surəti məhkəməyə təqdim eidlmişdir.

19. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-43243/2024 **********43 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Bundan əlavə torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı məhkəməyə göndərilmişdir.

20. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 3 aprel 2025-ci il tarixli, 3- 21-3-30/2-12623/2025 nömrəli məktubla bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 470 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaayış evi mövcuddur. Faktiki olaraq göstərilən 470,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 ayrıcından 10 metr aralı, su kanalından 7 metr kənarda (bir hissəsi su kanalının mühafizə zonasına düşür) yerlşir. Sahə dövlət mülkiyyəti torpağıdır. Göstərilən torpaq shəsinin qonşuluğunda qeydiyyatdan keçmiş **********64, **********96 və **********20 reyestr nömrəli sahələr mövcuddur.

21. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 11 aprel 2025-ci il tarixli, 3- 21-3-30/2-13956/2025 nömrəli məktubla iddia olunan torpaq sahəsinə dair ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş ortofotoya əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmışdır.

22. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 25 iyun 2025-ci il tarixli, 3- 21-3-30/2-26706/2025 nömrəli məktubla iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici səndələrin təsdiq edilmiş surətləri və izahlı ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

23. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

24. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

26. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

27. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

29. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların atlında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasındda hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”, 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”, 6-cı bəndinə əsasən “Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir”, 8-ci bəndinə əsasən “Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir”.

33. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşlarlın mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

34. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır.

35. İşin hallarından göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 nömrəli 15 aprel 1999-cu il tarixli sərəncamına və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 28 nömrəli 21 may 2003-cü il tarixli əmrinə əsasən iddiaçının adına 0.05 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş, bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir.

36. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq sərəncam və əmr mübahisələndirilməmişdir.

37. Cavabdeh tərəfindən iddiaçının müraicətinin təmin edilməsindən vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrıc aktından kənarda, eləcə də, su kanalının mühafizə zonasında yerləşməsinə və torpaq sahəsinin faktiki ölçüsünün 470 kv.m təşkil etməsinə istinad edilmişdir ki, məhkəmə cavabdehin bu dəlillərinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin ayrıc aktından kənardə olması faktı vətəndaşın deyil, torpaqayıran orqanın məsuliyyəti dairəsindədir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya yuxarıda qeyd edilən sərəncam və əmrlə göstərilən ölçüdə torpaq sahəsinin ayrılması məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 tərəfindən verilmiş cavab məktubları ilə də, bir daha təsdiqlənmişdir. Əlavə olaraq, iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən torpaq sahəsinin ayrıc aktından kənarda və su kanalının mühafizə zonasında yerləşməsinə istinad edilsə də, eyni faktiki və hüquqi əsaslara söykənən işlər üzrə cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahələrinin qonşuluğunda yerləşən digər fiziki şəxslərə məxsus torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Bu hal isə, cavabdehin dəlilini tamamilə əsassız edir.

38. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin (Bərabərlik prinsipi) tələblərinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

39. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən eyni mühim faktiki hallara söykənən işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağan olunmasına baxmayaraq, cavabdeh tərəfindən faktiki olaraq iddiaçıya münasibətdə bərabərlik prinsipi pozulmuşdur.

40. Bundan əlavə, cavabdehin iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki ölçüsünün 500 kv.m deyil, 470 kv.m təşkil etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin bu dəlili ilə iddiaçı razılaşaraq iddia tələbini dəqiqləşdirərək torpaq sahəsinə dair hüquqların 470 kv.m ölçüdə qeydə alınmasına etiraz etməməsini bildirmiş, bununla bağlı dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

42. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının adına sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

45. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/568 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 (əlli) manatdır və iddiaçıdan 50 (əlli) manat manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

46. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, sahəsi 470 kv.m olan 1579 saylı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar