Məhkəmə qərarları › İş №2-1(112)-1030/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1030/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1030/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun dövlət qulluqçusu kimi aylıq əmək pensiyasının azaldılması barədə qəbul edilmiş inzibati aktın ləğv edilməsi, aylıq təqaüdünün dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada yenidən hesablanması və təyin edilməsi, qanunsuz olaraq ondan tutulmuş 416 manat pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekun olaraq cavabdeh orqan tərəfindən qəbul olunmuş pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, pensiyasından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirərək alim-aqronom ixtisası almışdır. Rəsmi əmək fəaliyyətinə xx.xx.1973-cü ildə başlamış, xx.xx.1973-cü ildən Mingəçevir rayonlararası Təbiəti Mühafizə üzrə X1 müfəttişi vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildən həmin müfəttişliyin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin müfəttişliyin adı dəyişdirildiyinə görə xx.xx.1989-cu ildən Mingəçevir rayonlararası Təbiəti Mühafizə Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə öz xahişi ilə bu vəzifədən azad edilmişdir. Ümumi iş stajı 43 ildir. O, xx.xx.2013-cü ildə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmışdır. 2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar ayında 982 manat təqaüd almışdır. 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF publik hüquqi şəxsin Mingəçevir şəhər filialında yoxlama keçirərkən iddiaçının təqaüdə çıxdığı dövrdə komitə sədri işlədiyi son illəri, yəni 1992-1994-cü illərin əmək haqqı və mükafatın təqaüd sənədləri arasında olmadığını əsas gətirərək onun aylıq təqaüdünü 982 manatdan 774 manatadək azaldılması barədə qərar vermişdir. Yoxlama komissiyasının qənaətinə görə artıq hesablanmış 208 manatın iddiaçının aylıq pensiyasından tutulması qərara alınmış və 2 ayda ondan 416 manat pul tutulmuşdur. İddiaçı 2013-cü ilin iyun ayında dövlət qulluqçusu kimi təqaüdə çıxarkən tələb olunan sənədlərin hamısını təqdim etmişdir. Bu sənədlər şöbənin xüsusi mühafizə olunan sənədləri arasında saxlanılır. Həmin sənədlər 2-3 ildən bir Hesablama Palatası tərəfindən yoxlanılır, indiyə qədər bu nöqsanların aşkara çıxarılmaması üçün məsuliyyəti də həmin qurum daşımalıdır. İddiaçı 1994-cü ildən, yəni işdən azad olunduğu dövrdən 26 il keçmişdir. Bu ərəfədə isə Mingəçevir rayonlararası Təbiəti Mühafizə İdarəsində 10 dəfə müdir dəyişikliyi olmuşdur, təqaüdə çıxdığı 2013-cü ildən sonra təqaüdündə 5 dəfə artım olmuşdur. İddiaçının aylıq təqaüdü bu gün təbiəti mühafizə idarəsində işləyən müdirin əmək haqqı səviyyəsində olmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli iddiaya yazılı etirazında göstərmişdir ki, Azərbaycan Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş ’’Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Qaydaların 12-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. İddiaçı işlədiyi vəzifədə həmin illərə (1992-1994) dair əmək haqqı barədə arayışı təqdim edə bilmədiyi üçün vəzifəsinin uyğunlaşdırılaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hesablanmasında qeyd olunan əlavələr nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamını mübahisələndirir, hansı ki, bu iddia mübahisələndirmə haqqında iddiadır. Sərəncam xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh sərəncamın iddiaçıya hansı tarixdə təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə prosessual müddəti ötürülməmiş hesab edir. Mübahisəli sərəncam Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi tərəfindən qəbul edilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Filial “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin (bundan sonra sığortaolunanlar) dövlət sosial sığorta sistemində fərdi uçotunu (bundan sonra fərdi uçot) və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur. Göründüyü kimi, Fondun xx.xx.2020-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilən şəxslərin əmək pensiyalarına münasibətdə Filial səlahiyyətli qurum hesab edildiyindən hazırkı iş üzrə iddiaya cavab verməli olan qurum da Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial hesab edilir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki: - xx.xx.1950-ci il təvəllüdlü İddiaçı 23 yanvar 1989-cu ildə Azərbaycan Respublikası Dövlət Ekologiya və X2 Komitəsinin Mingəçevir Rayonlararası Komitəsinin sədr əvəzi vəzifəsinə, 16 noyabr 1989-cu ildə Mingəçevir Rayonlararası Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, 31 yanvar 1994-cü ildə ƏM-nin 37-ci maddəsinə uyğun olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçının dövlət qulluğundan 20 il 2 ay iş stajı olmuşdur. - İddiaçı xx.xx.2013-cü il ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət edərək dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Şöbənin xx.xx.2013-cü il tarixli 443 nömrəli qərarı ilə xx.xx.2013-cü il tarixdən iddiaçıya müddətsiz yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 361,92 manat müəyyən edilmişdir. - Şöbənin xx.xx.2017-ci il tarixli sərəncamı ilə pensiyanın məbləği xx.xx.2013-cü ildən 644,8 manat, xx.xx.2018-ci il tarixli sərəncamı ilə xx.xx.2018-ci ildən 694,79 manat, xx.xx.2019-cu il tarixli sərəncamı ilə xx.xx.2019-cu il tarixdən 855,99 manat və xx.xx.2019cu il tarixli sərəncam ilə xx.xx.2019-cu ildən 981,92 manat məyyən edilmişdir. - Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaçıya artıq ödənilmiş 8105,52 manat pensiyadan 50 manat hesabı ilə xx.xx.2020-ci ildən tutulmaqla pensiya məbləğinin 773,88 manat (823,88 – 50 = 773,88) müəyyən edilməsi qərara alınmışdır. - İddiaçı xx.xx.2020-ci ildə ərizə ilə Şöbəyə müraciət edərək onun işlədiyi vəzifədə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maşının 15%-i məbləğində əlavə haqların əlavə edilməməsi və il ərzində 4 dəfə mükafatlarının nəzərə alınmamasının səbəbi barədə məlumat verilməsini xahiş etmiş, Şöbə xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Azərbaycan Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Qaydaların 12-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. İddiaçının işlədiyi vəzifədə həmin illərə (1992-1994) dair əmək haqqı barədə arayışı təqdim edə bilmədiyi üçün vəzifənin uyğunlaşdırılaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hesablanmasında yuxarıda qeyd olunan əlavələr nəzərə alınmamışdır. - Şöbə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli ********* saylı məktubdan görünür ki, xx.xx.2013-ci il tarixdən DSMF-nin Mingəçevir şəhər şöbəsinin pensiya təyin edən komissiyasının 18.06,2013-ci il tarixli 443 nömrəli qərarı ilə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005 ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Qaydaların 12-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafallar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nazərə alınır. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən əmək haqqı arayışında mükafat göstərilməmişdir. Lakin pensiya hesablanarkən mükafat nəzərə alınmış, nəticədə iddiaçıya 8105.52 manat artıq vəsait ödənilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası, əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Artıq ödənilmiş vəsaitin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mingəçevir şəhər filialının hesabına bərpa edilməsi iddiaçıdan xahiş olunmuşdur. - Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı pensiya işinə dair sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, onun Mingəçevir şəhər filialına təqdim etdiyi əmək haqqı barədə arayışda vaxtilə qulluq keçdiyi vəzifə üzrə mükafatların ödənilməsinə dair hər hansı məlumat qeyd edilməsə də, ona sabiq dövlət qulluqçusu kimi orta aylıq əmək haqqı hesablanarkən mükafat nəzərə alındığından əmək pensiyası düzgün hesablanmamışdır. Bununla əlaqədar olaraq Mingəçevir şəhər filialı tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 823,88 manatdan 773,88 manata azaldılmış və ona ümumilikdə 8105,52 manat artıq pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan tarixdən etibarən artıq ödənilmiş (8105,52 manat) məbləğ hər ay 50,00 manat olmaqla hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasından çıxmaqla tutulur. İddiaçı hazırda ondan tutma aparılması barədə xx.xx.2020-ci il tarixli sərəncamı mübahisələndirməklə onun ləğv edilməsini və tutulmuş məbləğin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən 981,92 manat pensiya ödənilməsi qərara alınmışdır. Sonradan cavabdeh iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə mükafatların ödənilməsinə dair hər hansı məlumat təqdim edilməməsinə istinad edərək onun əmək pensiyasını yenidən hesablayaraq 823,88 manata azaltmışdır (cavabdehin bu zaman hər hansı bir qərar qəbul etməsi işdən müəyyən olunmur). xx.xx.2020-ci il tarixdə isə həmin əsasla iddiaçıya 8105,52 manat artıq ödəniş edilməsini əsas gətirərək onun pensiyasından hər ay 50 manat tutulması, bununla da iddiaçının əmək pensiyasının miqdarının 773,88 manat müəyyən edilməsi qərarına gəlmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamının adı əmək pensiyasının miqdarının dəyişdirilməsi olsa da, mahiyyət etibarilə artıq ödənilmiş məbləğin iddiaçıdan tutulmasına yönəlmiş və həmin məsələ ilə bağlı qəbul edilmişdir. Halbuki işdən iddiaçının artıq ödənilmiş pensiya məbləğinin ondan tutulması barədə razılığının olması müəyyən olunmur. Belə olan halda aydın olur ki, məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı cavabdehin qəbul etdiyi xx.xx.2020-ci il tarixli sərəncam qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2020-ci il tarixli sərəncamı qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunan sonra –İPM) 70.1ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamı iddiaçı barəsindən əlverişsiz nəticə yaradan, onu maddi iktikilərə məruz qoyan qanunsuz inzibati akt olduğundan ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsi qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması ilə onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qalxdığını təsbit etdiyindən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli sərəncamın yaratdığı nəticələr də aradan qaldırılmalı və iddiaçıya ödənilən əmək pensiyasından tutulan məbləğ ona geri qaytarılmalıdır. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2020-ci il tarixli sərəncam ləğv edilsin və həmin sərəncama əsasən İddiaçı ödənilən əmək pensiyasından tutulan məbləğin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar