Məhkəmə qərarları › İş №2-1(112)-10305/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10305/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10305/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh “Məhkəmə Tibbi Ekspertiza Anatomiya Birliyi” publik hüquqi şəxsinə qarşı zərərin ödənilməsi və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Məhkəmə Tibbi Ekspertiza Anatomiya Birliyi” publik hüquqi şəxsinə qarşı zərərin ödənilməsi və s barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Eyni zamanda qeyd edilməlidir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmir. Tərəflərdən biri olan cavabdehin inzibati orqan olması istisna edilməsə də iddianın mümkünlüyü baxımından vəziyyəti dəyişmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi şəxs inzibati orqan hesab edilə bilsə də, hazırkı iş üzrə cavabdeh olan inzibati orqanın ümumilikdə iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətinə malik olması, publik sferada olan münasibətlərin tərəfi olması və həmin sferada digər şəxslərlə yaranmış mübahisələrin inzibati icraat və ya inzibati məhkəmə icraatı qaydasında qiymətləndirilməsinin mümkün olması istisna edilir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi inzibati məhkəmələr tərəfindən o mübahisələrə baxılır ki, həmin mübahisə inzibati hüquq münasibətlərindən yaranmış inzibati orqanla şəxs arasında yaranmış mübahisə olmuş olsun. İnzibati hüquq münasibətləri dedikdə isə “İnzibati icraat haqqında” Qanunun 1.1-ci və 1.2-ci maddəsinin məzmunundan aydın olur ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyət və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətindən (hərəkətlərindən) doğan münasibətlər başa düşülür. Başqa sözlə “İnzibati icraat haqqında” Qanunun tənzimləmə predmetinə aid olan münasibətlərin inzibati mübahisə olmasından söhbət gedə bilər. Həmin qanunvericiliyin tələbinə aid olmayan münasibət və həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə hesab edilməməklə fərqli tənzimləmənin tətbiqinə əsas yaradır. Hazırkı işin faktiki hallarından da göründüyü kimi iddiaçı publik hüquqi şəxsin məhkəmə qərardadları əsasında aparmış olduğu ekspertiza fəaliyyətinin nəticələri üzrə tərtib etdiyi rəylərin həqiqətəuyğun olmaması əsası ilə vurulan zərərin ödənilməsində iddialıdır. Göründüyü kimi hazırkı mübahisə cavabdehin həyata keçirmiş olduğu ekspertiza fəaliyyətindən yaranmış mübahisədir. Həmin fəaliyyət mülki icraat qaydasında baxılan iş üzrə məhkəmə qərardadı əsasında aparılmışdır ki, ekspertiza fəaliyyəti aidiyyəti mülki prosessual qanunvericiliklə yanaşı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən aparılmalı olan fəaliyyətdir. Adıçəkilən Qanunun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır; məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır; ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir; məhkəmə ekspertizasının predmeti - məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir; Maddə 3. Məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsi Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Göründüyü kimi məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət kimi, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyan məhkəmə ekspertiza fəaliyyəti əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsi vəzifəsini daşıyır. Həmin fəaliyyət isə “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsində nəzərdə tutulmuş icraatın tərkib hissəsi hesab edilə bilməz. Belə ki, maddənin tələbinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət hesab edilir ki, bunun davamı kimi Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş faktiki xarakterli hərəkətlərin edilməsi də inzibati icraatın tərkib hissəsi hesab edilir. Lakin, yuxarıda adıçəkilən xüsusi tənzimləmə predmetinə malik olan ekspertiza fəaliyyəti hətta məhkəmə icraatının predmeti (AR İPM, MPM, CPM və İXM və s) qismində çıxış edə bilsə də hər bir halda inzibati icraatın tərkib hissəsi qismində qanunvericiliyin tələbindən də göründüyü kimi çıxış etmir. Belə ki, inzibati icraatın 2.0.6-cı maddədə məzmunun aydın olaraq göstərilmişdir və məhkəmə ekspertiza fəaliyyəti həmin icraatla bağlı fəaliyyətlə əlaqədar deyildir. Bu zaman “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinin də hazırkı mübahisə üzrə əhəmiyyət daşımadığı nəzərə alınmalıdır. Belə ki, maddənin məzmunundan görünür ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Göründüyü kimi xüsusi qanunlarla nəinki “İnzibati icraat haqqında” Qanunu tamamlayan müddəalar, hətta inzibati icraatla bağlı xüsusi qaydalar xüsusi qanunları ilə nəzərdə tutula bilər. Lakin, aidiyyəti prosessual qanunvericilik, eləcə də “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun maddədə adıçəkilən xüsusi qanunlar hazırkı mübahisə üzrə çıxış etmir. Belə ki, tamamlama və xüsusi tənzimləmə məhz inzibati icraatla bağlı olduqda inzibati icraatın, beləliklə də inzibati münasibət və inzibati mübahisənin tərkibində çıxış edə bilər. Ekspertiza fəaliyyəti isə ümumiyyətlə inzibati icraatla bağlı olmadığından həmin prosessual qanunvericilik və yuxarıda adıçəkilən Qanunun 3.3-cü maddəsində göstərilən “xüsusi qanun” xüsusiyyətindən söhbət gedə bilməz. Beləliklə ekspertiza fəaliyyəti inzibati icraat hesab edilmədiyindən, inzibati icraat olmaması səbəbindən yaranmış münasibət çərçivəsində mübahisə inzibati mübahisə hesab edilmədiyindən, hazırkı mübahisə inzibati icraatla bağlı qanunvericiliklə tənzimlənməli olmadığından həmin qanunvericiliyin tələblərinin pozulub-pozulmamasına münasibətdə inzibati orqanın səlahiyyətlərini aşması, zərər vurması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Hər hansı mübahisə inzibati icraatla bağlı qanunvericiliklə ilkin olaraq tənzimlənməli olan mübahisə olmalıdır ki, həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxila bilsin. Əks halda zərərin ödənilməsi ilə bağlı AR İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə münasibətdə ilkin olaraq inzibati orqana müraciətin edilməli olması ilə bağlı şərtin də əhəmiyyəti qalmayacaqdır. Belə ki, həmin növ mübahisələr üzrə ilkin olaraq inzibati orqana müraciətin əhəmiyyəti onunla bağlıdır ki, inzibati icraat aparılmış olsun, həmin icraatın düzgün olub-olmaması inzibati məhkəmə icraatı qaydasında yoxlanılmış olsun. Lakin, hazırkı halda müraciət əsasında cavabdeh hər hansı inzibati icraat apara bilməz. Belə ki, müraciətə baxılmasına dair qanunvericilik fərqlidir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə müdafiəsi hüququ, məhkəməyə hüquqlarını pozan hərəkətlərdən şikayət vermək hüququ mövcuddur ki, iddiaçı həmin hüququnu mülki icraat qaydasında aidiyyəti məhkəməyə şikayət verməklə reallaşdırmaq imkanına malikdir. Odur ki, iddiaçıya hazırkı tələblə mülki icraat qaydasında şikayət vermək hüququ izah edilir. İddia xüsusi qərardadın qəbul edilməsi hissəsində də məhkəmə hesab edir ki, iddia mümkün hesab edilə bilməz. Belə ki, xüsusi qərardadın qəbul edilməsi ayrıca iddianın predmeti qismində yox şəxsin vəsatəti və AR MPM-nin 265.4-cü maddəsinin tələbinə uyğun olaraq öz təşəbbüsü ilə həll edilməli olan məsələdir ki, iddiaçı aidiyyəti mülki icraat qaydasında baxılan iş üzrə vəsatətlə xüsusi qərardadın çıxarılması barədə müraciət etmək hüququna da malikdir. Lakin, hazırkı iş üzrə ayrıca iddia kimi həmin tələblə müraciət edilməsi mümkünlük şərtini ödəməməkdədir. Bundan əlavə, nə qədər ki əsas tələb mülki icraat qaydasında baxılmalıdır, hər bir halda xüsusi qərardadın qəbul edilib-edilməməsi məsələsinə də həmin məhkəmə baxmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya zərərin ödənilməsi tələbi ilə bağlı mülki icraat qaydasında aidiyyəti rayon məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar