Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10305/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, həmçinin, yeni məlumat vərəqində dənizdə işlədiyi müddətə görə vəzifə maaşının 65%-i məbləğində əlavənin əks olunmasını xahiş etmişdir. Cavabdeh 23 aprel 2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Əzizbəyov Rayon Polis İdarəsinin (indiki Xəzər RPİ) əlahiddə polis bölüyünün manqa komandiri vəzifəsindən xx.xx.2016-cı il tarixindən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Daxili işlər orqanlarından tərxis olunduğu tarixə pensiyanın təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 27 il, 2 ay, 20 gün, imtiyazlı hesablama ilə 33 il, 2 ay, 7 gün təşkil etmişdir. İşlədiyi dövrdə onun Cilov adasına xidmətə həqiqətən ezam olunması ilə bağlı heç bir əmrin olmadığı və şəxsi vərəqədə bununla bağlı hər hansı bir qeydiyyatın aparılmadığı nəzərə alınaraq, ona məsafəyə görə vəzifə maaşının 65 faizi miqdarında əlavənin hesablanması mümkün olmamışdır. Qeyd olunan məsələ ilə bağlı yekun məhkəmə qərarı olan Ali Məhkəmənin 2021-ci il 18 fevral tarixli qərarı ilə ərizəsı baxılmamış saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, həmçinin, yeni məlumat vərəqində dənizdə işlədiyi müddətə görə vəzifə maaşının 65%-i məbləğində əlavənin əks olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildən xx.xx.2006-cı il tarixədək (27 il 2 ay 20 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əzizbəyov (hazırkı Xəzər) RPİ-də xidmət etmişdir. Həmin xidmət müddətinin 20 il 1 ay 12 gününü isə (xx.xx.1986 - xx.xx.2006) Cilov adasında xidmət aparmışdır. xx.xx.2006-cı il tarixdən etibarən isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarının 4-cü bəndinə əsasən, dənizdə işlədiyi müddətdə hər ay ona vəzifə maaşının 65%-i məbləğində əlavə ödənilməli və bu məbləğ sonda onun pensiya təyin olunarkən tərtib edilmiş məlumat vərəqəsində öz əksini tapmalı idi. Lakin, həmin məbləğlər nə işlədiyi 20 ildən artıq müddətdə iddiaçıya ödənilməmiş, nə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olarkən nəzərə alınmamışdır. xx.xx.2016-cı il tarixdə Xəzər RPİ-yə ərizə ilə müraciət edərək Əzizbəyov RPl-də xidmət etdiyi 25 il müddətin 20 ilini yerin quru səthindən 68 km. məsafədə yerləşən Cilov adasında xidmət apardığıla bağlı ona müvafiq arayışın verilməsini xahiş etmişdir. Xəzər RPİ-nin xx.xx.2016-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, DİN-in Q36-011-15 nömrəli Qərarının tələblərinə əsasən Xəzər RPİ-nin arxivində olan sənədlər məhv edildiyindən mənim neft daşlarında xidmət aparmağımla bağlı müvafiq arayışın verilməsi qeyri-mümkündür. Beləliklə də ağır və zərərli əmək şəraitində 20 ilə yaxın müddətdə işləməyinə baxmayaraq konstitusion sosial təminat hüququm pozulmuş, pensiya təyin edilən zaman əlavələrdən məhrum edilmişdir. Bu səbəbdən də xidmət etdiyi 25 il müddətin 20 ilini yerin quru səthindən 68 km. məsafədə yerləşən Cilov adasında xidmət aparmağıla bağlı hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi üçün 2016-cı ildən etibarən müxtəlif məhkəmələrə müraciət edilmişdir. Belə ki, Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-10221/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hüquqi əhəmiyyət kəsb edən faktın tanınması barədə ərizə təmin edilmiş və daxili işlər orqanlarında xidmət müddətinin 20 il 1 ay 12 gününü (xx.xx.1986 - xx.xx.2006) Cilov adasında işləməyi faktı müəyyən edilərək məhkəmə tərəfindən təsdiq edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı həm şahid ifadələri, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X3” 28 may Neft və Qazçıxarma İdarəsinin Mənzil-Kommunal Təsərrüfatı tərəfindən verilmiş arayışla iddiaçının Cilov adasında yaşadığı və işlədiyi təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 iddiaçının qonşu olduğunu və 1990-cı il tarixdən etibarən Cilov adasında işlədiyini təsdiq etmişdir. Eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş X10 1986-cı il tarixdən Cilov adasında işlədiyini bildirmiş, iddiaçının isə 1986-cı il tarixdən həmin adada post patrul xidmətində işlədiyi faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X3” 28 may Neft və Qazçıxarma İdarəsinin Mənzil- Kommunal Təsərrüfatı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışla onun xx.xx.1994cü il tarixdən xx.xx.2007-ci il tarixədək Pirallahı rayonu Cilov adası Bünyətzadə küçəsi 18 saylı evdə qeydiyyatda olduğu öz təsdiqini tapmışdır. Maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis İdarəsi Xətai Rayon Məhkəməsinin həmin qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Belə ki, apelyasiya icraatı zamanı əlavə 2 nəfər şahid də məhkəmə baxışında iştirak edərək iddiaçının Cilov adasında xidmət etdiyini təsdiq etmişdir. Apellyasiya icraatında şahid kimi dindirilmiş X6 bildirmişdir ki, 1979-cu ildən 2012-ci il tarixədək daxili işlər orqanlarında çalışmışdır. 1990cı ildən Xəzər Rayon Polis İdarəsinin bölük komandiri olmuş iddiaçı onun tabeçiliyində çalışmışdır. F.Səlimov təsdiq etmişdir ki, iddiaçı ancaq Cilov adasında xidmət aparmışdır. Eləcə də bildirmişdir ki, iddiaçı orada həyət evində yaşamış, orada ailə qurmuş və həyat yoldaşım neftçi olduğu üçün sonrada mənzillə təmin olunmuşdur. Eyni zamanda, şahid X9 da apelyasiya icraatında dindirilmişdir. O bildirmişdir ki, 1991 -ci ildən 2013-cü il tarixədək Xəzər RPİ-də xidmət etmişdir. A.Heybətov təsdiq etmişdir ki, mən ərizəmdə göstərdiyim tarixlərdə ancaq Cilov adasında işləmişdir. Eyni zamanda A.Heybətov qeyd etmişdir ki, iddiaçı Cilov adasında xidmət etdiyimi nəzərə alaraq daha yüksək məbləğdə pensiya təyin etməli idilər. Bundan sonra maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsindən kassasiya şikayəti verilmişdir. Lakin, kassasiya şikayətinin verilməsi müddəti ötürüldüyündən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli Qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis İdarəsi kassasiya şikayətinin ötürülmə müddətinin bərpası ilə bağlı ərizə versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı iş üzrə xx.xx.2019cu il tarixli Qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Maraqlı şəxs AR DİN-in Bakı şəhəri Baş Polis İdarəsi həmin Qərardaddan da kassasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı iş üzrə xx.xx.2019-cu il tarixli Qərardadı müddətin bərpasından imtinaya dair qərardaddan kassasiya şikayətinin verilməsi qeyri-mümkün olduğundan kassasiya şikayəti geri qaytarılmış və qərardad qanuni qüvvəyə minmişdir. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli Qətnaməsi qanuni qüvvəyə minmiş və Xətai Rayon Məhkəməsinə göndərilmişdir Göründüyü kimi, şahid ifadələri, arayışlar və digər sübutlarla iddiaçının ümumi xidmət müddətinin 20 il 1 ay 12 gününü (xx.xx.1986 - xx.xx.2006) Cilov adasında xidmət apardığı öz təsdiqini tapmışdır. Bu hal məhkəmə qətnamələrinin təsviriəsaslandırıcı hissəsində əks etdirilmiş və sonradan həmin qərarlar qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: ИТ-1 № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək ştamplayıcı işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.2006cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmiş, xx.xx.2007-ci il tarixdə “Abşeronneft” NQÇİ-yə texnoloj boru kəmərlərinin quraşdırıcısı qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə çilingər keçirilmiş, xx.xx.2008-ci il tarixdə boru kəmərlərinin təmiri üzrə çilingər keçirilmiş, xx.xx.2009-cu il tarixdə gözətçi keçirilmiş, xx.xx.2013-cü il tarixdə elmi tədqiqat iş istehsalar işləri sexinə gözətçi keçirilmiş, xx.xx.2013-cü il tarixdə çilingər keçirilmiş, xx.xx.2017-ci il tarixdə texnoloji boru kəmərlərinin təmiri üzrə çilingər peşəsinə keçirilmiş, 04.11.201-cu il tarixdə boru kəmərlərinin quraşdırıcısı peşəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək personalın uçotu xidmətinin kadr hazırlığı üzrə aparıcı mühəndis vəzifəsində işləyir. Onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etdiyi dövr üzrə təqvim illəri -27 il 02 ay 20 gün, imtiyazlı hesablama ilə xidməti illəri 33 il 03 ay 07 gün təşkil edir. “28 May” Mənzil-Kommunal Təsərrüfatı tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Bakı şəhəri Pirallahı rayonu Çilov adası Bünyatzadə küçəsi 18 saylı evdə xx.xx.1994-cü ildən 08.05. 2007-ci ilə qədər qeydiyyatda olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə ərizəçi üəkirov Nizami Elxan oğlunun Azərbaycan Respublikası DİN-nin Əzizbəvov Rayon Polis İdarəsində xidmətdə olduğu 27 il 02 ay 20 gündən 20 il 1 ay 12 gün (xx.xx.1986-xx.xx.2006) Bakı şəhəri Pirallahı rayonu Çilov adasında işləməsi (xidmət etməsi) faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 nömrəli, 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 nömrəli, 06 may 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair maraqlı şəxs şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 nömrəli, 17 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-321/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ-nin nümayəndəsi və vəkili X7tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3145/2020 nömrəli, 26 fevral 2020-ci il tarixli qərardadı ilə maraqlı şəxs Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilmiş, Daxili İşlər Nazirliyinə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 321/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsindən Azərbyacan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən təqdimat verilməsindən ötrü müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3983/2020 nömrəli, 01 iyul 2020ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-321/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6979/2020 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalı olması əsası ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 27 iyul 2024-cü il tarixli, 3-13-27/2-2970/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, sabiq əməkdaş Əzizbəyov Rayon Polis İdarəsinin (indiki Xəzər RPİ) əlahiddə polis bölüyünün manqa komandiri vəzifəsindən xx.xx.2016-cı il tarixində daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Daxili işlər orqanlarından tərxis olunduğu tarixə pensiyanın təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 27 il, 2 ay, 20 gün, imtiyazlı hesablama ilə 33 il, 2 ay, 7 gün təşkil etmişdir. İşlədiyi dövrdə onun Cilov adasına xidmətə həqiqətən ezam olunması ilə bağlı heç bir əmrin olmadığını və şəxsi vərəqəsində bununla bağlı hərhansı bir qeydiyyatın aparılmadığını nəzərə alaraq, ona məsafəyə görə vəzifə maaşının 65 faizi miqdarında əlavənin hesablanması mümkün olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 20 noyabr 2024-cü il tarixli, 3-13-27/2-4248/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, sabiq əməkdaş Bəkirov X8 Rayon Polis İdarəsinin (indiki Xəzər RPİ) əlahiddə polis bölüyünün manqa komandiri vəzifəsində işlədiyi dövrdə onun Cilov adasına xidmətə həqiqətən ezam olunması ilə bağlı heç bir əmrin olmadığını və şəxsi vərəqəsində bununla bağlı hər-hansı bir qeydiyyatın aparılmadığını nəzərə alaraq, ona məsafəyə görə vəzifə maaşının 65 faizi miqdarında əlavənin hesablanması mümkün olmamışdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etdiyi dövr üzrə mübahisələndirilməyən təqvim illəri -27 il 02 ay 20 gün, imtiyazlı hesablama ilə xidməti illəri 33 il 03 ay 07 gün təşkil edir. İddiaçı hazırda yeni məlumat vərəqəsinin cavabdeh tərəfindən tərtib olunmasına və həmin məlumat vərəqəsində onun Cilov adasında xidmət etdiyi dövr üzrə illərində nəzərə alınmaqla vəzifə maaşının 65%-i məbləğində əlavələrin əks olunmasını xahiş etmişdir. İddiaçı bu tələbi onun Cilov adasında xidmət etdiyi illərə dair faktın təsdiq edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qətnaməsinin mövcudluğu ilə əlaqələndirmişdir. Cavabdeh isə iddiaçının Cilov adasında ezam olunması barədə əmrlərin mövcud olmadığına istinad edərək onun müraicətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasının əsaslı olduğunu hesab edir və hazırki iddianın hüquqi əsasını aşağıdaki qanunvericiliyin müddəalarının təşkil etdiyini bildirir. Belə ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarının 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin: 1.sahillə quru yol əlaqəsi olduqda- 1,4
2. quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: -0,5 km-ə qədər – 1,5; - 0,5 km-dən 70 km-ə qədər – 1,65 -70- km-dən artıq- 1,75 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1.Əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. 1.0.3. Hərbi qulluqçular dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür. 1.0.5 Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Göründüyü kimi, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməklə, xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib edilir. Xidmət illəri hesablandıqdan sonra hərbi qulluqçuya bu barədə elan edilir. Hərbi qulluqçunun etirazı olduğu halda hərbi qulluqçunun etirazına baxılır və nəticədə hərbi qulluqçusunun ehtiyata buraxılması barədə qərar qəbul edilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. İddiaçı hazırda Cilov adasında xidmət etdiyini, buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarının 4-cü bəndinə əsasən, dənizdə işlədiyi müddətdə hər ay ona vəzifə maaşının 65%-i məbləğində əlavə ödənilməli olduğu və bu məbləğin sonda ona pensiya təyin olunarkən tərtib edilmiş məlumat vərəqəsində nəzərə alınmalı olmasını əsas gətirərək, həmin əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilməsini xahiş edir. Lakin işdə iddiaçının Cilov adasına ezam olunması ilə bağlı əmrlər mövcud deyil və onun həmin ərazidə xidməti sübut olunmur. İddiaçının istinad etdiyi həmin dövrdə Cilov adasında xidmət etdiyi barədə ilkin məhkəmə qərarı da hüquqi qüvvəsini itirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 saylı, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə, iddiaçının Cilov adasında xidmət etdiyi müəyyən edilsə belə, onun hazırkı məzmunda tələbi təmin edilə bilməz. Çünki iddiaçıya Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçi kimi əmək haqqına əlavənin ödənilməməsi işin mübahisəsiz halıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən Plenum qərara almışdır ki:
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Həmin qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, “...Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.” Qeyd olunan qərarın müddəaları nəzərə alınmaqla məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı dəniz şəraitində işləyən işçi kimi, əmək haqqına əlavə almamış, həmin əlavə məcburi dövlət sosial sığortasına cəlb olunmamışdır, deməli, həmin məbləğ iddiaçıya pensiya təyin edilərkən də nəzərə alına bilməz. Bu isə iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqinə hazırkı məzmunda dəyişiklik edilməsini istisna edir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova