Məhkəmə qərarları › İş №2-1(112)-10306/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10306/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10306/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı “sərəncamın etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilin həmin ünvanda yerləşən 38 saylı mənzilə birləşdirilməsi barədə Cavabdeh1in 5 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamı etibarsız hesab edilərək bununla bağlı hüquqi nəticələrin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil üzərində X2 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi (çıxarılması) öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və bununla bağlı X7 verilmiş **********801-05101-093011 reyestr nömrəli Çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar ailələri ilə birlikdə Qarabağ hadisələri ilə əlaqədar olaraq Cəbrayıl rayonundan məcburi köçkün düşərək 1994-cü ildə ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildə məskunlaşmışdırlar. İddiaçılar məskunlaşdığı zaman həmin “mənzil” boş, sahibsiz bir yer olmuş və həmin yer mənzil deyil, hansısa idarənin kitabxanası olmuşdur. Məskunlaşdıqları həmin yer həddindən artıq şəraitsiz, bərbad vəziyyətdə olmuşdur və iddiaçılar uzun müddət həmin yerdə ağır şəraitdə yaşamış, sonradan mərhum ataları X19 qeyd olunan yeri (indiki halda mənzili) yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. İddiaçılar 1994-cü ildən bu günə kimi məskunlaşdıqları həmin mənzildə ailə üzvləri lə birlikdə yaşayırlar və yaşadıqları dövrdə qeyd olunan mənzillə bağlı heç kim pretenziya və ya hər hansı bir iddia irəli sürməmişdir. Çünki göstərilən mənzil heç kimin şəxsi mülkiyyətində deyildir və həmin dövrdə mübahisəli mənzildə iddiaçıların məcburi köçkün kimi məskunlaşmağı barədə bütün dövlət orqanları və yerli qurumlar xəbərdar idilər. Bütün dövlət orqanlarında 29 ildir ki, iddiaçıların məskunlaşdığı mənzil məcburi köçkünlərin məskunlaşdığı mənzil kimi qeydiyyatdadır. Tikinti şirkəti olan "xxxx" MMC iddiaçılara qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmaqlarına dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında məlum olmuşdur ki, iddiaçıarın məskunlaşdığı mənzil qanunsuz olaraq saxta yollarla X14 tərəfindən ələ keçirilmişdir. Belə ki, Nərimanov rayon məhkəməsinə təqdim olunan Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 2 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçıların məskunlaşdıqları 25 saylı mənzil Cavabdeh1in 5 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamı ilə Babayev Yüksələ məxsus 38 saylı mənzilə birləşdirilmişdir.Bundan sonra Y.Babayev həmin Sərəncam əsasında 30/65561 saylı, xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi, sonradan da Çıxarış almışdır. İddiaçılar bildirir ki, Y.Babayevə istər mənzilə dair Sərəncamın verilməsi, istərsə də həmin mənzilin sənədləşdirilərək qeydiyyat vəsiqəsinin alınması tam qanunsuz olmuşdur. Birincisi, Nərimanov rayon məhkəməsinə verilən Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 doğulduğu tarix xx.xx.1995-ci il göstərilmişdir. Cavabdeh1in həmin Sərəncamının tarixi isə xx.xx.1994-cü il tarixlidir. X27 anadan olmamışdan 1 il əvvəl Cavabdeh1 onun adına Sərəmcam vermişdir. Y.Babayev doğulmamışdan əvvəl onun mülkiyyətində 38 saylı mənzil olmuş və Cavabdeh1in 5 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamı ilə iddiaçıların məskunlaşdığı 25 saylı mənzil Y.Babayevə məxsus 38 saylı mənzilə birləşdirilmişdir. İkincisi, 37 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 2 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi 38 saylı mənzilin ölçüsü 23,4 kv.m. iddiaçıların məskunlaşdığı 25 saylı mənzilin ölçüsü 49,50 kv.m. olmuşdur. İki mənzilin ümumi ölçüsü 72,9 kv m. olmalı olduğu halda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi Çıxarışda 38 saylı mənzilin ölçüsü 50,50 kv.m. göstərilmişdir. Qeyd olunan məsələlər də Sərəncamın saxta yollarla verildiyini bir daha təsdiq edir. Üçüncüsü, iddiaçılar ailələri ilə birlikdə sərəncam verilməmişdən əvvəl, yəni 1994-cü ildən həmin mənzildə məskunlaşmışdır və sərəncam verilərkən mənzil boş olmamışdır. Hər bir halda iddiaçıların məskunlaşdığı mənzilə dair sərəncam verilərkən mənzil yoxlanmalı idi və boş olduğu müəyyən edilkdən sonra mənzilə dair sərəncam verilə bilərdi. Həmin dövrdə mənzildə iddiaçılardan başqa X19 (atası), Hüseynov Ərşad (babası) və Hüseynova Əsli (nənəsi) də məskunlaşaraq yaşamışdırlar. Mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) qanunsuz yollarla iddiaçıların xəbəri olmadan və onlar mənzildə yaşadığımız dövrdə alınmışdır və həmin arayış da saxtadır. Həmin arayışı verən orqanda iddiaçılar 1994-cü ildən bəri məcburi köçkün kimi (mübahisəli mənzildə) qeydiyyatdayıq və MKİS bu barədə kifayət qədər məlumatlı idi. Mənzilin Texniki Pasportu da qanunsuz olaraq iddiaçıların xəbəri olmadan və mənzilə gəlmədən çəkilmişdir. Bütün bunlar isə, mübahisəli mənzilin saxta yollarla və qanunsuz özəllədirilməsinə dəlalət edir. Qeyd olunanlara əsasən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.

3. Cavabdeh1 tərəfindən təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddia tələbində qeyd edilən xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla yanaşı, həm də ziddiyyətlər təşkil edir. Eləcə də iddiaçının iddia ərizəsində öz subyekiv mülahizələrinə uyğun sadaladığı əsaslar inzibati aktın ləğv edilməsi üçün əsas vermir. Belə ki, iddiaçının mübahisəli yaşayış sahəsinə hər hansı hüquqlarının yaranmasını müəyyən edən mötəbər sübutlar, eləcə də mənzil kirayəsi kommunal xidmətlərdən istifadə istismar yığımı xərcləri və s. barədə hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ, onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldən-ələ keçir. Əgər qanuna müvafiq olaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlər reyestrində qeydə alındığı andan əmələ gəlir (MM-nin 139.3., 178,1, 178.2-ci mad). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılması üçün numerus clausus (dəqiq siyahı) qaydasında 6 əsas müəyyən edilmişdir: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt və kimə ünvanladığı aydın olmayan inzibati akt. Hazırki iddia tələbində bu əsaslardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Hüquqi mübahisənin bütün mərhələlərində iddianın mümkünlüyü məsələləri yoxlanılmalıdır. Belə ki, iddianın əsassızlığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdlır. Hazırki halda iddianın əsas və ilkin mümkünlük şərtlərindən biri inzibati orqan tərəfindən iddiaçının hüquq və azadlıqlarının pozulmasının əsaslandırılmasıdır. Yəni, qanunvericilik yalnız bu halda iddiaçıya hüquqi müdafiə vasitəsi olaraq inzibati aktın qəbul edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququ verir. Eyni zamanda bildirilmişdir ki, iddiaçının inzibati aktın ləğvi ilə bağlı Cavabdeh1ə hər hansı müraciəti olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh orqan iddiaçılar İddiaçı1 və X8 iddia ərizəsinə baxılmasının mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilin həmin ünvanda yerləşən 38 saylı mənzilə birləşdirilməsi barədə Cavabdeh1in 5 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi, bununla bağlı hüquqi nəticələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil üzərində X2 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi (çıxarılması) öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və bununla bağlı X7 verilmiş **********01- 05101-093011 reyestr nömrəli çıxarışın ləğv olunmasına dair iddiası etirazla qarşılanır. İddiaçılar müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Həmçinin bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildirilir ki, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil 2V-63 saylı, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilsin və 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X14 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Cavabdeh1 Başçısının “Ə.Əlizadə küçəsindəki 11 №-li evin 38 №-li mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” 622 saylı, xx.xx.1992-ci il tarixli Sərəncamına əsasən Ə.Əlizadə küçəsindəki 11 №-li evin yaşayış sahəsi 24,0 kv.m olan 1 otaqlı 38 №-li mənzilin kirayə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü, babası) vət. X6 adına keçirilmiş və həmin mənzilin kirayəçisi hesab edilmişdir.

7. Cavabdeh1 Başçısının “Ə.Əlizadə küç. 11 №-li yaşayış evinin 38 №-li mənzilinin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi vət. R.E.Babayevə verilməsi haqqında” 147/4 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamına əsasən vət. X12 Ə.Əlizadə küç., Yerli Sovetə məxsus, sahəsi 50 kv.m. olan 2 mərtəbəli evin İ-2-ci mərtəbəsində yerləşən, məhdud kommunal şəraitli 3 otaqlı 38 №-li mənzildə 4 nəfər /özü, arvadı, qızı, oğlu/ ailə tərkibi ilə yaşayır. Qeyd olunan mənzilin kirayəçisidir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanununa əsasən Ə.Əlizadə küçəsi, 11 №-li evin 38-ci mənzili əvəzsiz olaraq şəxsi mülkiyyət kimi vətəndaş R.E.Babayevə verilmişdir.

8. İş materiallarında olan xx.xx.1995-ci il tarixli Bağışlama müqaviləsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanununa əsasən göstərilən şəxsləri yaşadıqları dövlət evlərinin və mənzillərinin şəxs mülkiyyətə keçirmək hüququ verilməsi ilə əlaqədar Ə.Əlizadə 11 №-li evin 38-ci mənzili vətəndaş R.E.Babayevə verilmişdir. Tərəflər kimi “Bağışlayan” Cavabdeh1in nümayəndəsi, ev sahibi R.E.Babayev tanınmışdır (239830). Bağışlanmış mənzilin qiyməti 22000 manat qiymətləndirilərək əvəzsiz olaraq “Ev sahibinə” verilmişdir.

9. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2000-ci il traixdə vəfat etmiş X4 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan X14 (AA2700730, xx.xx.2021 – Asan 1, FİN:6BXHP0L, d/t: xx.xx.1995) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak: - AR BŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X9 verilmiş 30/65561 qeydəalma nömrəsi ilə 453 nömrəli kitabın 65564-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 50.5 kv/m, yaşayış sahəsi 50.5 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir.

10. Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, ünvan 6 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, X14 (xx.xx.1995-ci il təvəllüdlü) və X10 (xx.xx.1993cü il təvəllüdlü) ünvan 6 ünvanında qeydiyyatdadırlar.

12. ünvan 7 Mənzil Kommunal İstismar Sahəsinin 37/148 saylı, xx.xx.2023-cü il tarixli Arayışında qeyd edilmişdir ki, İddiaçı2 Ə.Əlizadə küçəsi, 11 №-li evin 25 №-li mənzilində Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin verdiyi arayışa əsasən adları göstərilən 7 nəfər ailə tərkibi ilə bu ünvanda məskunlaşıb:

1. özü,

2. h/yoldaşı – X1

3. qızı – X5

4. oğlu – X11

5. qardaşı – İddiaçı1

6. q/arvadı – X15

7. q/qızı – X16

13. İş materiallarında olan Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məktubunda qeyd olunmuşdur ki, Ə.Əlizadə 11 mənzil 38 saylı ünvan 2 (hissədən, mərtəbədən) ibarət olub, 30/65561 saylı xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi ilə X7 məxsusdur. Mənzilin 1-ci (hissəsi mərtəbəsi) 23,4 kvadrat-metrində hal-hazırda mənzilin sahibi yaşayır. 2-ci (hissəsində mərtəbəsində (keçmiş 25 saylı mənzil) 49,50 kvadrat-metr olmaqla 1994-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün X19 8 nəfər ailə tərkibi ilə birlikdə məskunlaşıb və hal-hazırda 7 nəfər ailə tərkibi ilə birlikdə yaşayır. 1994-cü ildə 25 saylı mənzil rayon İcra Hakimiyyətinin 5 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamı ilə 38 saylı mənzilə birləşib və 38 kimi nömrələnib. Bu səbəbdən 25 saylı mənzil “Şəxsi hesab” kitabında yoxdur. 38 saylı mənzilin 25 məxsus olan hissəsində 1994cü ildən bugünə kimi Cəbrayıl rayonundan məcburi köçkünlər yaşayır.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izah verərək iddia tələbinin təmin olunmasını xahiş etdi, mübahisələndirilən mənzilə Cavabdeh1 tərəfindən köçürüldüyünü və burada məskunlaşarkən həmin mənzilə dair hər hansı şəxsin iddiasının olmadığını bildirdi.

15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) mübahisələndirilən mənzilə dair iddiaçının heç bir hüquqmüəyyənedici sənədinin olmadığını, ona görə də hazırki iddianı irəli sürməyə subyektiv hüququnun olmadığını bildirmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən həmin mənzilə dair sərəncamın üçüncü şəxsin atası X9 verildiyini, daha sonra isə vərəsəlik qaydasında üçüncü şəxs X2 adına keçdiyini bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

17. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

19. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

20. X26 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2 Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

22. İddia tələbində qeyd olunan tələblər bir-biri ilə əlaqəli olmadığı və müxtəlif cavabdehlərə ünvanlandığı üçün hazırki iş üzrə prosessual həmiştirakçılıq yolverilən deyil. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi həmin qeydin aparılması üçün əsas olmuş inzibati aktın ləğvi və ya etibarsızlığı ilə bağlı iddianın uğurundan asılıdır. Aşağıda qeyd edilənlərə əsasən isə iddiaçıların həmin tələbi (sərəncamın etibarsızlığı) irəli sürməyə subyektiv hüquqları yoxdur.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar məcburi köçkün olaraq 1994-cü il tarixdən ünvan 8 ünvanında yerləşən 25 saylı mənzildə yaşayırlar. Buna baxmayaraq həmin mənzilə dair iddiaçılara məxsus hər hansı hüquqmüəyyənedici sənəd müəyyən olunmamışdır.

24. İş materiallarında olan Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məktubunda qeyd olunmuşdur ki, 1994-cü ildə 25 saylı mənzil rayon İcra Hakimiyyətinin 5 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamı ilə 38 saylı mənzilə birləşib və 38 kimi nömrələnib, bu səbəbdən 25 saylı mənzil “Şəxsi hesab” kitabında yoxdur, 38 saylı mənzilin 25-ə məxsus olan hissəsində 1994-cü ildən bugünə kimi Cəbrayıl rayonundan məcburi köçkünlər yaşayır.

25. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 Başçısının 622 saylı, xx.xx.1992-ci il tarixli Sərəncamına əsasən mübahisələndirilən mənzilə dair kirayə müqaviləsi üçüncü şəxsin atası X4 adına keçirilmiş və X17 həmin mənzilin kirayəçisi hesab edilmişdir, daha sonra Cavabdeh1 Başçısının 147/4 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamına əsasən Ə.Əlizadə küçəsi, 11 №-li evin 38-ci mənzili əvəzsiz olaraq X9 şəxsi mülkiyyət kimi verilmişdir. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X17 xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra üçüncü şəxs X14 vərəsə kimi tanınmış və ünvan 5 ünvanında yerləşən mənzil miras əmlak olaraq ona keçmişdir. Nəticədə mübahisələndirilən mənzil üzərində üçüncü şəxs X2 xüsusi mülkiyyət hüquqları tanınmış və xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla öz təsdiqini tapmışdır.

26. İddiaçıların qeyd edilən mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış şəxslərdir. Lakin qeyd edilən hal onlara mənzilə dair hüquqlarının tanınmasını və ya həmin mənzilə dair aparılmış qeydiyyatın mübahisələndirilməsinə hər hansı hüquq vermir. Belə ki, iddiaçıların mənzilə hüquqi marağını əsaslandıran hər hansı hüquqmüyyənedici sənəd (order və ya mənzil kirayə müqaviləsi) mövcud deyildir. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.

27. Odur ki, iddiaçıların ünvan 5 ünvanında yerləşən mənzilə dair sərəncamın etibarsız hesab edilməsi və həmin mənzilə dair üçüncü şəxsə aid olan qeydiyyatın ləğv edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacları olmamaqla hüquqi maraqları, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüquqları yoxdur.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar