Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10308/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs: X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: MH seriyalı, 089939 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B ünvanında yerləşən 15 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B ünvanında yerləşən 15 saylı mənzildə digər şəxslərlə yanaşı X6 da qeydiyyatdadır. İddiaçı ərizə ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X1 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B, mənzil 15 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 101-20269A saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qeyri-qanuni hesab edilməsi və üçüncü şəxs X1 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B ünvanında yerləşən 15 saylı mənzildəki pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 6B nömrəli evin 15 nömrəli mənzili xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçirilmiş, bu barədə xx.xx.1997-ci il tarixində qeydiyyat aparılmş, MN seriyalı, 089939 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir və hazırda həmin ünvanda o, həyat yoldaşı Vaqif Adıgözəlovla birlikdə yaşayır. 19 noyabr 2008-ci ildə iddiaçının oğlu X2 (Adıgözəlova) Aygün Ramiz qızı ilə evlənmişdir. Aygün Adıgözəlova 16 iyun 2009-cu il tarixdə onun mülkiyyətində olan 15 nömrəli mənzilə qeydiyyata düşmüşdür. Həmin vaxt oğlunun evi olmadığına görə o, üçüncü şəxs Aygün Adıgözəlovanın özlərinə ev alana qədər evinə pasport qeydiyyatına düşməsinə etiraz etməmişdir. Aygün Adıgözəlovanın qeyd olunan mənzilə köçərkən mənzilin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı onunla bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamış, Aygün Adıgözəlova həmin mənzilə özlərinə ev alana qədər müvəqqəti yaşamaq üçün buraxılmışdır. xx.xx.2013-cü ildə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 22 nömrəli evin 2 otaqlı 101-ci mənzili satın alınmışdır və mənzil xüsusi mülkiyyət kimi Zaur Adıgözəlova məxsusdur. 2018-ci ilin oktyabr ayında oğlu Zaur həyat yoldaşı Aygün və iki övladı ilə birlikdə ona məxsus mənzildən N.Tusi küçəsində yerləşən 22 nömrəli evin 101-ci mənzilinə köçmüşlər. Aygün Adıgözəlova ona məxsus evdə olan bütün əşyalarını da əri Zaura məxsus olan mənzilə aparmışdır. Onların 2018-ci ildən iddiaçıya məxsus mənzilində yaşamamaları 6 saylı MKİS tərəfindən verilmiş arayış və qonşular tərəfindən tərtib olunmuş 23 may 2022-ci il tarixli Aktla da təsdiq olunur. X9 mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxıb özünə məxsus N.Tusi küçəsi, 22 nömrəli evin 101-ci mənzilinə pasport qeydiyyatına düşsə də, onun həyat yoldaşı Aygün Adıgözəlova uzun müddət yaşamamasına baxmayaraq bu günə qədər də onun mənzilində pasport qeydiyyatında qalmaqdadır. O, dəfələrlə Aygün Adögözəlovaya mənzildən qeydiyyatdan çıxaraq, ərinin mülkiyyətində olan və 2018-ci ildən yaşadıqları Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 22 nömrəli evin 101-ci mənzilinə qeydiyyata düşməsini bildirsə də, sonuncu onun sözlərinə məhəl qoymamış, yaşamadğı evdə qeydiyyatda qalmaqda davam etmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.1997-ci il tarixli, 021113 nömrəli müqavilədən görünür ki, satıcı X5 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B ünvanında yerləşən 3 otaqlı, y/s 46,74 kv.m olan 15 nömrəli mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. İddiaçının həmin mənzilə mülkiyyət hüququ xx.xx.1997-ci ildə qeydə alınmış, bu barədə ona MH seriyalı 089939 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Xətai rayon MKTB-nin 6 saylı Mənzil Kommunal İstismar Sahəsinin 208 nömrəli, xx.xx.2022-ci il tarixli və 279 nömrəli, xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, xx.xx.2022-ci il tarixdə qonşuların verdiyi akta əsasən X6 2018-ci ilin oktyabr ayından ünvan 1 ünvanda faktiki olaraq iddiaçı və onun əri X7 yaşayırlar. İş materiallarında olan AZ-T seriyalı 023876 nömrəli, xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X8 və Allahverdiyeva Aygün (Adıgözəlova) Ramiz qızı xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. İşdə olan RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 22 ünvanında yerləşən, 101 nömrəli mənzil X4 xüsusi mülkiyyətindədir. Xətai rayon MKTB-nin 91 saylı Mənzil Kommunal İstismar Sahəsinin 472 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X8 ünvan 2 ünvanında daimi qeydiyyatdadır, onun arvadı X6 və iki uşağı həmin ünvanda qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-19166-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X6 xx.xx.2009-cu il tarixdən hazıradək Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B, mənzil 15 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan X3 məxsus fərdi uçot kartoçkasının surətindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B, mənzil 15 ünvanına iddiaçının razılıq ərizəsi əsasında ona məxsus qeydiyyat vəsiqəsini təqdim etməklə qeydiyyata alınmışdır. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, üçüncü şəxs 2009-cu ildə iddiaçının razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmışdır, hazırda həmin evdə yaşamır və buna görə də iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin yuxarıda sadalanan halları ilə müəyyən olunur ki, üçüncü şəxs iddiaçının gəlinidir, o, 2008-ci ildə iddiaçının oğlu Z.Adıgözəlovla nikaha daxil olmuş, bundan sonra həmin mənzilə köçmüş və qeydiyyata alınmışdır. Üçüncü şəxs hazırda mübahisəli mənzildə deyil, ərinə məxsus mənzildə yaşayır. İddiaçının həmin mənzilə dair hüquqlarına gəldikdə məhkəmə qeyd edir ki, MM-in 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir - mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları. Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsi ilə bağlı yuxarıda adı çəkilən 27 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəasına gəldikdə isə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, müəyyən olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki X1 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B ünvanında yerləşən 15 nömrəli mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Belə olan halda aydın olur ki, üçüncü şəxs A.Adıgözəlovanın mübahisəli mənzilə hüququ mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Beləliklə, mülkiyyətçinin razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcud olduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxs xx.xx.1988-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 6B ünvanında yerləşən 15 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova