Məhkəmə qərarları › İş №2-1(112)-10308/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10308/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10308/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X12 oğlunun katibliyi, iddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15B nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 10 saylı mənzilin üzərində İddiaçı adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15B nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 10 saylı mənzilin dəyərini X5 ödəyərək alıb ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi, 15B nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 10 saylı mənzil Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 139 nömrəli, 2012-ci il tarixli sərəncamı ilə İİ qrup Qarabağ müharibəsi əlili X3 adına rəsmiləşdirilmişdir. X6 mənzili İddiaçı satdıqdan sonra vəfat etmişdir. Mehman Hüseynov vəfat edən zaman onun vərəsəsi yalnız anası X4 olmuşdur. X4 mənzildən çıxarılmağı barədə Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin gedişi zamanı barışıq sazişi imzalanmış, Qaradağ Rayon Məhkəməsinin 1494/2016 saylı, 12 may 2016-cı il tarixli (hakim Fuad Hüseynov) qərardadı ilə 29 aprel 2016-cı il tarixli barışıq sazişi təsdiq edilmişdir. Bir neçə il əvvəl isə X4 da vəfat etmişdir. İddiaçı hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15B nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 10 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Mənzil faktiki olaraq ona məxsus olsa da mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edib Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15B nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 10 saylı mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş 3-21-3-30/2-T-023 7/8243 **********023 saylı, xx.xx.2024 tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilən sərəncam 2012-ci il tarixlidir. Mənzilə dair daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərərək bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanuna müvafiq qaydada baxılacaqdır. Bildirmək istəyir ki, cavabdeh qanuni əsaslarla iddiaçıya məxsus olan əmlaka hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə formal cavab vermişdir. Belə ki, cavabdehə təqdim olunmuş Qaradağ rayon Məhkəməsinin 1494/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadını nəzərə alınmamışdır. İnzibati mübahisənin həqiqətən də olub-olmamasını müəyyən etmək və olan mübahisənin aradan qaldırması məhkəmələrin səlahiyyətinə aid məsələdir.

3. İddiaçının müraciətinə cavabdehin xx.xx.2024-cü il tarixli imtinasında bildirilmişdir ki, təqdim edilən sərəncam 2012-ci il tarixlidir. Mənzilə dair daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabırın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

4. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı adına qeyd edilən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 139 saylı sərəncamı 2012-ci il tarixdə X3 adına verilmişdir. İdarənin mütəxəsissləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsinin 84 kv.m olduğu məlum olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.

5. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı əsasən: Tərəflər arasında aşağıdakı məzmunda bağlanılmış xx.xx.2016-cı il tarixli barışıq sazişinin təsdiq edilsin: “İddiaçı cavabdehə qarşı verdiyi iddiadan imtina edir. Cavabdeh isə iddiaçıya 5000 AZN ödəyəcəkdir. Belə ki, xx.xx.2016-cı il tarixində cavabdeh 1000 AZN ödəyir. Qalan 4000 AZN-i isə 2016-cı ilin noyabr ayının axırına qədər ödəyəcəkdir. İddiaçı iddia ərizəsində göstərdiyi mənzilə aid bütün hüquq və vəzifələrini cavabdeh İddiaçı etibar edir. Onun tərəfindən mənzilin özəlləşdirilməsinə və bütün kommunal xərclərin ödənilməsinə etiraz etmir. 2016-cı ilin noyabr ayının axırına qədər qalan 4000 manat ödənilməsə, bu Barışıq Sazişi etibarsız hesab edilir. O könüllü surətdə yuxarıda göstərilən mənzildən çıxarılmasına etiraz etmir. İddiaçı X1 İddiaçı qarşı mənzildən çıxarılma tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

6. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 139 nömrəli sərəncamında qeyd edilmişdir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 В №-li binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 87,81 kv.m, yaşayış sahəsi 44,52 kv.m olan 2 otaqlı 10 saylı mənzil 2 nəfər ailə tərkibi ilə (özü, 1965-ci il təvəllüdlü arvadı X7) xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsində dayanan 1959-cu il təvəllüdlü İİ qrup Qarabağ müharibəsi əlili X3 adına rəsmiləşdirilməsi və onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotundan çıxarılması qərara alınmışdır.

7. Bakı şəhəri 9 saylı Xüsusi Notariat Kontorunun notariusunun xx.xx.2015-ci il tarixli 2638 nömrəli məktubunda qeyd edilmişdir ki, icraatımızda olan xx.xx.2015-ci il tarixdə vəfat etmiş və xx.xx.1959 il təvəllüdlü Bakı şəhəri, Nizami r-n polis inzibati bina Ş.Mirzəyev küç. ev 71-də qeydiyyatda olan X3 vərəsəlik işi ilə əlaqədar olaraq, vərəsələrin dairəsi müəyyən edilib və vərəsəsi anası- X2r.

8. Məhkəmə sorğusuna cavab olaraq Daxili işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-2594/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir.

9. Məhkəmə sorğusu cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 27515/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab edir.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

17. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür.

18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

21. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

22. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

23. İş materiallarından göründüyü kimi, ünvan 1 üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunda göstərilmiş əsaslardan heç biri mövcud deyil. İddiaçı qeyd edilən mənzilə dair hüquqlarının qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri qeydiyyat orqanına təqdim etməmişdir.

24. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas sayıla bilməz, buna görə də, iddiaçının həmin ünvanda hüquqlarının mövcudluğunu təsdiq etmir.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar