Məhkəmə qərarları › İş №2-1(112)-10309/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10309/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10309/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “fəxri adın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X2 “Əməkdar həkim” fəxri adının verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 201 nömrəli Fərmanının icra edilməsi və bununla bağlı vəsiqənin və döş nişanının iddiaçıya təqdim edilməsi ilə əlaqədar öhdəçiliyin Azərbaycan Respublikası Səhiyyə Nazirliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, anası X4 əvvəllər mövcud olmuş Dağlıq X3 Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri vəzifəsində, Birinci Qarabağ müharibəsi başlayandan sonra isə Xankəndi şəhərinin Kərkicahan qəsəbə xəstəxanasında uşaq həkimi işləmişdir. xx.xx.2010-cu il tarixdə isə vəfat etmişdir. Müharibə dövründə ekstremal şəraitdə Dağlıq X3 əhalisinə tibbi yardımın təşkilinə və belə yardımın göstərilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin “Dağlıq X3 səhiyyə işçilərinin bir qrupuna “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adının verilməsi haqqında” xx.xx.1991-ci il tarixli 201 nömrəli Fərmanı ilə anasına Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adı verilmişdir. Lakin cavabdeh tərəfindən Prezidentin Fərmanı icra edilməmiş və anasına bu fəxri adın nə vəsiqəsi, nədəki döş nişanı təqdim edilməmişdir. Anası isə sağlığında səhhətiylə əlaqədar olaraq bununla maraqlana bilməmişdir. Anasının varisi kimi həmin fəxri adın vəsiqəsinin və döş nişanının ona təqdim edilməsi məqsədilə Prezidentin adı çəkilən Fərmanının müvafiq qaydada icra edilməsi üçün göstərişin verilməsi barədə tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə onlayn qaydada müraciət edilmişdir. Müraciəti icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Müraciətinə Səhiyyə Nazirliyində baxılaraq Nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 3-28/2-K-29xx-xx-3654/2024 nömrəli məktubla ona onlayn cavab verilmişdir. Həmin cavabda bildirilir ki, Z.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanına əsasən “Əməkdar həkim“ fəxri adı verilmişdir. Lakin vəsiqənin və döş nişanının götürülməsi barədə məlumat yoxdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir Dövlət təltifi barədə Fərman dövlət başçısı tərəfindən imzalandıqdan sonra Fərmanın icrası təltiflə bağlı təqdimatı vermiş orqan tərəfindən müvafiq qaydada icra edilir. Lakin anası Zeynəb Kərimovaya “Əməkdar həkim” adının verilməsi barədə Respublika Prezidentinin Fərmanı Səhiyyə Nazirliyi tərəfindən bu günə kimi icra edilmədən qalmışdır. Belə hallarla bağlı qanunvericilikdə heç bir iddia müddəti müəyyən edilməmişdir. Odur ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Fərmanının icrası təmin edilməli və Zeynəb Kərimovaya “Əməkdar həkim” adı verilməsi barədə vəsiqə və döş nişanı sonuncunun vərəsəsi kimi ona təqdim edilməlidir.

3. Azərbaycan Respublikası Dağlıq X3 səhiyyə işçilərinin bir qrupuna “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adının verilməsi haqqında xx.xx.1991-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən eksstremal şəraitdə DQMV əhalisinə tibbi yardımın təşkilində və belə yardım göstərilməsində xüsusi xidmətlərinə görə X2 (Stepanakert şəhəri Kərkicahan qəsəbəsinin həkimi) “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı verilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Z.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin 12 may 1991-ci il tarixli Fərmanına əsasən “Əməkdar həkimi" fəxri adı verilmişdir. Lakin, vəsiqənin və döş nişanının götürülməsi barədə məlumat yoxdur.

5. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X1 02 yanvar 2010-cu il tarixində ölmüşdür.

6. 13.10.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə bildirilmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

11. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

12. “Azərbaycan Respublikasının Fəxri adları haqqında” əsasnamə:

2. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir. Azərbaycan Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa — bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, — təqdim edilə bilər. 13.Mülki Məcəllə: Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

14. Odur ki, hazırkı vəziyyətdə İddiaçı anası mərhum X2 xx.xx.1991-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən verilmiş “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı şəxsi xarakterli hüquq hesab edildiyindən İddiaçı vəsiqənin və döş nişanının verilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur.

15. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar