Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1031/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə yerləşən 1 saylı binanın 14 saylı mənzilinə dair mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 fevral 2008-ci il tarixdə iddiaçı ilə “X2” MMC arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “X2” MMC Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə yerləşən 1 saylı binanın 14 saylı mənzilini sifarişçiyə satmağı öhdəsinə götürmüşdür. Sifarişçi isə ilk ödəmədən sonra qalan məbləği hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. “X2” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 11 fevral 2008-ci il tarixli, 38/8 saylı müqaviləyə əsasən “X2” MMC-yə borcu yoxdur. İddiaçı mənzilin onun adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və və texniki pasportun verilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********64 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin cavabdehə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müqavilə və maliyyə arayışı əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Həmçinin müvafiq mənzilə dair müraciətə əlavə olunmuş maliyyə arayışında soyad Mustafa, 38/08 saylı, xx.xx.2008-ci il tarixli müqavilədə Mustafayeva kimi qeyd olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "X1" MMC ilə iddiaçı arasında bağlanmış 38/08 saylı, 11 fevral 2008-ci tarixli müqavilədən görünür ki, icraçı ("X1" MMC) Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə inşa etdiyi 21 mərtəbəli binada sahəsi 226 kv.m. olan, 1 bloklu, 1 saylı binanın 8-ci mərtəbəsində (sol tərəf) 4 otaqlı 14 saylı mənzili iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan "X1" MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının həqiqətən 11 fevral 2008-ci il tarixli 38/08 saylı müqaviləyə əsasən "X1" MMC-yə borcu yoxdur. xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 14 saylı mənzil üçün 10400 manat və 80000 manat pul məbləğləri ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəmə sorğusuna 17 iyul 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “X2” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə yerləşən 1 saylı yaşayış binasının tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktının təsdiq edilmiş surətinin verilməsi barədə müraciətə əsasən bildirilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubu ilə ünvan 2 ünvanında yerləşən binada qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair ilkin sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (139-1.1.6), daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (139-1.1.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (139-1.1.4.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139.1-1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.); mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.). İşin hallarına görə, iddiaçı qanuni sahibliyində və istifadəsində olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə yerləşən 1 saylı binanın 14 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müqavilə və maliyyə arayışı əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Həmçinin müvafiq mənzilə dair müraciətə əlavə olunmuş maliyyə arayışında soyad Mustafa, 38/08 saylı, xx.xx.2008-ci il tarixli müqavilədə Mustafayeva kimi qeyd olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə cavabdehin etirazının əsasını təşkil edən dəlillərə münasibətdə qeyd edir ki, iddiaçının maliyyə arayışında soyadı qısaldılmış formada Mustafa qeyd edilsə də, həmin maliyyə arayışının ona məxsus olması məhkəmədə şübhə doğurmur. Belə ki, iddiaçı tərəfindən ödənişin həyata keçirildiyini təsdiq edən kassa mədaxil orderlərinin qəbzləri iş materiallarına əlavə edilmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsinə şərait yaradılmaması həmin mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasınan imtinanın əsasını təşkil edə bilməz. Belə ki, mənzil mövcuddur və iddiaçının faktiki istifadəsindədir. Mənzilin neçənci mərtəbədə yerləşməsi, neçə otaqdan ibarət olması, ölçüləri, hətta mərtəbədə sol tərəfdə olması (yəni, əmlakın fərdi xüsusiyyətləri) iddiaçı ilə MMC arasında bağlanmış müqavilədə dəqiq göstərilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab məktubu ilə ünvan 2 ünvanında yerləşən binada qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair ilkin sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, 2006-cı ildən bina iddiaçı ilə yanaşı digər sakinlər tərəfindən faktiki olaraq istismar olunur, hətta sakilərdən bir neçəsinin mülkiyyət hüquqları iddiaçının təqdim etdiyi sənədlərlə eynilik təşkil edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, iddiaçıya verilən imtina onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik hüququnu pozmuş olur, eyni zamanda inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadının qanunla qorunduğunu şübhə altına alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir (maddə 25). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadığından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. İşin yuxarıda şərh edilən hallarından görünür ki, cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzil üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırdığından iddia əsaslıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə yerləşən 1 saylı binanın 14 saylı mənzilinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-cı məhəllədə yerləşən 1 saylı binanın 14 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1031/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1031/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver