Məhkəmə qərarları › İş №2-1(112)-10311/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10311/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10311/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək övladı İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh 02 iyun 2022-ci il tarixli, 01/2963 saylı məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçı1 həyat yoldaşı X3 qeydiyyatı Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, ev 3, mənzil 12 ünvanında olduğu üçün tələbin müsbət həlli Komitənin imkanı xaricindədir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə iddiaçılar ərizə təqdim edərək, İddiaçı1 iddiaçı qismində prosessual iştirakına xitam verilməsini, tələbin “İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi” qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, İddiaçı1 hazırkı iş üzrə iddiaçı qismində prosessual iştirakına xitam verilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının atası 1992-ci ildə Füzuli rayonu işğal edildikdən sonra ailə üzvləri ilə birlikdə Füzuli rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. İddiaçı1 04 fevral 2003-cü il tarixdə X5 ilə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2003-cü il tarixdə İddiaçı2 və xx.xx.2005-ci il tarixdə X8 doğulmuşdur. X5 ilə İddiaçı1 arasında bağlanmış nikah Abşeron rayon Məhkəməsinin 2(012)-37/2010 saylı, 11 mart 2010-cu il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə də xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 atasının, xx.xx.2005-ci il təvəllüdlü X6 isə anası X3 yanında qalması müəyyən olunmuşdur. Həmin vaxtdan İddiaçı2 atasının himayəsində olmaqla onunla yaşamaqda davam edir, cavabdeh tərəfindən Elşənə bütün kommunal, çörəkpulu ödənilir və digər güzəşt və imtiyazlardan istifadə edir. Cavabdeh atasının X5 ilə hələ 2010-cu ildən nikahının pozulmasını, nikah pozulduqdan sonra onun atasının himayəsində qalmasını və məcburi köçkün kimi bu gün də bütün imtiyazlardan istifadə etməsini, 12 mart 2005-ci il təvəllüdlü X6 isə anası X3 himayəsində qalmasını və həmin vaxtdan da məcburi köçkün kimi bütün imtiyazlarının dayandırılmasını nəzərə almamışdır. Ona görə də cavabdehin hərəkəti qanunsuzdur və tələbi əsaslı olduğundan cavabdeh tərəfindən təmin edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, İddiaçı2 atası İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmaqla, Füzuli rayonu, Füzuli şəhəri, PMK-15 qəsəbəsi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı2 anası X2 rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, ev 3, mənzil 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı2 anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, “Abşeron rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, İddiaçı2 məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. İddia ərizəsində qeyd olunmuşdur ki, “Həmin vaxtdan da İddiaçı2 mənim himayəmdə olmaqla mənimlə yaşamaqda davam edir və cavabdeh tərəfindən Elşən bütün kommunal, çörək pulu (ödənilir) və digər güzəşt və imtiyazlardan istifadə edir". Lakin İddiaçı2 yetkinlik yaşına çatanadək valideyni İddiaçı1 himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. İddiaçı2 anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, İddiaçı2 “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Buna görə də cavabdeh iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı1 xx.xx.1971-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur və Füzuli rayonu, Füzuli şəhəri, PMK-15 qəsəbəsində qeydiyyatdadır. AA seriyalı 476020 nömrəli Məcburi köçkün vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 daimi yaşayış yeri olan Füzuli rayonunu tərk etdiyi üçün cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən məcburi köçkün statusu verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, Bağırova (Rzayeva) Vüsalə Fəxrəddin qızının iddiası təmin edilmiş, onunla İddiaçı1 arasında bağlanmış, 04 fevral 2003-cü il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində qeydə alınmış 43 saylı nikah qeydinin ləğv edilməsi, xx xxxxxx 2003cü il təvəllüdlü İddiaçı2 atası İddiaçı1 və 12 mart 2005-ci il təvəllüdlü X6 anası Bağırova (Rzayeva) Vüsalə Fəxrəddin qızının yanında qalması qət edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı2 xx.xx.2003-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur, Füzuli rayonu, Füzuli şəhəri, PMK-15 qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-19163-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5 xx.xx.2002-ci il tarixdən hazıradək Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, ev 3, mənzil 12-də, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2003-cü il tarixdən hazıradək Füzuli rayonu, Füzuli şəhəri, PMK-15 qəsəbəsində, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2018-ci il tarixdən hazıradək Füzuli rayonu, Füzuli şəhəri, PMK-15 qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinin 01/408 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 Füzuli şəhərindən məcburi köçkündür və AA seriyalı, 476020 nömrəli məcburi köçkün vəsiqəsi vardır. İddiaçı1 və oğlu İddiaçı2 məcburi köçkün kimi vahid aylıq müavinət alırlar. Lakin İddiaçı2 anası X2 rayonu, Ceyranbatan Qəsəbə sakini olduğu üçün məcburi köçkün statusu yoxdur. O, İddiaçı1 ilə nikaha daxil olsa da, Füzuli şəhərinə daimi qeydiyyata düşməmişdir. Buna görə də məcburi köçkünlər üçün nəzərdə tutulan imtiyazlardan istifadə etmir və vahid aylıq müavinət almır. Füzuli Rayon İcra Hakimiyyətinin Füzuli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 və İddiaçı2 Füzuli rayonundan məcburi köçkündürlər, hər biri məcburi köçkün kimi 60 manat aylıq müavinət alırlar və ünvan 3 ünvanında yaşayırlar. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçı 2003-cü ildə anadan olmuşdur, o məcburi köçkün kimi aylıq müavinət almışdır və 2018-ci ildən Füzuli rayonu, Füzuli şəhəri, PMK-15 qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Beləliklə, sadalanan normalardan görünur ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutumamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir (Məcburi köçkün” statusu və həmin statusu təsdiq edən sənədin verilməsi 2004-cü il 16 iyul tarixdə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən qəbul edilmiş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar”a əsasən tənzimlənməyə başlamışdır ki, bu Qaydalar iddiaçı doğulduqdan sonra qəbul edilmiş, habelə həmin qaydalarda iddiaçıya məcburi köçkün statusunun verilməsini istisna edən halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir). Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İddiaçının anasının məcburi köçkün olmaması işin mübahisəsiz haldır. Buna baxmayaraq iddiaçının hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, oxşar mövqe (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-506/16 saylı, 2-1(102)-618/2020 saylı qərarları) yuxarı instansiya məhkəməsi tərəfindən də ifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar