Məhkəmə qərarları › İş №2-1(112)-10315/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10315/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10315/2023 12.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh1 MMC-yə qarşı Cavabdeh1 MMC tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 153,3 kv.m olan evinin qiymətləndirilməsinə dair rəyin (sənədin) ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh1 MMC-yə qarşı Cavabdeh1 MMC tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 153,3 kv.m olan evinin qiymətləndirilməsinə dair rəyin (sənədin) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyul 2018-ci il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlanılmışdır. İddiaçıya 24 ay müddətinə 24 faiz hesablanmaq şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 153,3 kv.m sahəsi olan 4 otaqlı fərdi yaşayış evi ilə bağlı ipoteka müqaviləsi bağlanılmışdır. Pandemiya və digər səbəblərdən gecikmələri olub. İddiaçı "xxxx" ASC borc tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçının evinin dəyəri 150.000 manatdır. Cavabdeh qurum isə 100.000 manat dəyərləndirib. Evin ilkin satış qiymətini 85.000 manat olması qənaətinə gəliblər. Bu təxminən evin yarı dəyəridir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Cavabdeh2 BOKT ASC ilə cavabdeh X3 arasında bağlanmış 30 iyul 2018-ci il tariхli, 2018/00292-01 №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 15 000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 153.3 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evini ipoteka predmeti kimi Cavabdeh2 BOKT ASC-yə təqdim etmiş və bu barədə 30 iyul 2018ci il tariхli İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Cavabdeh2 BOKT ASC kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair Xətai rayon Məhkəməsində iddia qaldırmışdır. Xətai rayon Məhkəməsi tərəfindən iş üzrə həm məhkəmə-mühasibatlıq həm də daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Xətai rayon Məhkəməsi tərəfindən mülki iş qanunvericiliyin tələbinə uyğun olaraq araşdırılmış, mütəxəssis rəyləri nəzərə alınmış və yekun məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, Xətai rayon Məhkəməsinin e-2(011)-197/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi faiz və cərimə borcu hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının halhazırda iddia ərizəsində qeyd etdiyi xüsusatlar əsassızdır, iddiaçı əsassız iddialarla mülki işin icra prosesinə maneələr törətməyə və mülki işin icra prosesinin dayandırılmasına çalışır. Mülki iş qanunvericiliyə uyğun, ədalətli şəkildə araşdırılması, Xətai rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində aparılmış və yekun məhkəmə qətnamələri qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1–ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin qərarın 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qeyd edilən qərarın 14.1-ci bəndinə görə inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İddiaçının mübahisələndirdiyi ekspertiza rəyi ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıyan və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilən akt deyildir, habelə iddiaçı üçün hüquqi nəticə yaradan sənəd deyildir və iddiaçının hüquqi statusunu yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malik deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi məhkəmə qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakının qiymətləndirilməsinə dair rəyin ləğvi edilməsi tələbindən ibarətdir. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, mülki iş kimi müəyyənləşdirilir. İddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, iddiaçı ilə cavabdeh arasında olan mübahisəyə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələrinin icraatında baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh1 MMC-yə qarşı Cavabdeh1 MMC tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 153,3 kv.m olan evinin qiymətləndirilməsinə dair rəyin (sənədin) ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar