Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10315/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fonduna keçirilməsi və mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair onunla kirayə müqaviləsi bağlanması (sərəncam verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fonduna keçirilməsi və mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 001104 nömrəli order ilə hazırda qeydiyyatda olduğu və yaşadığı mənzil verilmişdir. İddiaçı həmin mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncamın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İstənilən müvafiq sənədləri təqdim etməsinə baxmayaraq cavabdeh bu barədə sərəncam qəbul etməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi iddiaçının nümayəndəsinin “mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılma” barədə müraciətinə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarında bildirmişdir ki, sözügedən mənzil Nəsimi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 19/1 nömrəli qərarına əsasən iddiaçıya xidməti mənzil kimi verilmişdir. Sözügedən mənzilin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurətin aradan qalxdığı və gələcəkdə həmin yaşayış sahəsinə zərurətin yaranmayacağı əsaslandırılmaqla müraciət olunacağı təqdirdə qeyd edilmiş məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 001104 nömrəli orderin surətindən müəyyən edilir ki, ünvan 1 xidməti mənzil kimi 3 nəfərdən ibarət ailə tərkibi olmaqla (özü, həyat yoldaşı və qızı) iddiaçıya verilmişdir. İşdə olan 15 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və 1991-ci ildən həmin ünvanda yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 44-də yerləşən yaşayış binasında üzərində mülkiyyət hüququ qeydə alınmış və özəlləşdirilmiş mənzillərin bir neçəsinə dair çıxarışlar və onun əsasında dayanan ilkin hüquqmüəyyənedici sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 44 ünvanında yerləşən 19 saylı mənzil xüsusi təyinatlı mənzil fonduna aiddir (xidməti mənzildir). Həmin mənzil Nəsimi rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin balansındadır. Mənzilə dair iddiaçının adına verilmiş xx.xx.1991-ci il tarixli, 001104 nömrəli order xidməti orderdir. Cavabdehin xx.xx.2025-ci il tarixli digər məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, cavabdeh tərəfindən R.Behbudov küçəsindəki 44 nömrəli binada yerləşən mənzillərə dair son illər ərzində sosial kirayə müqaviləsi bağlanılmamışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 №li qərarının 3.1-ci bəndinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin təyinatının dəyişdirilməsinə, ancaq sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırıldıqdan sonra yol verilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən isə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Məhkəmə iddiaçının nümayəndələrinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadə və sahibliyində olan mənzilin xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fonduna keçirilməsi və həmin mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1.). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.). Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri (91.1.). Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir (91.2.). Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz (91.3.). Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir (92). İşdən göründüyü kimi ünvan 1 xidməti yaşayış sahəsi kimi iddiaçıya 3 nəfərdən ibarət ailə tərkibi ilə verilmişdir. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi xidməti yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələrinə aid edilir. Hazırda iddiaçı həmin yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fonduna keçirilməsini və onunla sosial kirayə müqaviləsinin bağlanmasını istəyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin “Qayda”nın 4.3-cü bəndinə əsasən isə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 44 ünvanında yerləşən 19 saylı mənzil xüsusi təyinatlı mənzil fonduna aid olmaqla cavabdehin balansındadır. İddiaçı həmin mənzildə qeydiyyatdadır və uzun illərdir ki, orada yaşayır. İddiaçı mənzilin təyinatının sosial mənzil fonduna dəyişdirilərək onunla sosial kirayə müqaviləsi bağlanması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtina məktubunda sözügedən məsələlərin həlli üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə müvafiq razılaşdırmanın olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (59.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (59.2.). Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir (60.1). Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir (60.2.). Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir (61.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır (62.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (62.2). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; 66.1.2. yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; 66.1.3. yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; 66.1.4. yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; 66.1.5. kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək (66.1.). Məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi hal iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, həmin mənzil iddiaçıya xidməti zərurətlə əlaqədar verilmiş olsa da, həmin vaxtdan uzun illər keçmiş, bütün bu zaman ərzində iddiaçı həmin mənzildə yaşamış və həmin mənzillə daimi bağlılığı yaranmışdır. Eyni zamanda bütün bu dövr ərzində mənzilin xidməti yaşayış sahəsi kimi mahiyyəti aradan qalxmışdır. Belə ki, xidməti zərurət aradan qalxdıqdan sonra da iddiaçıdan mənzil geri tələb edilməmiş və iddiaçının daimi yaşayış yerinə çevrilmişdir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). Məhkəmə tərəfindən verilmiş sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 44-də yerləşənvə özəlləşdirilmiş (xüsusi mülkiyyətdə) olan mənzillərə dair sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, qeyd olunan binada yerləşən və əvvəllər dövlət mülkiyyətində olmuş bir sıra mənzillər artıq sakinlər tərəfindən özəlləşdirilmişdir. Belə olan halda iddiaçının tələbinin təmin edilməməsi bərabərlik prinsipi nöqteyi nəzərindən iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1-un Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırmaqla xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fonduna keçirilməsi və həmin mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-10315/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10315/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver