Məhkəmə qərarları › İş №2-1(112)-10316/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10316/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10316/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01 noyabr 1992ci il tarixindən 20 oktyabr 2003-cü il tarixədək işlədiyi iş stajının sosial sığota stajına daxil edilərək ona əmək pensiyası təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2003cü il tarixədək işləmişdir. Ümumilikdə 25 il iş stajı vardır. İddiaçı əmək pensiyasının təyin edilməsi üçün sənədləri cavabdeh inzibati orqana təqdim etsə də yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2003cü il tarixədək işlədiyi iş illəri təqdim olunan əmək kitabçasıyla öz təsdiqini tapmasına baxmayaraq cavabdeh inzibati orqan həmin dövrü əsassız olaraq sığorta stajına daxil etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 63 yaş 6 aya xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətinə əsasən iddiaçının sosial sığorta stajı 14 il 08 ay 22 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı Q.Abdullayev təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Cəfər firması”nda işlədiyini və əməkhaqqı aldığını iddia etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na (bundan sonra - Qaydalar) əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının 4, 5, 6 və 7-ci səhifəsinin 10 və 11-ci qeydlərinə əsasən: işə daxilolma tarixi qeyri-iş gününə təsadüf edir; işdən azad olma əmrinin nömrəsi düzgün qeyd olunmamışdır; işdən azad olma qeydində vurulan möhür oxunaqlı deyil. Mərkəzi Filiala təqdim edilmiş iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ******* nömrəli əmək kitabçasının 4,5,6 və 7-ci səhifələrində xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti ilə bağlı işdən çıxma qeydində möhürün oxunulması mümkün deyil. Göründüyü kimi, iddiaçının əmək kitabçasında xx.xx.2023-cü il tarixli işdən çıxma barədə qeydin üzərinə vurulmuş möhür aydın və oxunaqlı olmadığından möhürün hansı idarə və ya müəssisəyə aid olduğunu müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçının işə daxil olduğu xx.xx.1992-ci il tarixi bazar gününə təsadüf edir. İşə qəbul barədə qeyd işçinin işə qəbul edildiyi gün əmək kitabçasına yazılır. Aydındır ki, idarə, müəssisə və təşkilatlar həftənin rəsmi istirahət günlərində fəaliyyət göstərmədiyindən iddiaçının həmin tarixdə işdən çıxarılması ilə bağlı qeydin aparılması da qeyri mümkündür. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı əmək kitabçası Qaydaların pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən də xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün həqiqiliyinin sübuta yetirilməsi mümkün deyildir. İnzibati işin araşdırılması məqsədi ilə müvafiq olaraq sorğular ünvanlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının 12 iyul 2024-cü il tarixli 3-48-2F/2- 1434/2024 nömrəli məktubuna əsasən "xxxx" firmasının arxiv sənədləri arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yamnda Dövlət Vergi Xidmətinin 12 iyul 2024-cü il tarixli **********373800 nömrəli məktubuna əsasən dövlət reyestrində "xxxx" firmasının xx.xx.1997-ci il tarixdə 32421 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olduğu, məlumat bazasmda sözügedən firmanın (köhnə VÖEN: 1********) xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumatın mövcud olduğu, eyni zamanda 2004-cü ildən hazıradək həmin hüquqi şəxsin adından inventarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanlarına müraciət edilmədiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən həmin müəssisədə işləməsi öz təsdiqini tapmır, ona görə ki, xx.xx.1992-ci il tarixdə "xxxx" firmasının fəaliyyəti və dövlət qeydiyyatı olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. -52 №-li attestatdan görünür ki, iddiaçı 01 sentyabr 1976-cı il tarixdən 19 iyul 1978ci il tarixədək “şirniyyatçı” peşəsi üzrə təhsil almışdır. -ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Biskvit fabrikasında sürücü” xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək satıcı, kassir; xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Bakı Çörək Ticarəti” İdarəsində (xx.xx.1997-ci il tarixdə “Nicat” İcarə-Podrat Mağazası özəlləşdirilərək "xxxx" firması adlandırılmışdır) əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/1-A-76583/2024 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan sığorta stajı və pensiya sığorta kapitalı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Əmək kitabçasının doldurulma qaydasına riayət edilməməsi, işə qəbul olunma tarixi bazar günü qeyri iş günü olması, həmçinin işdən azad olunma əmrinin nömrəsi düzgün qeyd edilməməsi və möhürün oxunaqlı olmaması səbəbindən xx.xx.1992 - xx.xx.2003-cü illər üzrə olan dövr sığorta stajına daxil edilmir. xx.xx.2024-cü il tarixindən müavinət təyin olunmuşdur -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 iyun 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Xidmətin arxivinə "xxxx" firmasının sənədləri təhvil verilmədiyinə görə hər hansı bir arxiv arayışının verilməsi mümkün deyil. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 3-21-2-1/2-7661/2024 nömrəli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, dövlət reyestrində “Azərçörək” İstehsalat Birliyinin Bakı Çörək Ticarəti İdarəsinin xx.xx.1996-cı il tarixdə D-1158 nömrə ilə və "xxxx" Firmasının xx.xx.1996-cı il tarixdə 32421 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək yuxarıda adları qeyd edilən hüquqi şəxslərin adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3242 nömrəli, xx.xx.1996-cı il tarixli şəhadətnaməsi ilə "xxxx" firmasının Nizamnaməsi təsdiq edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (40320 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 14 il 08 ay 22 gün əmək stajı hesablamış və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Bakı Çörək Ticarəti” İdarəsində (daha sonra adı dəyişdirildmiş "xxxx" firması) olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır. Cavabdeh bu qənaətini iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtinasının qanunazidd olduğunu hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıdakıları bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2023 - 30 iyun 2024-cü illər dövrü üzrə qadınların yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 63 yaş 06 ay müəyyən edilmişdir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının xx.xx.2024-cü il tarixdə (xx.xx.1960-ci il təvəllüdlü olduğundan 63 yaş 06 ayı xx.xx.2024-cü il tarixdə tamam olur) qanunla tələb olunan pensiya yaşına çatdığı görünür. Həmçinin iddiaçı fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığını qəbul edir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Bununla əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Göstərilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı pensiya hüququnun yarandığı tarixə tələb olunan 25 ildən də artıq ümumi iş stajını toplamışdır. Məhkəmə icraatı zamanı aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərdiyi müəssisə mövcud olmuşdur. Müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hər nə qədər də iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin mövcud olması təsdiq olunur. Həmçinin, qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır (Bax: Ali Məhkəmənin № 2- 1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı). O da nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan hissəsinə gəldikdə isə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında mübahisələndirilən illəri onun sığorta stajına daxil edir. Məhkəmə cavabdehin imtina dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-788/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə yalnız əmək kitabçasının nömrəsi ilə fərqli nömrəli titul vərəqinin əlavə edilməsi halına istinad etmiş, bununla bağlı inzibati icraat çərçivəsində həmin titul vərəqində aparılmış qeydlərin mötəbərliyinin yoxlanılması ilə bağlı araşdırma aparmamış, formal olaraq əsaslandırma aparılmışdır.” Mübahisələndirilən dövrlə bağlı əmək kitabçasında qeyd edilən tarixlərin qeyri-iş gününə təsadüf etməsi, möhürün oxunmaması və ya digər oxşar hallar, iddiaçının sərbəst iradəsinə əsaslanaraq həyata keçirilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu cür hallara görə məsuliyyət işəgötürən və onun müəyyən etdiyi səlahiyyətli şəxs tərəfindən daşımalıdır. İşəgötürən və ya səlahiyyətli şəxsin məsuliyyəttinin birbaşa iddiaçıya şamil edilməsi hüquqi baxımından əsasız hesab olunur. Bu mənada məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilmədiyi qənətinə gələrək iddiaçının əmək kitabçasındakı qeydləri mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, mübahisəli dövr iddiaçının ümumi əmək stajına daxil edilməlidir. Eyni zamanda məhkəmə onu qeyd edir ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X5, X1 və X2 öz ifadələrində iddiaçının xx.xx.1992-xx.xx.2003 mübahisəli dövrlərdə həqiqətən də “Bakı Çörək Ticarəti” İdarəsində (xx.xx.1997-ci il tarixdə “Nicat” İcarə-Podrat Mağazası özəlləşdirilərək "xxxx" firması adlandırılmışdır) işlədiyini, müəssisənin həmin dövrdə mövcud olduğunu və fəaliyyətdə olan müəssisə olduğunu təsdiq etmişdirlər. Məhkəmə qeyd edir ki, şahid ifadələrinin mötəbərliyi məhkəmə prosesində mühüm əhəmiyyət kəsb edir, çünki bu ifadələr hadisənin faktiki hallarının sübut olunmasına köməklik edir. İddiaçının həmin müəssisədə işlədiyini təsdiq edən şahidlərin ifadələrinin bir-birinə uyğun olması, onların mötəbərlik səviyyəsini artırır. Şahidlərin hər üçü eyni məzmunlu ifadələr təqdim edərək, eyni halları təsdiqlədikdə bu ifadələr arasındaki uyğunluq təsadüfi ola bilməz. Bununla yanaşı, şahidlərin ifadələrinin həm məzmun baxımından ardıcıl, həm də qeyd olunan hal ilə bağlı əsaslı olması onların obyektivliyinə işarə edir. Həmçinin qeyd edilir ki, məhkəmə iclasında şahid qismində ifadə verən şəxsə məhkəmə tərəfindən onun bilə-bilə yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağına dair xəbərdarlıq olunduğu və ona bu barədə iltizama imza etdirildiyi üçün bu şəkildə verilən ifadələr notariat qaydada verilmiş ifadədən daha üstün hüquqi qüvvəyə malik olub, mötəbər sübut əhəmiyyətinə malikdir. Bu mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-642/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapır. Bu baxımdan məhkəmə hesab edir ki, şahid ifadələri ilə işin faktiki hallar arasında uyğunluq müəyyən olunduğundan, şahid ifadələri də hazırki iş üzrə mötəbər sübut qismində dəyərləndirilməlidir. Beləliklə, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1992-xx.xx.2003cü illər üzrə nəzərə alınmayan 10 il, 11 ay, 20 gün və cavabdeh tərəfindən mübahisələndirilməyən 14 il 08 ay 22 gün sosial sığorta stajına daxil edildikdə iddiaçıya qanunla tələb olunan 25 ildən artıq sığorta stajı yığmağa kifayət edir (14 il 08 ay 22 gün + 10 il 11 ay 20 gün= 25 il 8 ay 12 gün). Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya 63 il 06 ay yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 63,6 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar