Məhkəmə qərarları › İş №2-1(112)-10316/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10316/2025

06.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10316/2025 06.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Respublikamızın xx.xx.2025-ci il tarixdən minimum əmək haqqı məbləğinin artırılmasının nəzərə alınması və buna müvafiq pensiyanın yenidən hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticələrindən biri də- 2025-ci ildə minimal əmək haqqının 345 manatdan 400 manata çatdırılması və hər il üzrə (hər bir ilin müvafiq göstəricilərinə uyğin olaraq) bütün növ pensiyaların indeksləşdirilməsi olmuşdur. Cari 2025-ci il üzrə indeksləşdirilmə 8,1% təşkil etmiş və pensiyaçılara - onların aldıqları pensiyanın (əsas məbləğin) üzərinə məhz bu faiz artımı əlavə edilməklə pensiya verilməlidir-verilir. Sözsüz ki, indeksləşdirmənin tətbiqindən əvvəl verilən əsas pensiya məbləği hesablanarkən cari ildə minimum əmək haqqının artması da nəzərə alınmaqla düzgün hesablanmalı, müəyyən edilməlidir ki, məhz bu əsas məbləğin 8,1% -ini təşkil edən məbləğ (bununlada nəticəvi/verilməli aylıq pensiyanın məbləği) də düzgün müəyyənləşdirilsin. Bununla belə, Cavabdeh-DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd olunmuş meyarları: ilk növbədə-Respublikada 2025-ci ildə minimum əmək haqqının artmasını nəzərə almamış, bunun nəticəsində indeksləşdirilməkdən əvvəl olan pensiyamın (ƏSAS məbləğin) hesablamasında səhvə yol vermişdir. Bu səbəbdən-indeksləşdirmə tətbiq olunduqdan sonra aldığı pensiyanın ümumi məbləğinin hesablanmasında səhvə yol verilmişdir. Buna aşağıdakı təkzibedilməz hallar dəlalət edir: iddiaçıya xx.xx.2024-cü il tarixində pensiya yaşına çatmış Ali instansiya məhkəməsinin sabiq (2-ci yüksək ixtisas dərəcəli) hakiminə yaşa görə 6.432, 54 manat məbləğində aylıq pensiya təyin edilmiş və vaxtı-vaxtında verilmişdir. Cavabdehin də bildiyi kimi, hesablanmış, aldığı bu pensiya məbləğinin tərkibinə həmçinin 1 saylı Bakı İnzibati Məhkəməsinin qüvvəyə minmiş 2- 1(81)-1120/2017saylı, xx.xx.2019-cu il tarixli Qərarı əsasında ona (o dövrdə pensiya yaşına çatanadək əlil olan sabiq hakimə) 2-ci ixtisas dərəcəli Ali instansiya məhkəməsinin hakiminə verilən pensiyasına mövcud minimal əmək haqqının 4(dörd) misli həcmində hesablanan əlavə də daxil edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdən AR Prezidentinin müvafiq Fərmanı ilə minimum əmək haqqı Respublikada 345 manat müəyyən edilmiş və bunun 4 (dörd) misli nəzərə alınaraq ona pensiyası hesablanaraq verilmişdir o dövrdə. Cavabdeh tərəfindən səhvən, məhz həmin minimum əmək haqqı məbləği nəzərə alınmaqla aldığım pensiya məbləği 2025-ci ildə 8,1 % indeksləşdirilərək- 6.953,54 manat təşkil etmişdir. Halbuki, Prezidentimizin müvafiq Sərəncamı ilə xx.xx.2025-ci il tarixindən bu minimum əmək haqqı məbləği 400 manat müəyyənləşdirilmiş və hazırda məhz bu mövcud məbləğin 4(dörd) misli nəzərə alınaraq xx.xx.2025-ci il tarixdən hesablanmaqla ona pensiya verilməlidir. Bununla belə, Cavabdeh tərəfindən minimum əmək haqqı məbləğinin dəyişilməsi/artırılması nəzərə alınmadığından cari-2025-ci ilin yanvar ayından bəri pensiya ona 2024-cü ildə təyin edilmiş 6.432,54 manat məbləğində (+bunun 8.1% indeks.), yəni 6.953.54 manat hesablanaraq verilməkdədir. Halbuki, 2025-ci ilin yanvar ayından tətbiqi verilməsi nəzərdə tutulmuş (yanvar-fevral ayları birlikdə verilmiş) minimum əmək haqqının artması nəzərə alındıqda əsas pensiyamın məbləği -6.608,54 manat təşkil edir, 2025-ci il üzrə 8,1% indeksləşdirilmə nəzərə alınmaqla onun aylıq pensiyası 7.143,83 man. təşkil etməlidir. (6.608,54 man. + bunun 8.1%-i). Belə ki, 2025-ci ilədək mövcud olmuş minimum ǝ/h: 345 manatın 4 misli (1.380 man.) nəzərə alınmaqla hesablanmış pensiya -6.432,54 man. + bunun 8,1%-i =6.953,54 man.; - 2025 ci il üzrə mövcud minimum ə/h: 400 manatın 4 misli (1.600 man.) nəzərə alınmaqla hesablanmalı pensiya- 6.608,54 man. + bunun 8,1%-i = 7.143,83 man təşkil edir. Göründüyü kimi, fərq- 190,29 man, təşkil edir(7.143,83 man.- 6.953,54 man. 190,29 man.) və Cavabdeh tərəfindən bunlar nəzərə alınaraq, 2025-ci il üzrə pensiyası yenidən hesablanmalıdır. Qeyd olunanlarla bağlı iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müvafiq ərizə ilə müraciət edərək hesablama xətası nəticəsində baş vermiş halların aradan qaldırılmasını, Respublikada 2025-ci ildən mövcud minimum əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Bununla belə, ərizəsi cavabsız qalmış, bu səbəbdən Məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7.1 -ci maddəsinə əsasən 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlarda nəzərə alınmaqla 15 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında təyin edilir. Həmin Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İlk öncə bildiririk ki, İddiaçı 15 aprel 2024-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2840,00 manat, hakimlik stajına görə vəzifə maaşı 30 faizi miqdarında əlavə - 852,00 manat, ixtisas dərəcəsinə görə əlavə - 1200,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında - 710,00 manat, yüksək hüquqi ixtisas dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 426,00 manat və digər növ əlavə 1772,67 manat olmaqla orta aylıq əmək haqqı 7800,67 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq hakim kimi orta aylıq əmək haqqının (7800,67 manat) 80 faizi-6240,54 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Həmçinin iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən hakimlik stajına görə əlavənin faiz dərəcəsi İddiaçı müraciətində göstərildiyi kimi 30 faiz miqdarında müəyyən edilib. Bundan başqa bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 1 yanvar 2023-cü il tarixindən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.7-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin (sabiq hakimlərin) əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyalarında artımlar Qanunun 29-cu maddəsinə 1 yanvar 2023-cü il tarixindən tətbiq olunan dəyişikliyə görə əmək pensiyalarının indeksləşdirilməsi yolu ilə aparılır. Bununla əlaqədar da iddiaçının əmək pensiyasının cari il üzrə indeksləşdirilmə nəzərə alınmaqla 6953,58 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd edilənlərə əsasən İddiaçı əmək pensiyası qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4906/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən İddiaçı DSMF Nəsimi rayon şöbəsinin qərarı ilə xx.xx.2024-cü il tarixli qərarı ilə pensiya təyin edilmişdir. Dövlət məvacibi məlumatlarına əsasən: vəzifə maaşı 2840 manat, ixtisas dərəcəsinə görə əlavə 1200 manat, qulluq stajına görə əlavə 30% olmaqla 852 manat, mükafatlar 1772.67 manat, hüquqi ixtisasa görə 15 faiz olmaqla 426 manat, dövlət məvacibinin cəmi 7800.67 manat, pensiya faizi 80%, siğorta hissəsi 729.61 manat, qulluq əlavəsi 5510.93 manat qeyd edilmişdir. Hazırki pensiya məbləği 711.46 manat artırılaraq yenidən hesablanmış pensiya məbləği 6240.54 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən müddətsiz olaraq 6240.54 manat pensiya məbləği təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-12420/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən İddiaçı DSMF Nəsimi rayon şöbəsinin qərarı ilə xx.xx.2024-cü il tarixli qərarı ilə pensiya təyin edilmişdir. Dövlət məvacibi məlumatlarına əsasən: vəzifə maaşı 2840 manat, ixtisas dərəcəsinə görə əlavə 1380 manat, qulluq stajına görə əlavə 30% olmaqla 852 manat, mükafatlar 1772.67 manat, hüquqi ixtisasa görə 15 faiz olmaqla 426 manat, dövlət məvacibinin cəmi 8040.67 manat, pensiya faizi 80%, siğorta hissəsi 729.61 manat, qulluq əlavəsi 5702.93 manat qeyd edilmişdir. Hazırki pensiya məbləği 6240.54 manat artırılaraq yenidən hesablanmış pensiya məbləği 6240.54 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən müddətsiz olaraq 6432.54 manat pensiya məbləği təyin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-135301/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -İddiaçı qulluq stajı ilə bağlı məlumatlara əsasən: qulluq stajı 7 il, 5 ay, 16 gün təşkil edir. D/M hesablandığı dövr 1995-2000, qulluq əlavəsi 30%. Dövlət qulluğu stajının hesablanması məlumatlarına əsasən işə daxil olma xx.xx.1993-cü il, işdən azad olma xx.xx.2000-ci il olmaqla cəmi 7 il 5 ay 16 gün Ali Arbitraj Məhkəməsində hakim vəzifəsində çalışmışdır. Vəzifə maaşı-2.840.00; qulluq stajına görə əlavə 30%-852.00, səlahiyyətlərin icrasına görə 25%-710.00, hüquq ixtisası üzrə 15%-462.00, ixtisas dərəcəsinə görə 1380.00(345*4), mükafat 2000%-1832.67 (2840+852+426+1380)*20/60 olmaqla cəmi dövlət məvacibi 8.040.67 manat, pensiya məbləği 80% olmaqla 6432.54 manat qeyd edilmişdir. -X4 çıxarışa əsasən xx.xx.2025-ci il tarixdən iddiaçıya cari pensiya məbləği 6953.58 manat ödəniş həyata keçirilir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4201/2015 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş, hazırda iddiaçıya-Ali məhkəmə instansiyası məhkəməsinin sabiq hakiminə verilən aylıq pensiyanın Ali Məhkəmənin hakiminin maaşına, pensiyasına müvafiq əlavələrlə yenidən hesablanaraq cəmi 2372 manat məbləğində iddiaçıya verilməsi vəzifəsi, habelə bunula bağlı 2012-ci ildən cavabdehin hərəkətsizliyi nəticəsində əmələ gəlmiş fərqin hesablanması və iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-159166/2024 nömrəli məktubunda bildirilmişdir ki, ona xx.xx.2024-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz 852.00 manat, ixtisas dərəcəsinə görə əlavə 1200.00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında 710.00 manat, yüksək hüquqi ixtisas dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 426.00 manat, digər növ əlavə 1772.67 manat olmaqla orta aylıq əmək haqqının 7800.67 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq hakim kimi orta aylıq əmək haqqının (7800.67 manat) 80 faizi-6240.54 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Yuxarıda qeyd olunmuş məlumatlardan göründüyü kimi , vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən hakimlik stajına görə əlavənin faiz dərəcəsi müraciətinə göstərdiyi kimi 30 faiz miqdarında müəyyən edilib. -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-70604/2024 nömrəli məktubunda bildirilmişdir ki, sizə xx.xx.2024-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” AR Qanununa 1 yanvar 2023-cü il tarixindən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.7-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin(sabiq hakimlərin) əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyalarında artımlar Qanunun 29-cu maddəsinə 1 yanvar 2023-cü il tarixindən tətbiq olunan dəyişikliyə görə əmək pensiyalarının indeksləşdirilməsi yolu ilə aparılır. Bununla əlaqədar da əmək pensiyanızın cari il üzrə indeksləşdirilmə yolu ilə aparılır. Bununla əlaqədar da əmək pensiyası cari il üzrə indeksləşdirilmə nəzərə alınmaqla 6953.58 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının müraciətində göstərilən qaydada yenidən hesablanması qanunvericiliyinin tələbləri baxımından mümkün deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçıya ilkin olaraq sabiq hakim kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçıya xx.xx.2024-cü ildə pensiya yaşına çatdıqdan sonra həmin tarixdən etibarən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda müəyyən olunur ki, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə iddiaçının 2-ci ixtisas dərəcəsi olduğundan aylıq pensiya məbləğinə həm də respublikada mövcud minimum əmək haqqının 4 misli məbləğində əlavələr edilməklə pensiyanın yenidən hesablanaraq ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarı icra edilmiş və iddiaçıya pensiya təyinatı zamanı minimum əmək haqqının 4 misli məbləğində əlavə eidlməklə pensiyası hesablanmış və ödənilmişdir. Belə ki, iddiaçıya ödənilən pensiya məbləğinin tərkibində qulluq stajı 7 il, 5 ay, 16 gün olmaqla, 1995-2000-ci illərin əmək haqqından hesablanmaqla, qulluq əlavəsi 30%, vəzifə maaşı-2.840.00; qulluq stajına görə əlavə 30%-852.00, səlahiyyətlərin icrasına görə 25%-710.00, hüquq ixtisası üzrə 15%-462.00, ixtisas dərəcəsinə görə 1380.00 (345*4), mükafat 2000%-1832.67 (2840+852+426+1380)*20/60 olmaqla cəmi dövlət məvacibi 8.040.67 manat, pensiya məbləği 80% olmaqla 6432.54 manat müəyyən edilmiş, X4 çıxarışa əsasən xx.xx.2025-ci il tarixdən iddiaçıya 2024-cü ilin indeksasiya faizi 8.1% olmaqla əlavə edilməklə 6953.58 ( 6432.54 +8.1%)manat pensiya məbləği ödənilir. Əmək pensiyaları haqqında Qanunun: -20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. xx.xx.2023-cü ildən qüvvədə olan 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 5 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra “, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmişdir. İddiaçının mövqeyinə görə Qanunun 29.1-ci maddəsində qeyd edilmiş “əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” ifadəsi əmək pensiyasının tərkibinə daxil olan əlavələrin məbləğinin hər dəfəsində müəyyən edilməli və yalnız bundan sonra yeni müəyyən edilmiş əlavənin də pensiya məbləğinin tərkibində nəzərə alınmaqla ümumi məbləğə illik indeksləşdirmə tətbiq edilməklə artırılmalıdır. Bu əsasdan onun əmək pensiyasının tərkibində məhkəmə qərarı ilə təyin edilmiş ixtisas dərəcəsinə görə hər növbəti il üçün mövcud minimum əmək haqqının 4 misli götürülməli, həmin məbləğ əmək haqqı hesabına formalaşan pensiya məbləğinin tərkibinə daxil edilməklə ümumi məbləğə indeksləşdirmə faizi tətbiq edilməli və bu hal sistematik olaraq hər cari il üzə cari ilin minimum əmək haqqı və illik indekasiya faizi əsas götürülməklə hesablanmalıdır. . Məhkəmə qeyd edilən mövqe ilə razılaşmır. Yuxarıda sadalanan normalardan da göründüyü kimi 01 yanvar 2023-cü ildən edilmiş qanundakı dəyişikliyə əsasən ƏPQ-nun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin, o cümlədən hakimlərin əmək pensiyasına əlavələr məhz pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar hesabına formalaşmış, yəni həmin tarixədək olan əmək haqqındakı artımdan hakimlərin əmək pensiyası tərkibində əlavə hesablanmışdır. Bundan sonra həmin şəxslərin pensiyalarının artırılması əmək haqqındakı artım hesabına deyil, ildə bir dəfə yalnız orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq artırılması hesabına nəzərdə tutulmuşdur. Başqa sözlə, qanuna edilmiş dəyişikliklə pensiya təyinatı tarixinədək pensiya məbləğinə daxil olan əmək haqqının məbləği və əlavələr bütövlükdə ümumi pensiya məbləği daxilində ölkə üzrə hər cari il üçün illik indeksasiya faizi tətbiq edilməklə artırılır. Bu baxımdan iddiaçının tələb etdiyi şəkildə-yəni ixtisas dərəcəsinə görə əlavənin hər cari il üzrə ölkədə minimum əmək haqqının 4 mislinə vurulmaqla pensiya məbləğinə daxil edilərək alınan məbləğin yenidən illik indeksləşdirmə tətbiq edilməklə artırılması özlüyündə pensiyaçının ikiqat faydalanmasına gətirib çıxarmaqla pensiya qanunvericiliyinə edilmiş son dəyişikliyin güddüyü məqsədə-20.1.4-cü maddədə sadalanan şəxslərin əmək haqqı artımı hesabına pensiyanın artırılmasına yol verilməməsi müddəasına birbaşa ziddiyyət təşkil edir. Pensiya işindən də görünür ki, cavabdeh sonuncu dəfə pensiya təyinatı tarixinədək məhkəmə qərarına müvafiq olaraq iddiaçının ixtisas dərəcəsinə görə əlavəsini 1380 manat (minimum əmək haqqı 345 man x 4 ) məbləğində hesablamış, həmin məbləğin üzərinə əmək haqqı hesabına fomalaşan məbləği daxil etməklə cəmi dövlət məvacibinin 80 % məbləğində -6432.54 manat pensiya hesablamış, həmin ümumi məbləğə sonuncu dəfə 2025-ci ildə illik 8.1% indeksasiya faizini tətbiq etməklə ümumi pensiya məbləğini Qanunun 29-cu maddəsinin tələbinə uyğun şəkildə hesablayaraq 6953.58 manat məbləğə çatdırmışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, cavabdehin iddiaçının tələb etdiyi qaydada pensiyasının yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar