Məhkəmə qərarları › İş №2-1(112)-10317/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10317/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10317/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Solmaz Elçin qızı Əsədzadənin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı borcun silinməsinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 20.975 manat 15 qəpik məbləğində vergi borcunun ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və vergi orqanlarına müvafiq qaydada vergi hesabatlarını təqdim etmişdir. Lakin 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən ona qanunsuz və əsassız olaraq 20.975 manat 15 qəpik məbləğində vergi borcu hesablanmışdır. O, fiziki şəxs kimi hesab edir ki, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən ondan 20.975 manat 15 qəpik məbləğində vergi borcunun hesablanmasının özü qanunsuz və əsassızdır. Ona görə ki, o, qanunla müəyyən edilmiş qaydada vergi hesabatlarını müntəzəm surətdə vergi orqanlarına təqdim etmişdir. Lakin cavabdeh Bakı şəhəri LGBİ-nin müvafiq əməkdaşları tərəfindən hesabatları qəsdən qəbul edilməmiş və bunun da nəticəsində qanunsuz və əsassız olaraq süni surətdə və şişirdilmiş rəqəmlərlə ona 20.975 manat 15 qəpik məbləğində vergi borcu hesablanmışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş 11.10.2021-ci il tarixli **********259000 №li “prosessual hüquq varsliyi barədə” vəsatətdə göstərilmişdir ki, Bakı şəhəri LGBİ hazırki iş üzrə cavabdeh ola bilməz və həmin iş üzrə cavabdeh kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə icraatına cəlb edilməlidir. Belə ki, İddiaçı vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş idarəsində uçotdadır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla əsl olmayan cavabdeh Bakı şəhəri LGBİ-nin əsl cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Vergilər İdarəsi göstərilməklə, cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 20.975 manat 15 qəpik məbləğində vergi borcunun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilməklə, hazırki iş aidiyyatı üzrə göndərilməlidir. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Hazırki işin baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İPM-nin 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 05.11.2021-ci il tarixli **********839000 saylı məktubla məhkəməyə təqdim oluunmuş aşağıdakı sənədlərdən: - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Kpçkünlərin işləri üzrə Dövlət Komitəsi Mingəçevir şəhər bölməsi tərəfindən verilmiş 21.07.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Həsənova X1 şəhərində müvəqqəti məskunlaşmış və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. - Fiziki şəxs haqqında məlumat vərəqindən müəyyən olunur ki, İddiaçı 21.07.2020ci il tarixdə 11 saylı Vergiilər Baş İdarəsidə (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlaarının hesablanması barədə 23 iyul 2021-ci il tarixli **********424300 №-li qərarla İddiaçı 2020-ci il gəlir vergisi üzrə 16.777,60 manat vergi borcu hesablanmışdır. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin hüquqi ünvanı Yevlax şəhəri, Bakı prospekti 4-dür. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 54, 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair 2- 1(112)-10317/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar