Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10317/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “güzəştli şərtlərlə mənzil uçotuna götürülməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı ollmadan, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “güzəştli şərtlərlə mənzil uçotuna götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəhid ailəsi üzvü kimi 6 nəfərdən ibarət ailə tərkibində (özü, oğlu, gəlinin və üç nəvəsi) güzəştli şərtlərlə mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. İddiaçı şəhid ailəsinin üzvi kimi yaşayış sahəsinə ehtiyacı olan vətandaş qismində uçota alınması üçün cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyətinə ərizə ilə müraciət etmişdir. Müraciətə cavab olaraq cavabdeh xx.xx.2021-ci il tarixli, H-137-068 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan"nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 7 (yeddi) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, son 7 (yeddi) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşadığı müəyyən olmadığından hazırda müraciətinin təmin edilməsi səlahiyyətləri xaricindədir. İddiaçının növbəti müraciətinə cavab olaraq cavabdeh xx.xx.2022-ci il tarixli, H-178-068 nömrəli cavab məktubunda bildirmişdir ki, müvafiq sənədlər təqdim olunduqdan sonra müraciətində qaldırdığı məsələyə müvafiq qaydada yenidən baxılacaqdır. İddiaçı ərizəyə məktubda göstərilən sənədlər siyahısını əlavə etməklə yenidən müraciət etmişdir, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 5- 20/2/12-72-068/2023 nömrəli cavab məktubu ilə bu dəfə isə bildirilmişdir ki, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Bildirilir ki, İddiaçı ünvan 1 ünvanında xx.xx.2021-ci il tarixdən qeydiyyata alındığından və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatı olmadığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2 maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinin təmin edilməsi səlahiyyətləri xaricindədir. Aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası əsassızdır və iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh aidiyyəti olamayan Qaydaya istinad edərək iddiaçının Bakı şəhərində gah 7 (yeddi) il, gah da ki, 5 (beş) il qeydiyyatda olmadığını əsas gətirməklə müraciətin təmin olunmasından əsassız olaraq imtina etmişdir. Şəhid arvadı - İddiaçı ailə tərkibi 6 (altı) nəfərdən ibarətdir, şəhid ailəsi kimi bu vaxta qədər mənzil uçotuna götürülməmişdir və mənzil və ya torpaq sahəsi ilə təmin edilməmişdir və hazırda da mənzil sahəsinə ehtiyacı var. Cavabdeh müraciətə həssas yanaşmaqla nəzərə almalı idi ki, iddiaçı şəhid arvadıdır və onun həyat yoldaşı vətən uğrunda şəhid olmuşdur. Şəhid ailələri digər vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli H-137-068 nömrəli məktubunda bildirilmişdir ki, şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmasına köməklik göstərilməsi haqqında İddiaçı ərizəsinə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 7 (yeddi) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Yuxarıda qeyd olunanlara əsasən ərizəçinin son 7 (yeddi) il ərzində Bakı şəhərində qeydiyyatda olmaqla yaşadığı müəyyən olunmadığından hazırda müraciətinin təmin edilməsi səlahiyyətləri xaricindədir; - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli H-178-068 nömrəli məktubunda bildirilmişdir ki, Şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına köməklik göstərilməsi haqqında İddiaçı ərizəsinə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciət ilə bağlı aşağıda qeyd olunan sənədlərin RİH-ə təqdim edilməsi xahiş olunur: -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən yaşayış sahəsinin mülkiyyətçisi olmaması haqqında arayış (18 yaşından yuxarı ailə üzvlərinin hər biri üçün); - qeydiyyatda olduğu inzibati ərazi üzrə bələdiyyədən torpaq alıbalmamağı haqqında arayış (18 yaşından yuxarı ailə üzvlərinin hər biri üçün); - 2 №-li forma arayışı; - yetkinlik yaşına çatmayan ailə üzvlərinin doğum haqqında şəhadətnamələri; şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti (18 yaşından yuxarı ailə üzvlərinin hər birinin); - nikahın bağlanması haqqında şəhadətnamə; - Şəhid ailəsinin üzvü olduğuna dair vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti; - ƏƏSMN-dən şəhid ailəsi kimi müavinət aldığına dair arayış; Qeyd olunan sənədlər təqdim olunduqdan sonra müraciətə qaldırdığı məsələyə müvafiq qaydada yenidən baxılacaqdır; - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 5-20-2-H-72-062/2023 nömrəli məktubunda bildirilmişdir ki, Şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına köməklik göstərilməsi haqqında İddiaçı ərizəsinə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı ünvan 1 ünvanına xx.xx.2021-ci il tarixdən qeydiyyata alındığından və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatı olmadığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2. maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinin təmin edilməsi səlahiyyətləri xaricindədir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, X1, X2, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir; - Bakı şəhəri Suraxanı rayonu Hövsan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 95 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı həqiqətən Hövsan Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023cü il tarixli 3-17-7/2-H-10002/2023 nömrəli arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan şəhid ailəsi üzvü kimi 600 (altı yüz) manat məbləğində Prezident təqaüdü alır; - 104 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 109 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 3a, mənzil 75-də hal-hazırda qeydiyyatdadır; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 5-də xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır; - Sədərək rayonu Sədərək bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 02 nömrəli arayışından görünür ki, İddiaçı Sədərək bələdiyyəsinə heç bir borcu yoxdur. Sədərək bələdiyyə fond torpaqlarından istifadə etmir; - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “məlumatın verilməsi barədə” məktubunda qeyd edilmişdir ki, İddiaçı adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-20/2-1245/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “güzəştli mənzil növbəsinə alınması” tələbinə dair inzibati işlə bağlı bildirlir ki, iddiaçı RİH-ə müraciət edərək, şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Bildirilir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı RİH-ə təqdim etdiyi sənədlərdən onun son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən müraciətini təmin etmək mümkün olmamışdır; - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-132050/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X3 şəhid olması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanlında Dövlət Sosial Təminat Xidmətinin Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1 yanvar 2007-ci il tarixdən 31 mart 2022-ci il tarixədək yaşayış yerini dəyişdiyi üçün isə Fond tərəfindən 1 aprel 2022-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi davam etdirilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı şəhid ailə üzvü kimi altı nəfərdən ibarət tərkibdə (üzü, oğlu, gəlini, və üç nəvəsi) ilə birlikdə güzəştli mənzil uçotuna götürülməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək qeyd etmişdir ki, “İddiaçı ünvan 1 ünvanına xx.xx.2021-ci il tarixdən qeydiyyata alındığından və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatı olmadığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinin təmin edilməsi səlahiyyətləri xaricindədir.” İddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli Arayışında İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatda olduğu qeyd edilmişdir. Lakin, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının digər ailə üzvləri kimi göstərdiyi və güzəştli şərtlərlə mənzil növbəsinə alınmasını xahiş etdiyi şəxslər halhazırda Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Sədərək kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin şəxslərin daimi yaşayış yerinin Bakı şəhərində olmasını təsdiq edən sübut yoxdur. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki,“Yaşayış yeri və olduğuyer üzrə qeydiyyat” haqqında Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçı özü yaşayış yeri üzrə xx.xx.2021-ci il tarixdən Bakı şəhərində qeydiyyatda alınsa da ailə üzvlərinin isə daimi yaşayış yeri üzrə qeydiyyatları hal-hazırda Bakı şəhəri deyil, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Sədərək kəndidir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ünvanı tərk edərək, Bakı şəhərinə köçərək, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata düşməsi onun tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilir. Həmçinin bu onunla sübuta yetirilir ki, iddiaçının qeyd alınmasını tələb etdiyi ailə üzvləri hal-hazırda Sədərək kəndində qeydiyyatda olmaqla orada yaşayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Göründüyü kimi qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığımehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olanşəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tamhəcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosialmüdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edərək qeyd edir ki, iş materiallarından da müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanına 2021-ci ilin iyun ayından qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının Bakı şəhəri Suraxanı rayonunun ərazisində beş ildən az qeydiyyatda olması (yaşaması) işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından iddia tələbi əsassız olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı şəhid ailəsi üzvü kimi 6 nəfərdən ibarət ailə tərkibində (özü, oğlu, gəlinin və üç nəvəsi) güzəştli şərtlərlə mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev