Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10318/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İHakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi Xudaverdiyev Yalçının, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin artırılmış hissəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması və digər" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda mülkiyyətində olan mənzilin artırması olan 85 kv.metr yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 14A ünvanda artırma hissəsi ilə birlikdə 130 kv. metr sahəsi olan 5 nömrəli mənzili 2002-ci ildə satın almışdır. Mənzili satın alarkən sənəd üzrə 45 kv.metr göstərilməsinə baxmayaraq, faktiki olaraq 130 kv.metr və təqribən 1,4 sot, divarlarla və darvaza ilə əhatə olunmuş, meyvə ağacları və yaşıllıqlarla dolu həyətyanı torpaq sahəsi olmuşdur. İddiaçı həmin mənzilin artırması olan 85 kv.metr yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bunu etməkdən imtina etmişdir. Halbuki, həmin artırmalar 22 ildən öncə edilmiş və iddiaçı mənzili satın aldığı zaman artırma və torpaq sahəsinin də pulunu ödəmişdir. Artırmalar binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində edilmişdir. Həmçinin, onun kimi eyni statuslu, eyni tipli, eyni struktura malik, onun mənzilinin yerləşdiyi bina ilə üzbəüz binanın bir neçə mənzil sahibləri olan digər şəxslərin binanın ümumi istifadəsində olan torpaq sahəsində əlavə artırma tikililərinə mülkiyyət hüquqları müxtəlif vaxtlarda dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Bu isə o deməkdir ki, "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, onun hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, mənzilə əlavə olaraq inşa edilən 85 kv.metr sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 14a-da yerləşən ümumi sahəsi 34,50 kv.metr olan 5 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinin 19 yanvar 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Sabunçu rayonu, ünvan 2 ünvanlarda yerləşən uzun müddət əsaslı təmir olunmadan istismar edilən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəzalı hesab edilmiş məhdud kommunal şəraitli çoxmənzilli yaşayış binalarının "xxxx" MMC tərəfindən sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış kompleksinin inşa edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə hər ay kirayə haqqı ödənilməklə sakinlərin müvəqqəti başqa yerə köçürülməsi və mənzilə dair mülkiyyət hüququ verən sənədlərdə göstərilən ümumi sahədən 20% artıq tam təmirli mənzillərlə təmin olunması ilə bağlı Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi 12a və 14a saylı binalarda yaşayan sakinlərlə MTK arasında müqavilələr imzalanmağa başlanmışdır. Sakinlər sözügedən məsələ ilə əlaqədar bir neçə dəfə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbullar zamanı 12a və 14a saylı binalarda yaşayan 25 ailədən 20-si ilə razılıq əldə olunduğu müəyyən edilmişdir. Razılıq əldə olunmuş sakinlər mənzillərində olan qapı-pəncərə, taxta konstruksiyaları, texniki avadanlıqları sökərək binaları tərk etmişlər. Araşdırma zamanı iddiaçıya məxsus mənzilin rəsmi sənədlərdə göstərilən ümumi sahəsi ilə mövcud sahə arasında böyük fərqlərin olduğu, iddia etdiyi qalan sahənin isə bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsinin zəbt edilməklə sonradan qanunsuz inşa edildiyi müəyyən edilmişdir. Cavabdehin Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən ünvan 1 hüquqmüəyyənedici sənəd üzrə və faktiki 2 otaq olmaqla ümumi sahəsi 34.5 kv.metr təşkil edir. 59.5 kv.metr əlavə tikili mövcuddur. Binanın bir hissəsində söküntü işləri aparılır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Mənzilin texniki göstəricilərini və dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, iddiaçıya məxsus mənzil ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Sənəd üzrə mənzilin daxili ümumi sahəsi 34.45 kv.metr təşkil edir. Bağlı eyvan 7.56 kv.metrdir. Sxemdə yaşıl xətlə göstərilmişdir. Sənəd üzrə iki otaqdan ibarət olmasına baxmayaraq, sonradan əlavə tikililər inşa edilmişdir. Nəticədə mənzilin daxili ümumi sahəsi 111.03 kv.metr təşkil edir. Mənzilin daxili və xarici divarları da nəzərə alınmaqla hesablanması nəticəsində ümumi sahəsi 127,7 kv.metr təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilin artırması olan 85.0 kv.m. yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd (8.0.10). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr (8.0.12). İşdən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 14a-da yerləşən ümumi sahəsi 34,50 kv.metr olan 5 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı hazırda həmin mənzilin artırması olan 85 kv.metr yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh inzibati orqan mənzilə əlavə olaraq inşa edilən 85 kv.metr sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini əsas gətirərək imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən 5 saylı mənzilə əlavə olaraq inşa edilən 85 kv.metr sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində təsbit edilmiş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. İddiaçının mənzil üzərində hüquqlarının təsdiqi kimi əsaslandığı hər hansı bir sənəd olmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçı yalnız həmin artırmanın uzun illərdir ki, onun istifadəsində olmasına əsaslanmışdır ki, qeyd edilən hal iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda mülkiyyətində olan mənzilin artırması olan 85 kv.metr yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-10318/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10318/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver