Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10319/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (atası) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “aylıq müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı, X4, X5 və X6 Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qanunverçiliklə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin ödənilməsi nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1982-ci il tarixdə Laçın rayonunda anadan olmuş və 1992-ci ildə Laçın rayonunun işğalı ilə əlaqədar ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gəlmişdir. 2006-cı ildə X7 ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2007-ci il tarixdə X8, xx.xx.2011 -ci il tarixdə X10 və xx.xx.2011-ci il tarixdə X11 adlı övladı olmuşdur. İddiaçı övladlarına Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini üçün Bakı inizbatı məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10478/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2011 -ci il təvəllüdlü X6 “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi apellyasiya şikayəti verilmiş, Bakı apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10478/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmış və icraya yönəldilmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ona və üç övladına qanunverçiliklə nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsi barədə rəsmi müraciət etmişdir. Lakin müraciəti bu gün qədər cavabsız qalmışdır. Haz-hazırda məskunlaşdığı evdə aylıq 400 manat kirayədə qalır.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10478/2024 nömrəli Qərarı ilə xx.xx.2007-ci ıl təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 “məcburi köçkün’’ statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 3988/2024 nömrəli Qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10478/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AA seriyalı 325764 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir.
6. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AA seriyalı 512011 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
8. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı:
3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; 3.6. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir; 3.7. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir.
12. Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan aydın olur ki, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənilməsi vəzifəsi (səlahiyyəti) yoxdur.
13. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun səmərəli hüquqi müdafiə vasitəsi “vahid aylıq müavinətin ödənilməsi” tələbi ilə ərazisi işğal olunmuş müvafiq rayonun icra hakimiyyəti orqanına (hazırki iş üzrə Laçın Rayon İcra Hakimiyyətinə) müraciət etməli, müraciətin təmin olunmasından imtina olunduğu təqdirdə isə müvafiq tələblə məhkəməyə müraciət edə bilər.
14. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
15. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
16. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
17. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək vahid aylıq müavinətin ödənilməsi üçün aidiyyəti üzrə Laçın Rayon İcra Hakimiyyətinə müraciət etmək hüququ izah edilmişdir.
18. Məhkəmə eyni zamanda qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, İddiaçı ilə yanaşı, X8, X10 və X11 iddiaçı qismində iştirak etməlidir.
19. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva