Məhkəmə qərarları › İş №2-1(112)-1032/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1032/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1032/2020 08.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Ağcabədi rayonu, Qaradolaq kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (2 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri, ekspert cərrahı, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 21 iyun 2019-cu il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin 18 iyul 2016-cı il tarixə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 21 iyun 2019-cu il tarixində qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı uzun illərdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Son klinik diaqnoz: Beynin xroniki işemiyası. Beyin atrofiyası. Dissirkulyator ensefalopatiya İİİ mərhələ, tez-tez təkrarlanan vessibulyar krizlərlə. Keçirilmiş işemik insulin qalıq əlamətləri, sol tərəfli hemisindromla. İddiaçı xəstəliyi ilə bağlı təqaüdə çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə etdiyi müraciətindən sonra ona ikinci dərəcəli əlilliyin verilməsi müəyyən edilmişdir. Təyinin tarixi xx.xx.2019-cu ildir. İddiaçı ilk əvvəl xəstəliyi ilə bağlı 1987-ci ildən təqaüd almışdır. Ona məlum olmayan səbəblərdən təqaüdü 1998-ci ildə kəsilmiş, həm yazılı, həm də şifahi bildirilmişdir ki, əlavə müalicəyə ehtiyac vardır. Lakin onun xəstəliyi gündən günə pisləşir. Bu günkü gündə də müalicəsini alır. Onun təqaüdünün 1998-ci ildə yenidən təyin edilməsi üçün ondan pul tələb etmişlər. Lakin onun maddi imkanı olmadığı üçün o, həmin pulu onlara verə bilməmiş və təqaüdü kəsilmişdir. 1998-ci ildən bu günə kimi müraciətlər etmiş və sonunda ona 2019-cu ildə yenidən İİ qrup əlillik dərəcəsi verilmiş və 1 aydır ki, təqaüdünü almışdır. Onun xəstəliyi 2019-cu ildə deyil, 1998-ci ildən yaranmışdır. 2016-cı ildə müraciətini nəzərə alaraq həmin tarixdən ona İİ qrup əlillik dərəcəsi təyin edilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət məhkəməyə təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişləri əsasında xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2018-ci, xx.xx.2019-cu illərdə qiymətləndirilmiş və göndərişlərdə qeyd edilmiş məlumatlar əlilliyin təyininə əsas vermədiyi üçün əlillik təyinatı aparmaq mümkün olmamış və imtina qərarları verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə 21 iyun 2019-cu il tarixdə səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma, X4. Teztez baş verən boğulma tutmaları ilə. Xroniki respirator çatmamazlıq, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə. Hormonların qeyri-normal miqdarda olması, hormonlardan asılı vəziyyət. Ağ ciyərlərin emfizeması.” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Yalnız sonuncu göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilmişdir. Buna görə də ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26. bəndinə müvafiq olaraq "Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma, X4. Tez-tez baş verən boğulma tutmaları ilə. Xroniki respirator çatmamazlıq. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə. Hormonların qeyri-normal miqdarda olması, Hormonlardan asılı vəziyyət. Ağ ciyərlərin emfizeması diaqnozu ilə xx.xx.2019-cu il tarixdən ümumi xəstəlik səbəbi ilə xx.xx.2024-cü il tarixdən İİ dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş müayinə barədə xx.xx.2016-cı il tarixli məlumatdan görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi diaqnozun əlillik əlamətini təyin etmədiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtina edilməyə səbəb kimi göndərişin natamam doldurulması. Ətraflı: Diqanoz düzgün formalaşdırılmayıb, ağırlaşmalar və yanaşı xəstəliklər əsas diaqnozun içində yazılıb, ağırlaşmalar obyektiv müayinədə öz əksini tapmır, müayinələr qənaətbəxş deyil. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2016-cı il tarixində iddiaçının əlilliyi qiymətləndirilmiş və müəyyən edilmiş diaqnoz əlilliyin təyininə əsas vermədiyi üçün əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçının əlilliyi daha sonra xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş, lakin göndərişin natamam doldurulması əsası ilə, daha ətraflı diqanoz düzgün formalaşdırılmayıb, ağırlaşmalar və yanaşı xəstəliklər əsas diaqnozun içində yazılıb, ağırlaşmalar obyektiv müayinədə öz əksini tapmır, müayinələr qənaətbəxş deyil əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçının əlilliyi sonuncu dəfə 21 iyun 2019-cu il tarixdə səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma, X4. Tez-tez baş verən boğulma tutmaları ilə. Xroniki respirator çatmamazlıq, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə. Hormonların qeyrinormal miqdarda olması, hormonlardan asılı vəziyyət. Ağ ciyərlərin emfizeması.” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir və iddiaçıya bunun əsasında həmin tarixdən əlillik təyin edilmişdir. Lakin iddiaçı xəstəliyinin 2019-cu ildən daha əvvəl yarandığını, 2016-cı il tarixdə əlilliyin təyin edilməsi ilə bağlı müraciətini nəzərə alaraq ona 21 iyun 2019-cu il tarixdə təyin edilmiş əlilliyin 18 iyul 2016-cı il tarixə dəyişdirilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********6 saylı məktubla iddiaçının müraicətinin təmin edilməsindən imtina edilmiş və bildirilmişdir ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndində müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Göründüyü kimi vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Əsasnaməsinin 3-cü bəndi Xidmətin vəzifələrini əks etdirir. Həmin vəzifələrdən biri 3.1.2-ci bəndə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etməkdən ibarətdir. “Tibbi-sosial Ekspert Komissiyası haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. İddiaçı ona əlilliyin təyin edilmə tarixinin xx.xx.2016-cı il tarixə dəyişdirilməli olmasını iddia etsə də, lakin iddiaçının əlilliyi həmin tarixdə qiymətləndirilmiş və müəyyən edilmiş diaqnoz əlilliyin təyininə əsas vermədiyi üçün əlillik təyin edilməsindən imtina edilmişdir. Həmiçinin tarixdə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində mübahisələndirilməmiş, əksinə iddiaçı əlilliyin təyin edilməsi ilə bağlı təkrar müayinələrdən keçmişdir və sonuncu xx.xx.2019-cu il tarixli müayinə zamanı ona təyin edilmiş diaqnozu əlilliyin təyin edilməsi üçün əsas verdiyindən cavabdeh tərəfindən ikinci dərəcəli əlillik təyin edilməsi ilə bağlı qərar qəbul edilərək, 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya TSEK-in xx.xx.2019-cu il tarixli qərar əsasında İİ dərəcəli əlillik təyin edildiyindən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, iddiaçıya təyin olunmuş əlilliyin tarixinin dəyişdirilməsi üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar