Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1032/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və “xxxx” MMC) “Sərəncamın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10.02.2017-ci il tarixli 53 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında «xxxx» MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10 fevral 2017-ci il tarixli 53 nömrəli Sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 15.03.2007-ci il tarixli 08/03 saylı qərarı ilə ona satılmış və bu günədək həmin torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi 10.06.2016-cı il tarixindən “xxxx” MMC-nin qanuni təmsilçisi X6 ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən 10 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verilmişdir. “xxxx” MMC-nin müraciəti əsasında 10.02.2017-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində “xxxx” MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi barədə 53 saylı Sərəncam qəbul edilmişdir. Sonradan “xxxx” MMC aralarında bağlanmış müqavilə şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş, bu vəziyyət 3 aydan artıq davam etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsinin tələblərini rəhbər tutaraq icarə müqaviləsini 24.07.2018-ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir və bu barədə “xxxx” MMC-yə rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Lakin “xxxx” MMC icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinə məhəl qoymayaraq torpaq üzərində istifadə və ya hər hansı digər əmlak hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə “xxxx” MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə xitam verildiyini, dolayısı ilə “xxxx” MMC-nin faktiki olaraq sözügedən torpaq sahəsi üzərində heç bir istifadə hüququnun olmadığını nəzərə almayaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.02.2017-ci il tarixli 53 saylı “xxxx” MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında Sərəncamının əsasında 07.05.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədi ilə sözügedən torpaq sahəsi üzərində “xxxx” MMC-yə yaşayış binasının tikilməsinə icazə vermişdir. “xxxx” MMC Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 07.05.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədinin etibarsız olmasına baxmayaraq, onun əsasında hazırda mülkiyyətinə müdaxilə edərək qanunsuz olaraq həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Bələdiyyə qərarı əsasında onun mülkiyyətinə verilmiş torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Belə olan halda artıq balansından çıxarılmış torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilməsi qanuna və hüquqa ziddir. Mübahisələndirilən sərəncamın verilməsi Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətində deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili X3 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinin 10 fevral 2017-ci il tarixli, 53 saylı sərəncamı ilə “xxxx” MMC-yə 30 yanvar 2017-ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq, ünvan 1də yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Lakin həmin ərizədən başqa “xxxx” MMC tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsində tələb edilən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən heç bir sənəd təqdim edilməmişdir, cavabdeh tərəfindən isə hüquqazidd şəkildə qanuni bir əsas olmadan sifarişçinin tələbinə əsasən sərəncam qəbul edilmişdir. Bundan başqa, Bələdiyyə qərarı əsasında iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Belə olan halda artıq balansından çıxarılmış torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilə bilməzdi. Mübahisələndirilən sərəncamın verilməsi Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətində deyildir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hüquqazidd olaraq öz balansında olmayan torpaq sahəsi ilə bağlı sərəncam qəbul edilmişdir. Ona görə də Bakı şəhər İcra Hakimiyyətinin 10 fevral 2017-ci il tarixli, 53 saylı sərəncamı etibarsızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 15.03.2007-ci il tarixli 08/03 saylı qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12.03.2007-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli iqtisadi inkişaf daimi komissiyasının 13.03.2007-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan İddiaçı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında imzalanmış Torpaqların alqı-satqısına dair aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bələdiyyə ərazisində 0.12 ha torpaq sahəsi M.Ə.Rəsulzadə Bələdiyyəsinin 15.03.2007-ci il tarixli 08/03 saylı qərarına əsasən İddiaçı satılmışdır. İş materiallarında olan Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təsdiqn edilmiş 12.03.2007-ci il tarixli 0022 nömrəli Ərazinin Planından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə təklif olunan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin planı tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 27.05.2019-cu il tarixli RB-A/88 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı adına verilmiş 15.03.2007-ci il tarixli 08/03 saylı qərarı hazırda qüvvədədir. İş materiallarında olan İddiaçı (icarəyə verən) ilə “xxxx” MMC adından X6 (icarəçi) arasında bağlanmış 10.06.2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini (tam hissə 1200 kv.m) “icarəçi” “xxxx” MMC adından X5 icarəyə verir (maddə 1). İcarəyə verilən əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən “icarəyə verən”ə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 15.03.2007-ci il tarixdə İddiaçı verilmiş – reyestr nömrəli, 08/03 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 1200 kv.m (maddə 2), İcarə müddəti 10.06.2026-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir (maddə 3). İcarəyə verilən sahənin istifadəsinə görə “icarəçi” “icarəyə verən”ə aylıq 100 manat icarə haqqı ödəyir (maddə 5). Müqavilənin ləğvi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir (maddə 8). Tərəflərin razılığına əsasən “icarəçi” hər aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir (maddə 10). İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” MMC-yə və X5 ünvanlanmış bildirişin surətindən görünür ki, 10.06.2016-cı il tarixli icarə müqaviləsinin 10-cu bəndində nəzərdə tutulan icarə haqqı ödənilməmiş və bununla da müqavilədən irəli gələn öhdəliklərin icrası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsinin tələbləri rəhbər tutularaq 10.06.2016-cı il tarixli icarə müqaviləsinin ləğv edildiyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10.02.2017-ci il tarixli 53 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, «xxxx» MMC-nin 30.01.2017ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq ünvan 1də yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün «xxxx» MMC-yə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 07.05.2020-ci il tarixli 38 nömrəli Obyektin tikintisinə icazənin surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 11.06.2018-ci il tarixli 363 saylı sərəncamından çıxarışın surətindən görünür ki, ünvan 1də «xxxx» MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasına dair tərtib olunmuş şəhərsalma əsaslandırması təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.01.2019-cu il tarixli 02 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 363 saylı 11.06.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” 31.08.2000-ci il tarixli 812 saylı Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24.12.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501.26 ha torpaq sahəsinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə Bələdiyyəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 01.02.2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, mübahisələndirilən və Bakı şəhər İcra Hakimiyyətinin 10.02.2017-ci il tarixli 53 saylı sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ayrıc aktına və ona əlavə edilmiş koordinatlarda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31.08.2000-ci il tarixli 812 nömrəli Sərəncamı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Mübahisələndirilən, təqdim edilən koordinatların hüdudları daxilində yerləşən 0.1567 ha ərazidən X1 adına sahəsi 240 kv.m, reyestr nömrəsi **********73 (tarix: 24.10.2019), X1 adına sahəsi 310 kv.m reyestr nömrəsi **********76 (tarix: 14.05.2010) olan çıxarışlar verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 15.03.2007-ci il tarixli 08/03 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı (icarəyə verən) ilə “xxxx” MMC adından X6 (icarəçi) arasında bağlanmış 10.06.2016-cı il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini (tam hissə 1200 kv.m) “icarəçi” “xxxx” MMC adından X5 10.06.2026-cı il tarixədək icarəyə vermişdir. İcarə haqqı ödənilmədiyi üçün İddiaçı tərəfindən “xxxx” MMC-yə və X5 bildiriş göndərilmiş və icarə müqaviləsinin ləğv edildiyi bildirilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10.02.2017-ci il tarixli 53 nömrəli Sərəncamına əsasən «xxxx» MMC-nin 30.01.2017-ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq ünvan 1də yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün «xxxx» MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 11.06.2018-ci il tarixli 363 saylı sərəncamına əsasən ünvan 1də «xxxx» MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasına dair tərtib olunmuş şəhərsalma əsaslandırması təsdiq edilmişdir, lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.01.2019-cu il tarixli 02 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 363 saylı 11.06.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” 31.08.2000-ci il tarixli 812 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24.12.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501.26 ha torpaq sahəsinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə Bələdiyyəsinə təhvil verilməsi qərara alınmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 01.02.2021-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.02.2017-ci il tarixli 53 nömrəli Sərəncamına əsasən «xxxx» MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31.08.2000-ci il tarixli 812 nömrəli Sərəncamı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ayrılmış torpaq sahəsinə aiddir və həmin ərazidə yerləşən, bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqları digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışlar da verilmişdir. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.02.2017-ci il tarixli 53 nömrəli Sərəncamına əsasən «xxxx» MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 10.02.2017-ci il tarixli 53 nömrəli Sərəncamla bələdiyyə torpaqlarına aid olan torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün «xxxx» MMC-yə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsinə münasibətdə isə Bakı şəhər İcra Hakimiyyəti sərəncam vermək səlahiyyətinə malik deyildir. Belə bir sərəncamın qəbul edilməsinə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyəti olmamışdır. Həmin Sərəncam səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hesab edilir. Bu isə həmin sərəncamın etibarsız sayılmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır; 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10 fevral 2017-ci il tarixli 53 nömrəli Sərəncamı etibarsız sayılsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1032/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1032/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver