Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1032/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.1983 - xx.xx.2003-cü illərdə "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC" - də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu 15 aprel 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdə keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də 1 saylı sexdə anbardar vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra isə, xx.xx.1984-cü il tarixdə 1 saylı sexdə 2-ci dərəcə ilə zərərli əmək şəraitində rəngli metalların yandırıcısı vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixdə ona əlvan metalların yandırıcısının 3-cü dərəcəsi verilmişdir. xx.xx.1988-ci il tarixdə ona əlvan metalların yandırıcısının 4-cü dərəcəsi verilmişdir. SSRİ Əlvan Metallar Nazirliyinin 153 saylı, xx.xx.1988-ci il tarixli əmrinə əsasən Bakı X3 Zavodu və Bakı Yüngül Metalların Emalı Zavodu Bakı X1raq birləşdirilmişdir. SSRİ Metallurgiya Nazirliyinin 118 saylı, xx.xx.1989-cu il tarixli əmrinə istinadən, Bakı X3 Zavodu yenidən təşkil edilərək, 2 zavod olaraq ayrılmışdır Bakı Alüminyum Yayma Zavodu). xx.xx.1996-cı il tarixdə iddiaçı həmin sexdə anbardar vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı Sərəncamına əsasən, “Bakı Alüminyum Yayma” zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2003-cü il tarixdə iddiaçı öz xahişinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. Keçmiş “Bakı Alüminyum Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də xx.xx.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu səbədən də, zavod ona əlavə sənədlər təqdim edə bilmir. İddiaçı onun qanunvericiliklə tələb olunan ümumi və xüsusi stajının tamam olduğunu əsas gətirərək ona əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə ona imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 09 may 2023-cü il tarixli arayışında onun xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək isti əridici sexdə əlvan metal yandırıcısı vəzifəsində işlədiyi qeyd olunmuş, eyni zamanda həmin arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı da bildirilmişdir. Bundan başqa həmin imtinada sözügedən müəssisə ilə ünvan və telefon vasitəsilə əlaqə saxlanıldığı, lakin bunun müsbət nəticə vermədiyi qeyd olunaraq, sonuncu səbəbdən onun həmin müəssisədə işləyib-işləməməsinin, əməkhaqqı alıb-almamasının, eyni zamanda işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olubolmadığını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Qeyd olunan səbəbdən də iddiaçıya ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması məsələsinə xx.xx.1983cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan müddətdə müvafiq müəssisədə işləməyinə dair qeydlərin əməkhaqqı arayışları əsasında təsdiq olunduqdan sonra baxıla biləcəyi bildirilmişdir. İşin araşdırılmış hallarından və qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01 2006-cı il tarixədək olan müddətdə 20 il ümumi, 10 il güzəştli iş stajının olması təsdiq olunmur. Həmçinin, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin 16 iyun 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-N seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Alüminium Yayma zavodunda 1 saylı sexdə anbardar vəzifəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək eyni sexdə 2-ci dərəcə ilə zərərli əmək şəraitində rəngli metalların yandırıcısı vəzifəsində işləmişdir. SSRİ Əlvan Metallar Nazirliyinin 153 saylı, xx.xx.1988-ci il tarixli əmrinə əsasən, Bakı X3 Zavodu və Bakı Yüngül Metalların Emalı Zavodu Bakı X1raq birləşdirilmişdir. SSRİ Metallurgiya Nazirliyinin 118 saylı, xx.xx.1989-cu il tarixli əmrinə istinadən, Bakı X3 Zavodu yenidən təşkil edilərək, 2 zavod olaraq ayrılmışdır. İddiaçı xx.xx.1996-cı ildə həmin sexə anbardar keçirilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. İddiaçı xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 09 may 2023-cü il tarixli, 01 saylı güzəştli arayışa əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi isti əridici sexində əlvan metalların yandırıcısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir (1 nömrəli siyahı, bölmə Vİİ, kod ******* a – 16360). "xxxx" ASC tərəfindən verilmiş 09 may 2023-cü il tarixli, 02 saylı arayışa əsasən iddiaçının xx.xx.1983-cü ildən xx.xx.2003-cü ilədək işlədiyi “Bakı Alüminium Yayma zavodu” da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 oktyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2020-ci il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı ilə bağlı hər-hansı məlumat qeyd edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona 52 yaşının tamam olduğu 15 aprel 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 10 il stajı olan qadınların yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır. İddiaçı 2006-cı ilədək pensiya təyini üçün ümumi və güzəştli stajı topladığını hesab edərək ona 52 yaşdan əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehin etirazının əsas dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan müddətdə “Bakı Alüminium Yayma zavodu”nda, yəni indiki "xxxx" ASC-də olan iş stajı öz təsdiqni tapmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi “Bakı Alüminium Yayma zavodu” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. Yəni, həmin müəssisənin hüquqi varisi mövcuddur. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan müddətdə olan stajı ilə bağlı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlara əsaslanmışdır. Həmin arayışlarda iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi isti əridici sexində əlvan metalların yandırıcısı vəzifəsində işlədiyi göstərilmişdir. Lakin, həmin arayışda onun iddiaçının əmək kitabçasına əsasən tərtib edildiyi qeyd edilmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində də bildirmişdir ki, 2013-cü ildə "xxxx" ASC-də yanğın baş vermiş və arxiv sənədləri yanmışdır. Həmin fakt iş materiallarına əlavə edilmiş digər şəxslərin hazırkı iş üzrə cavabdehə qarşı analoji iddia tələblərinə dair məhkəmə aktlarında da öz əksini tapmışdır. Yəni, 2013-cü ildə yanğın nəticəsində btün arxiv sənədləri yanmış bir hüquqi şəxsin iddiaçıya güzəştli arayışı hər hansı mötəbər bir sənədə əsaslanaraq verməsi mümkün deyildir. Bu hal da məhz iddiaçıya verilmiş güzəştli arayışın əmək kitabçası məlumatlarına əsasən tərtib edildiyini təsdiq edir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın yuxarıda istinad edilən müddəaları ilə müəyyən edilir ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti əmək kitabçası ilə yanaşı işəgötürənin arayışına əsasən müəyyən edilir. Həmin staj əmək kitabçasında əks olunmaqla yanaşı işə götürənin arayışı ilə də təsdiq edilməlidir. Yəni, işə götürənin arayışı əmək kitabçasında göstərilən stajın həqiqiliyini və güzəştli şərtlərlə pensiya hüququ verən staja aid olduğunu təsdiqləməlidir. Bunun əksinə olaraq güzəştli arayış əmək kitabçası məlumatlarına əsaslanmaqla tərtib olunmamalıdır. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Alüminium Yayma zavodunda 1 saylı sexdə anbardar, xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək eyni sexdə 2-ci dərəcə ilə rəngli metalların yandırıcısı, xx.xx.1996-cı ildən anbardar vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin qeydlərin heç birində Bakı Alüminium Yayma zavodunun nə işə götürəninin, nə də kadrlar şöbəsi rəisinin adı və imzası göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı Alüminium Yayma zavodunda olan güzəştli iş stajı öz təsdiqini tapmır. Bu səbəbdən iddiaçının 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olmadığı üçün təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 52 yaşının tamam olduğu 15 aprel 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1032/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1032/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver