Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10320/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət 25,44 kv.m yaşayış sahəsindən ibarət olan 12 saylı mənzilin nömrəsi təkrərlandığı üçün yeni ünvan göstəricisi verilməklə, həmin mənzilin dövlət qeydiyyatına alınaraq həmin mənzilə dair iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquqlarının yaranmasının əsasında iddiaçı ilə bağlanmış kirayə müqaviləsi dayanır. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, lakin sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, ddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********21 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, 7 saylı evin, 13 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 149 saylı sərəncamı xx.xx.2013-cü il tarixdə verilmişdir. İdarənin mütəxəsissləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsinin 49.9 kv.m olduğu məlum olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səbail rayon İcra Hakimiyyətinin Başçısının 22 may 2013-cü il tarixli, 149 №-li Sərəncamı ilə İddiaçı 1 nəfər ailə üzvü ilə (özü) ünvan 2 ünvanda, yaşayış sahəsi 25,44 kv.m olan 1 otaqlı, 13 saylı mənzilin ayrılması və onun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. SOCAR tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2014-cü il tarixli 400s saylı Sərəncamına əsasən SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, o cümlədən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, ev 7 Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. 148 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçı ünvan 3 ünvanında ARDNŞ-in və ANQSİ HİRK birgə iclaslarının protokol qərarlarına və Səbail rayonu İcra Hakimiyyətinin 22 may 2013-cü il tarixli №149 saylı sərəncamına əsasən xx.xx.2015-ci ildə qeydiyyata düşmüşdür. Vətəndaş İddiaçı 2015-ci illərdə sənədlərini 148 saylı MKİS-ə təqdim etdiyi zaman binada 2 eyni 13 saylı mənzillərin ortaya çıxması aşkar olunmuşdur. Həmin binada inventarizasiya aparıldı, məlum oldu ki, binada digər 13 saylı mənzilda X1 ailəsi ilə birlikdə qeydiyyatdadır və yaşayır. Vətəndaş İddiaçı verilmiş ilkin sənədlərdə həmin mənzilin nömrəsi 13 saylı mənzil deyil, 13 a saylı mənzil olmalı idi. Həmin mənzillərdə hal-hazırda fərqli-fərqli ailələr yaşayır və 13a saylı mənzilin digər 13 saylı mənzilə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2013-cü il tarixli, 3 №-li protokolundan çıxarışda qeyd olunmuşdur ki, ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotunda dayanan, X2 xx.xx.1988-ci ildə 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) mənzil uçotuna götürülüb. İddiaçı 2002-ci ildə arvadı ilə nigahı pozulmuşdur. xx.xx.2003cü ildə İddiaçı mənzil uçotunda dəyişiklik edilərək (İddiaçı xahişi əsasında) o 1 nəfər ailə tərkibi ilə mənzil uçotunda hesab edilmişdir. İddiaçı xx.xx.2007-ci il tarixindən Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 132 ünvanında, Əzizbəyov rayonunun Polis idarəsinin inzibati binasına qeydiyyatdadır. X2 1 nəfər tək özü 1 otaqlı mənzil almaq hüququna malikdir. İddiaçı bölgüsü aparılan mənzillərdən ünvan 2 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət 25.44 kv.m. yaşayış sahəsi olan 13 saylı mənzil təklif edildi. Həmin protokol ilə iddiaçıya mənzilin ayrılması qərara alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, 7 saylı evin, 13 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halları əsas gətirmişdir: - Səbail rayon İcra Hakimiyyətinin Başçısının 149 nömrəli sərəncamının 22 may 2013-cü il tarixdə verilməsi; - Mənzilin ümumi sahəsinin 49,9 kv.m olması. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Təkzib olunmaz haldır ki, hazırki mübahisə predmetini təşkil edən mənzilin əsasında duran Sərəncam xx.xx.2009-cu il tarixdən sonra aiddir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə Sərəncamın 2009-cu il tarixdən sonraya aid olması iddiaçının ziyanına şərh edilməməli və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından məhrum etməməlidir. Belə ki, iş materialları ilə də aydın olur ki, hal-hazırda iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasında yerli icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyi dayanır. Cavabdeh göstərilən imtinanı məktubda və etirazda qeyd etsə də nəzərə almamışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 22 may 2013-cü il tarixli Sərəncamı iddiaçının 1988-ci ildən mənzil növbəsində olması ilə əlaqədar qəbul edilmişdir. Göründüyü kimi mübahisə predmetini təşkil edən mənzil 2013-cü ildə iddiaçıya ayrılsa da, iddiaçının hüquq münasibətləri 1988-ci ildən, mənzil növbəsinə götürüldüyü vaxtdan yaranmışdır. İddiaçının həmin dövrdə mənzillə təmin olunmaması onun iradə ifadəsindən asılı olmayan bir hal olmuşdur ki, şəxsin gec mənzillə təmin olunması onun mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edə bilməz. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh iddiaçının gec mənzil növbəsi ilə təmin edilməsini, şəxsin ziyanına şərh edir. Beləliklə Məhkəmə hesab edir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühim rol oynamışdır.(Bu mövqeyi bir çox oxşar mübahisələrdə əks olunmuşdur: Ali məhkəmənin 2-1(102)-722/2021 saylı qərarı) İddiaçının köçürülən mənzilə hüquqları 2009-cu il oktyabrın 1-dək yaranması müvafiq olaraq onun mənzil növbəsinə götürülməsi ilə əlaqədar olduğundan, məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 149 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı hüquqmüəyyənedici sənəd kimi qəbul olunmalıdır. Cavabdehin mənzilin ölçüləri ilə bağlı irəli sürdüyü imtina dəlilinə münasibətdə qeyd olunur ki, iddia olunan mənzilin faktiki ölçüsü 49,9 kv.m təşkil etsə belə, mənzilin sahəsinin artırılması ilə bağlı məhz iddiaçının özü tərəfindən rekonstruksiya işlərinin aparıldığı müəyyən olunmur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağı məhz mənzilin hüquqmüəyyənedici sənəd üzrə müəyyən olunan ölçülər əsasında mülkiyyət hüquqlarının qeydiyyatının həyata keçirilməsidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil formal xarakter daşıyır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İddiaçının yeni ünvanın verilməsi ilə bağlı irəli sürdüyü tələb də təmin olunmalıdır. Belə ki, 148 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, iddiaçıya ayrılan mənzilin yerləşdiyi binada 2 eyni 13 saylı mənzillərin ortaya çıxması aşkar olunmuşdur. Həmin mənzillərin fərqli olduğu müəyyən edilməkdədir. Məhkəmə hesab edir ki, mənzillərin nömrələri təkrarlandığından Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2.4-cü maddəsi əsasında iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən həmçinin mənzilə dair yeni ünvanda verilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən sahəsi 25,44 kv.m olan 12 saylı mənzilin nömrəsi təkrərlandığı üçün yeni ünvan göstəricisi verilməklə, həmin mənzilin dövlət qeydiyyatına alınaraq həmin mənzilə dair iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10320/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10320/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver