Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10320/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndələri X2 və X1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X4 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı (3-cü şəxs: X6) “əmək müqaviləsinə elektron hökümət portalında düzəlişin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəsi (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki işçi X4 əmək müqaviləsini elektron hökümət portalında xx.xx.N6-cı il tarixə düzəliş olunması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, N saylı hərbi hissədə mülki işçi kimi işləyən üçüncü şəxsin əmək müqaviləsi elektron hökumət portalında qeydiyyata alınarkən işə qəbul tarixi xx.xx.N6-cı il olduğu halda, texniki səhvliyə yol verilərək xx.xx.N7-ci il tarixə qeydiyyata alınmışdır. İddiaçı üçüncü şəxsin əmək müqaviləsinə müvafiq düzəlişin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, hazırkı iddia tələbi mümkünsüz hesab edilməlidir. Belə ki, işəgötürən tərəfindən müvafiq vəzifələrin icra edilməsi mümkün deyildirsə ümumi məhkəmələrə müraciət edilməli və məsələnin başqa yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraz ilə oxşar məzmunlu izahat verərək iddianın mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N6-cı il tarixli əmrindən çıxarışa əsasən üçüncü şəxsin xx.xx.N6-cı il tarixdən hərbi hissəyə Enerji-mexaniki bölməyə tornaçı vəzifəsinə, (işəmuzd) 3 ay sınaq müddəti ilə işə qəbul edilməsi əmr edilmişdir. İT- İ ******* saylı əmək kitabçasının surətinə əsasən üçüncü şəxs xx.xx.N6-cı il tarixdə N nömrəli hərbi hissənin Enerji-mexaniki bölməsinə əmək müqaviləsi əsasında 4-cü dərəcəli tornaçı vəzifəsinə işə qəbul edilmişdir. N nömrəli hərbi hissə komandiri ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.N6-cı il tarixli əmək müqaviləsinə əsasən işəgötürən (iddiaçı) işçini (üçüncü şəxsi) 3 ay sınaq müddəti olmaqla Enerji-mexaniki bölməyə tornaçı vəzifəsinə işə götürmüş, əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə üçüncü şəxsin müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1820/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin X4 əmək müqaviləsinə elektron hökümət portalında xx.xx.N6-cı il tarixə düzəliş olunmasına köməklik göstərilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Elektron əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı və üçüncü şəxs arasında imzalanan müqavilənin tarixi “xx.xx.N7-ci il” kimi qeyd edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə əmək müqaviləsinin geri tarixə edilməsi səlahiyyətinin ona verilmədiyindən müraciətin həlli üçün iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N5-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək müqaviləsinə elektron hökümət portalında düzəlişin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (68.2 b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında əmək müqaviləsi bağlanmış və bununla bağlı əmək müqaviləsi bildirişi elektron sistemə daxil edilmişdir. Lakin, müəyyən edilmişdir ki, elektron hökumət portalında əmək müqaviləsinin bağlanılma tarixində texniki səhvə yol verilmişdir. İddiaçı bununla bağlı portalda müvafiq düzəlişin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (5-1.). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7.2.). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir (12.1 h). İşdən göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış əmək müqaviləsi barədə müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində bildiriş qeydə alınmışdır. Əmək müqaviləsi faktiki olaraq xx.xx.N6-cı il tarixdə bağlanmasına baxmayaraq elektron portalda “xx.xx.N7-ci il” olaraq qeyd edilmişdir. Üçüncü şəxsin xx.xx.N6-cı il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlanması iş materialları ilə təsdiqini tapır. Cavabdehin isə imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 fevral N1-ci il tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Əsasnamənin məzmunundan da göründüyü kimi əmək müqaviləsinə düzəlişin edilməsini qanunvericilik birbaşa olaraq cavabdehin vəzifəsi kimi müəyyən etməsə də, əmək müqaviləsinin bağlanması məlumatını elektron portala daxil etmək onun vəzifəsinə aid edilmişdir. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin bağlanması barədə məlumatı elektron portala daxil etmək cavabdehin vəzifəsidirsə, həmin əmək müqaviləsindəki müvafiq texniki səhvliklərin aradan qaldırılmasından da məsul şəxs məhz cavabdehdir. Əks halda bu tənzimləmənin həyata keçirilməməsi vətəndaş hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Cavabdeh öz etirazında iddiaçının mülki qaydada məhkəməyə müraciət etməli olmasını qeyd etsə də, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır. Belə çıxır ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət edərkən cavabdeh qismində üçüncü şəxsi göstərməlidir. Halbuki, əmək müqaviləsi bildirişinin elektron sistemə səhv daxil edilməsi nəticəsində məhz üçüncü şəxsin hüquqları pozulmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı iddia tərəfindən ərizəsində müqaviləsi bildirişinin düzəliş edilməli olan tarixini “xx.xx.N6-cı il” kimi göstərilməsini məhkəmə texniki səhv kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan bütün sübutlarla müəyyən edilir ki, iddiaçı ilə üçüncü şəxs arasında əmək müqaviləsi xx.xx.N6-cı ildə bağlanmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən elektron sistemdə qeydə alınmış əmək müqaviləsinə elektron hökumət portalında xx.xx.N6-cı il tarixə düzəlişin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi arasında bağlanmış əmək müqaviləsinə əsasən elektron sistemdə qeydə alınmış əmək müqaviləsi bildirişinin tarixinə xx.xx.N6-cı il tarixinə düzəlişin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-10320/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10320/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver