Məhkəmə qərarları › İş №2-1(112)-10324/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10324/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10324/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əmək kitabçamda əks olunmuş xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrün sığorta stajına daxil daxil edilib nəzərə alınmaqla, əmək stajının və təyin olunmuş pensiyanın yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamaqla xx.xx.1988-ci il tarixədək yaşadığı keçmiş Ermənistan SSR-nin ərazisində işləmiş və bu fakt əmək kitabçasında öz əksini tapmışdır. 1988-ci ildə məlum hadisələrlə bağlı bütün azərbaycanlılar kimi iddiaçı da Ermənistandan qovulmuş və qaçqın kimi Azərbaycanda məskunlaşmışdır. xx.xx.1089-cu il tarixdən “Azneft” İstehsalat Birliyində sürücü kimi işə qəbul olunmuş və xx.xx.2024-cü il tariixədək həmin birliyin və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin avtomobil qurumlarında sürücü işləmişdir. xx.xx.20024-cü il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Pensiyaya çıxarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablama aparılaraq iddiaçıya 638,04 manat məblığində pensiya təyin edilmişdir. Bu zaman iddiaçıya pensiya məbləği hesablanarkən əmək kitabçasında əks olunmuş xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövr “doldurma qaydası pozulduğu üçün (işə daxilolma qeydinin tarixində dəyişiklik möhürlə təsdiqlənməmişdir)” həmin dövr sığorta stajına daxil daxil edilməmişdir. Bunun nəticəsində iddiaçıya təyin olunmalı pensiyanın məbləği az hesablanmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli qurumuna müraciət edilərək əmək stajının və pensiyanın düzgün hesablanması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının 18 mart 2025-ci il tarixli, 3-17-1/2-Ç-67352/2025 saylı məktubu ilə verilmiş cavabda bildirilibdir ki, mənə pensiya məbləği hesablanarkən, mənim əmək kitabçamda əks olunmuş xx.xx.1982ci il tarixdən “xx.xx.1984-cü il tarixədək olan dövr doldurma qaydası pozulduğu üçün (işə daxilolma qeydinin tarixində dəyişiklik möhürlı təsdiqlənməmişdir)” həmin dövr sığorta stajıma daxil daxil edilməmişdir. Bu səbəbdən əmək stajının və pensiyanın yenidən və düzgün hesablanmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının “əmək kitabçamda əks olunmuş xx.xx.1982-ci il tarixdən “xx.xx.1984-cü il tarixədək olan dövr doldurma qaydası pozulduğu üçün” həmin dövrün sığorta stajına daxil daxil edilməməsinə dair qərarı əsassız va qanunsuzdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasının 6-7-ci səhifələrində, 10-cu bəndində Ermənistan SSR Avtomobil Yolları Nazirliyinin Krasnoselo Yol təmir-tikinti idarəsinin asfaltbeton zavoduna V dərəcəli çilingər kimi işə qəbul olunmağına dair qeyd var. Həmin qeydin aparılması tarixi müvafiq qrafalarda əvvəlcə səhvən xx.xx.1976-cı il kimi göstərilsə də, sonra onun üstündən xətt çəkilərək, düzgün tarix xx.xx.1982-ci il yazılmış və bu düzəliş tələb olunan qaydada qeydiyyati aparan kadr işçisinin imzası ilə təsdiqlənmişdir. Bununla əlaqədar aşağıda göstərilənlər nəzərə alınmalıdır: Bu düzəliş yalnız həmin qeydiyyatin aparılması tarixinə aiddir. İddiaçının həmin vaxt işə qəbul olumağımın tarixi və müvafiq əmrin nömrəsi isə qeyd olunan səhifələrdə 4-cü qrafada (işə qəbul olunmanın əsası) dəqiq və düzəlişsiz göstərilib: xx.xx.1982-ci il tarixli 2292 nömrəli əmr. Beləliklə, göründüyü kimi, işə qəbul olunma tarixinə dair əmək kitabçasında heş bir düzəliş yoxdur. Əmək kitabçasının növbəti 11-ci bəndində həmin işdən xx.xx.1984-cü ildə öz ərizəsinə əsasən azad olunmama dair eyni kadr əməkdaşı tərəfindən qeydiyyat aparılmışdır. Əmək kitabçasının 12-ci bəndində iddiaçının xx.xx.1984-cü ildə yenidən həmin idarəyə işə qəbul olunmağına dair eyni kadr əməkdaşı tərəfindən qeydiyyat aparılmışdır. Daha sonra xx.xx.1988-ci il tarixədək fasiləsiz olaraq həmin idarədə müxtəlif sahələrdə işləməyinə dair kitabçada qeydiyyatlar aparılmışdır. Göründüyü kimi, əmək kitabçamda eyni idarədə 1982- 1988-ci illər ərzində işləməyi ilə baqlı ardıcıl olaraq çoxsaylı qeydiyyatlar aparılmış, bütün bunlar müvafiq qaydada təsdiqlənmiş və xx.xx.1982-ci il tarixdə aparılmış qeydiyyat heç bir şübhə doğurmamışdır. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının 18 mart 2025-ci il tarixli, 3-17-1 /2-Ç-67352/2025 saylı məktubunda göstərilmiş, əmək kitabçamda əks olunmuş xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrün güya doldurma qaydası pozulması səbəbindən (“işə daxilolma qeydinin tarixində dəyişiklik möhürlə təsdiqlənməmişdir”) həmin dövrün sığorta stajı hesablanarkən nəzərə alınmamasına dair müddəa ona görə əsassızdır ki, həmin məktubda istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarında əmək kitabçasında işə daxilolma qeydinin tarixində dəyişikliyin məhz möhürlə təsdiqlənməsinə dair heç bir tələb yoxdur. Odur ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının gətirdiyi qeyd olunan həmin dəlil həm mahiyyətcə, həm də formal cəhətdəm tam əsassız və qanunsuzdur.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 22-1.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilib, xx.xx.2025-ci il tarixli tarixindən 638,04 manata çatdırılmaqla ödənişi davam etdirilir. Müraciətlə əlaqədar olaraq bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məmulatlara əsasən əmək pensiyanın məbləği xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 4 ay 19 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 59413,51 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanmış və məbləğində dəyişiklik olmamışdır. Məlumat üçün bildirilir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydinin tarixində dəyişikllik möhürlə təsdiqlənməmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Təkrar müraciət cavab olaraq bildirilir ki, təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı 11 02.2025-ci il tarixdə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli 3-17-1/2-G- 67352/2025 nömrəli imtina məktubunda bildirmişdir ki. iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu ii yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bj Qanunun 8-cı maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyının dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki. işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992-ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991 -ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olnuşdur. Həmin Qanuna əsasən 1991 -ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İddiaçı əmək kitabçasının mötəbərliyinə dair şübhəli hallar mövcuddur. Belə ki: xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur (işə daxilolma qeydinin tarixində dəyişiklik möhürlə təsdiqlənməmişdir). İddiaçı əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əmək edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli № 186 Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Qaydaların 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qaydaların 3.11 -ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da mönürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Qaydaların 3.13-cü bəndinə əsasən əmək müqaviləsinin şərtlərində, ştat cədvəlində və vəzifələrdə aparılan dəyişikliklər, habelə fəhlə və qulluqçuya yeni dərəcələrin verilməsi haqqında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) əsasən aparılır. Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir, işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və nəmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə. fiziki şəxs olduqda isə tək imzası ilə təsciq edilir. Formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı). Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Sözügedən mübahisəli hallar iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı onun əmək kitabçasının yeganə hüquqi əsas kimi götürülməsini istisna edir. Hesab edilir ki, həmin kitabçanın mötəbərliyini şübhə altına alan kifayət qədər faktlar və sübutlar vardır. Bu halların isə araşdırılması, iş üzrə qanuni və əsaslı qərarın çıxarılması məhkəmənin vəzifəsindən irəli gəlir. Həmçinin imtina cavabdehin inzibatı orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81,82, 83, 85. 87.6 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyasından İddiaçı “yaşa gorə əmək pensiyasının yenidən hesablanması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahata verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

12. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

13. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

15. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

16. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

17. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR Avtomobil Yolları Nazirliyinin Krasnoselo Yol təmir-tikinti idarəsinin asfalt-beton zavodunda kimi işlədiyi dövr nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir.

18. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuş, işə daxilolma qeydinin tarixində dəyişiklik möhürlə təsdiqlənməmişdir.

19. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması qaydasının pozulması işçinin (iddiaçının) məsuliyyət sferası ilə əhatə olunmur və heç bir halda şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün inzibati icraat lazımi həcmdə sübutetmə vasitələrindən istifadə üçün araşdırma aparmaq əsas ola bilər.

20. Məhkəmə iş materiallarına əlavə olunmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini nəzərdən keçirərək müəyyən edir ki, İddiaçı Ermənistan SSR Avtomobil Yolları Nazirliyinin Krasnoselo Yol təmir-tikinti idarəsinin asfalt-beton zavodunda işə daxilolma (xx.xx.1982-ci il tarixli 2292 nömrəli əmr) və işdən xaricolma barədə (xx.xx.1984cü il tarixli 12 nömrəli əmr) əmrləri əmək kitabçasında qeyd olunmuş, işəgötürənin möhrü və imzası ilə təsdiq edilmişdir. Digər tərəfdən İddiaçı işə daxil olma əmrinin tarixi və işə başlama tarixi eynilik (xx.xx.1982-ci il) təşkil edir. Belə ola təqdirdə həmin məlumatların məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.

21. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR Avtomobil Yolları Nazirliyinin Krasnoselo Yol təmir-tikinti idarəsinin asfalt-beton zavodunda işlədiyi müddət nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR Avtomobil Yolları Nazirliyinin Krasnoselo Yol təmir-tikinti idarəsinin asfalt-beton zavodunda işlədiyi müddət nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar