Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10326/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzildən başqa mənzil verilmədən çıxarılmanın qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək;
1. Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında olan xidməti mənzildən başqa mənzil verilmədən çıxarılmağının qanunsuz hesab edilməsi;
2. Xidməti mənzilindən çıxarıldığı halda ona qanunla nəzərdə tutulan qaydada yaşadığı xidməti mənzilin sahəsi qədər şəraiti eyni olan təmir olunmuş başqa mənzil verilməsi;
3. Əks təqdirdə, yəni təmir olunmamış mənzil verildiyi halda həmin mənzilin təxmini təmir xərcləri ola biləcək 48000 AZN məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə etiraz belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İddiaçı və onun ailə üzvlərinə qarşı xüsusi təyinatlı yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-2(004)-1589/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-T" hərbi şəhərciyi, Şəfayət Mehdiyev küçəsi 136 “A" saylı evin 1 saylı mənzildən çıxarılması qət etmişdir. İş üzrə icraat başa çatmayıb. Ona görə də, həmin iş yekunlaşana qədər hazırkı iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Etirazda həmçinin qeyd edilmişdir ki, iddia tələbi rədd etməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, xidməti mənzilə köçərkən təmir işləri aparmış və mənzilin təmirinə xərclədiyi vəsaitinin indiki qiymətlə ona ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən (kirayəçi kirayə verənin razılığı olmadan) yaşayış sahəsinin əsaslı təmirini və bununla bağlı hər hansı işləri apara bilməz. İddiaçı xüsusi təyinatlı yaşayış sahəsində təmir işləri apararaq Əsasnamənin tələblərini kobud şəkildə pozmuşdur. Tələb etdiyi vəsaitin məbləğindən müəyyən etmək olar ki, guya o, əsaslı təmir işləri aparmışdır. Əsaslı təmir işlərinin aparılmasına ehtiyac olarsa, onda kirayə verən kirayəçini və onun ailə üzvlərini təmir işlərinin aparıldığı müddət ərzində başqa yaşayış sahəsinə köçürməliydi. Lakin əsaslı təmir işlərinin aparılmasına ehtiyac olmadığından iddiaçı və onun ailə üzvləri başqa yaşayış sahəsinə köçürülməmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.6-cı bəndinə əsasən kirayəçinin vəzifəsidir ki, yaşadığı yaşayış sahəsinin cari təmiri işlərini aparsın. İddiaçı xidmət müddətində ünvan 2 ünvanında yerləşən üç otaqlı yaşayış sahəsi ilə təmin edilmişdir. 28 sentyabr 2022-ci il tarixdən iddiaçı ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi davamlı olaraq artırılır. İddiaçı ona verilən güzəşt və bütün imtiyazlardan kifayət qədər istifadə edərək Müdafiə Nazirliyinin mənzil fondundan daimi yaşayış sahəsi ilə təmin edilmiş və o, artıq yasayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq iddiaçıya 7.07.2023-cü il tarixli məhkəmə iclasında hüquqi yardım olunaraq, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmiş, iddianın mümkünlüyü ilə bağlı məsələlər tərəflərin iştirakı ilə müzakirə edilmişdir. İddiaçı məhkəmə iclasında ona izah edilənlərin aydın olduğunu, iddia tələbini olduğu kimi müdafiə etdiyini, tələbində hər hansı bir dəyişiklik və ya dəqiqləşmə etməyəcəyini bildirdi. Cavabdehin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin 4.07.2023-cü il tarixli qərardadının surətini təqdim edərək, yazılı etirazı müdafiə etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Baxılan işdə iddia tələbi üç hissədən ibarətdir. İddiaçının təqdim etdiyi sənədlərdən onun tələbinin birinci və ikinci hissələri ilə bağlı cavabdehə müraciət etməsi müəyyən edilmir. İddiaçı tələbin yalnız üçüncü hissəsi, yəni təmir xərcinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə, ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Digər tərəfdən məhkəmə ümumiyyətlə hesab edir ki, hazırkı tələbin birinci və ikinci hissələri inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia deyildir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, Müdafiə Nazirliyinin İddiaçı qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, pasport qeydiyyatından və yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılması barədə iddia tələbi üzrə mülki işə Yasamal Rayon Məhkəməsində baxılmış və hazırda məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İddiaçı hazırkı tələbində irəli sürdüyü (tələbin birinci və üçüncü hissəsi üzrə) dəlilləri, həmin mülki iş üzrə iddia tələbinə etiraz (tələbin birinci hissəsi üzrə) və qarşılıqlı iddia tələbi kimi (tələbin üçüncü hissəsi üzrə) verə bilər. Əgər iddiaçı təmir xərclərinin ödənilməsi ilə bağlı qarşılıqlı iddia verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürübsə, iddiaçının mülki məhkəmə icraatı qaydasında yeni, müstəqil iddia vermək hüququ vardır. İstinad edilən Plenum qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, iddiaçı ona verilmiş xidməti mənzilə təmirlə bağlı vəsait sərf etdiyini bildirir. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı uzun müddət həmin mənzilə vicdanlı sahiblik etmişdir. Əgər onun həmin xidməti mənzildən çıxarılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alarsa, bu zaman o Mülki Məcəllənin 157.5, 157.6 və 157.7-ci maddələrinə əsasən mənzilə çəkdiyi xərcləri və zəruri yaxşılaşdırmaları mülki qaydada iddia verməklə ümumi məhkəmədə tələb edə bilər. Həmin normalara görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olmasına baxmayaraq mənzilə çəkilmiş xərcin ödənilməsi tələbinin predmeti mülki xarakterlidir və Müdafiə Nazirliyi belə tələb üzrə publik hakimiyyəti daşıyıcısı kimi deyil, xidmətin mənzilin balansaxlayıcısı qismində xüsusi hüququn subyekti qismində çıxış edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 № li qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (4 və 5.2-ci bəndlər). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmetinin (tələbin üçünücü hissəsi üzrə) inzibati deyil, mülki xarakterli olması iddianın mümkün sayılmaması üçün əsasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə tələbin ikinci hissəsi ilə bağlı qeyd edir ki, əvvəla yuxarıda qeyd edildiyi kimi iddiaçının belə bir tələblə cavabdehə müraciəti, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsi müəyyən edilmir. Digər tərəfdən həmin tələb şərtlə irəli sürülmüş tələbdir və iddiaçının mabahisəli mənzildən çıxarılacağı təqdirdə ona yaşadığı xidməti mənzilin sahəsi qədər şəraiti eyni olan yeni mənzilin verilməsi barədədir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq tələblə inzibati orqana müraciət etməməklə yanaşı, tələbin həmin hissəsi başqa məhkəmə mübahisəsinin nəticəsindən asılı olmaqla şərtli tələbdir. Əgər iddiaçının həmin mənzildən çıxarılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alarsa, o zaman iddiaçı müvafiq tələblə əvvəlcə cavabdehə müraciət etməli, müraciəti təmin olunmadığı halda müvafiq tələblə inzibati məhkəmədə iddia qaldıra bilər. Bundan başqa adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə ...tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçıya bir hissəsinə mülki qaydada baxılmalı olan tələblə digər tələbin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı hüquqi yardım edilməsinə baxmayaraq iddiaçı iddia ərizəsini məhkəməyə təqdim etdiyi qaydada baxılmasında israr edərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzildən başqa mənzil verilmədən çıxarılmanın qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Bəhlul Cəlalov