Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10327/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X1 iştirakları, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəlik vərəqinin verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəxanada üzləşdiyi qanunazidd hərəkətlərin pis rəftar kimi qiymətləndirilməsi və ona iş yerinə təqdim etmək üçün xəstəlik vərəqi təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.12.2020-ci il tarixində səhhəti ilə bağlı BŞT və TTYS-ə müraciət etmişdir (xəbərdarlıq vərəqəsinin surəti təqdim olunur). 30.12.2020-ci il tarixində 19 saylı BŞX-nin poliklinikasına yaxınlaşıb və onda olan sənədlərin surətini təqdim etmişdir. Ona iş yerinə xəstəlik vərəqəsi lazım olacağını demişdir. Həkim Günay xanım xəstəlik vərəqinin verilməyəcəyini bildirmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq bu müddət ərzində onunla maraqlanan olmamış və heç bir dərman verilməmişdir. Səhhətinin ağırlığını nəzərə alaraq təcili yardımla FHN-nin hospitalına aparmışdırlar. Burada o, qeyri-insani rəftarla qarşılaşmışdır. 04 yanvar tarixindən 17 yanvara kimi burada saxlanılmışdır. Vəziyyətinin düzəlmədiyini görüb evə yazılmağını tələb etmiş və buna nail olmuşdur. Evdə müalicə almağa başlamışdır. Çox ağır günlər keçirmiş, nəfəs ala bilmir və səhərə kimi soyuq havada pəncərələri açıb nəfəs alırdı. O, səhhəti ilə bağlı 25.01.2021-ci il tarixində Bakı Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Səhhəti kritik olduğundan onu Qarabağ qaziləri oraya çatdırmışlar. 2-ci qrup Qarabağ qazisidir. Eyni zamanda H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun fəhləsidir. Sığortaya yaxınlaşıb qeydiyyata düşmüş və həkim müayinəsindən keçmişdir. Hərtərəfli özünü alçaldılmış hiss edir. Əlil arabasında koridorda 2 saat gözləmişdir. Həkim təcili stasionar müalicə məsləhət görsə də, onu müalicə etməkdən imtina etdilər. Beləliklə, səhər saat 10-dan axşam 17:00-a kimi o, ac, susuz (nəfəs almağa oksigen də vermədilər) bu xəstəxananın koridorunda gözləməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 27 oktyabr 2021-ci il tarixli PHŞ/1-2-2021-27078 nömrəli məktubunda qeyd edilmişdir ki, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının rəsmi qaydada təqdim etdiyi 2021-ci il 14 oktyabr tarixli məktubdan göründüyü kimi iddiaçıdan 01.01.2021-ci il tarixində həmin Xəstəxananın nəzdində olan X8 19 məntəqəsi tərəfindən koronavirus (COVİD-19) infeksiyasına dair PCR testinin keçirilməsi məqsədilə yaxma götürülmüşdür. 04.01.2021-ci il tarixindən 28.01.2021-ci il tarixinədək vəziyyətinin ağırlaşması ilə əlaqədar olaraq FHNnin Modul tipli xəstəxanasında stasionar müalicədə olmuş və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi ilə təmin edilmişdir. 29.01.2021-ci il tarixindən 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinikası tərəfindən təkrar müşahidəyə alınmış və müvafiq əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsi uzadılmışdır. Lakin iddiaçı Xəstəxananın həkimi Günay Hüseynovadan 29.12.2020-ci il tarixindən etibarən əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsinin açılmasını tələb etmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən keçmiş tarixlə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsinin verilməsi qadağan edildiyinə görə iddiaçının tələbi əsassızdır.Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə iclası 27 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın mümkün sayılaraq, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X2 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mübahisə üzrə aydınlaşdırılmalı olan məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. İşin hallarından görünür ki, iddiaçı ona xəstəlik vərəqinin verilməsini tələb etmiş, lakin xəstəxana tərəfindən xəstəlik vərəqi verilməmişdir. İş üzrə məhkəmə araşdırması zamanı iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbində, həmçinin cavabdehlər sırasında dəqiqləşdirilmənin aparılmasının, cavabdehin əsl cavabdehlə əvəz edilməsinin zəruriliyi bildirilmiş, lakin iddiaçı hazırki tələbini müdafiə edərək, məhz onun barəsində qanun pozuntusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yol verildiyini qeyd edərək, hazırki tələbinin mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavabdehlik daşımır. Belə ki, “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimatı”n 2-ci maddəsinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Həmin Təlimatın 4-cü maddəsinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələrinin verilməsi onları vermək hüququna malik olan tibbi müəssisələrinin həkimlərinin səlahiyyətindədir. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, hazırki iddia tələbi ilə iddiaçı aidiyyəti tibbi müəssisəsinə müraciət etməli, müraciətindən imtina edildiyi halda cavabdeh qismində həmin tibb müəssisəsini göstərərək, məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəlik vərəqinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-10327/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10327/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver