Məhkəmə qərarları › İş №2-1(112)-10328/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10328/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10328/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı1 (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “İddiaçı1, ailəsi ilə birlikdə, (həyat yoldaşı) İddiaçı2 və (oğlu) İddiaçı3 Bakı şəhəri, ünvan 1 küçəsində yerləşən fərdi ev ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçılarının yaşadığı evə qeydiyyata alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailəs ilə birgə, (həyat yoldaşı) İddiaçı2, (oğlu) İddiaçı3 Bakı şəhəri, ünvan 1 küçəsi, fərdi ev ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvanda yaşadığı üçün həmin evə qeydiyyata düşmək istəyir. Bu məqsədlə ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsi xx.xx.2022-ci il tarixli 059- 22970A-3222 saylı məktubla imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqələrinin surəti, Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli Bakı şəhəri, ünvan 1 küçəsində fərdi ev ünvanına qeydiyyata alınmaq üçün müvafiq sənədlərin təqdim olunmasını tələb edən imtina məktubunun surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən iddiaçı və onun ailə üzvlərinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərini nəzərə alaraq Bakı şəhəri, ünvan 1 küçəsində yerləşən fərdi ev ünvanına qeydiyyata alınmağı üçün yaşayış sahəsinə qeydiyyata alınmasına əsas verən sənədlərin təqdim olunaraq RPİ-nin QMB-nə müraciət edilməlidir; qtəqdim edilmədikdə göstərilən ünvanına qeydiyyata alınması qanuna müvafiq deyildir. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçı Bakı şəhəri, ünvan 1 küçəsi ünvanında yerləşən fərdi evə nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşayır və bunun nəticəsi olaraq iddiaçı cavabdeh orqana, həmçinin məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı Bakı şəhəri, ünvan 1 küçəsində yerləşən fərdi ev ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar