Məhkəmə qərarları › İş №2-1(112)-10332/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10332/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10332/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması üzrə icraatın təzələnməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üzrə inzibati icraatın təzələnməsini və müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Vətəndaşlıq mənsubiyyətinin tanınmamasına əsas kimi şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 07 oktyabr) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmaması göstərilmişdir. İddiaçı hesab edir ki, barəsində Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üzrə inzibati icraatın təzələnməsi zərurəti vardır. Çünki “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 6-cı maddəsinin 1-ci bəndinin ləğv edilməsinə dair 30 may 2014-cü il tarixli 973-1VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər arasında doğum haqqında şəhadətnamə də nəzərdə tutulmuşdur. Barəsində inzibati icraat aparılan İddiaçı Xİİ->Kr seriyalı 321007 nömrəli doğum haqqında şəhadətnaməsindən müəyyən edilir ki, o, 07 may 1971-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədə malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hisəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.4-və 4.1.4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Barəsində inzibati icraat aparılan İddiaçı doğum haqqında şəhadətnaməsindən müəyyən edilir ki, o və anası da Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Yuxarıda qeyd olunan əsasla şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın müvafiq 4-cü bəndində şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olması tələb olunmur, bu şərt yalnız bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə şamil edilir. Lakin bu faktiki hallar üzrə hər hansı inzibati araşdırılma aparılmadan İddiaçı barəsində Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 31, ev 30 da xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixə qədər qeydiyyatda olması barədə 77 saylı MKİS-dən arayış da mövcuddur. Şəxs Bakı şəhəri Nəsimi rayonu 111 saylı orta məktəbdə təhsil almış, orta təhsilini başa vurması barədə 26 iyun 1987-ci il tarixli attestat və eyni zamanda komsomol bileti də almışdır. Bütün bu qeyd olunanlar şəxsin qeydiyyatı olmadan mümkün ola bilməzdi. Bu baxımdan yeni sübut kimi 77 saylı MKİS-dən təqdim olunan arayış və yuxarıda qeyd olunan faktlar üzrə də yeni araşdırılma aparılması zəruridir. İddiaçı barəsində Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üzrə inzibati icraatın təzələnməsini və müvafiq qərar qəbul edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinə yenidən müraciət edilmişdir. X6 Xidmətinin 15 aprel 2024-cü il tarixli № 3-37/2- Q-2275-19-06-39- 62/2024 nömrəli məktubu ilə inzibati icraatın təzələnməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, X2 17 mart 2022-ci il tarixli sorğusu əsasında onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Müraciətin araşdırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli X1 (MAPS) üzrə məlumat şöbəsinə sorğu göndərilmiş və daxil olmuş məlumatda adıçəkilən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə, maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə iddianın mümkünlüyü məsələsinə münasibət bildirərək hesab edir iddia mümkündür. Belə ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasına yönəlmişdir. Bu məqsədlə cavabdeh inzibati orqana əvvəlki müraciəti təmin edilməmiş, iddiaçı qəbul edilmiş qərarı mübahisələndirməmişdir. İndiki halda iddiaçı “İnzibati icraat haqqında” Qanunun 35.1-ci maddəsinə istinad edərək şikayət verilə bilməyən inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, arzuladığı inzibati aktın qəbul edilməsini xahiş etmişdir. İddiaçı hüquqi marağına uyğun olaraq başqa predmetli və ya başqa növ iddia qaldıra bilmir. Çünki iddia müddətini ötürdüyünü qəbul edir. Belə olan halda hazırkı hüquqi müdafiə vasitəsindən istifadə etmişdir və məhkəmə hesab edir ki, bu iddianın maddi hüquqi əsası mövcuddur. Cavabdehin qəbul edəcəyi qərar iddiaçı üçün hüquqi nəticə yaradacağından indiki tələb mahiyyətcə məcburetmə növündə iddiadır. Hazırkı tələbi ilə iddiaçı cavabdehin inzibati icraatın təzələnməsindən imtinasını mübahisələndirir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmadığı müəyyən edildiyi üçün vətəndaşlığa mənsubiyyəti tanınmamış və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, tələbin əsası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulan hallarla uyğunluq təşkil etmədiyindən inzibati icraatın təzələnməsinin mümkün hesab edilmədiyi bildirilərək tələbin təmin edilməsindən imtina edilmişdir. -Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 495 №-li arayışdan görünür ki, X3 H.Seyidzadə küçəsi, ev 31, mənzil 30 ünvanında xx.xx.1986-cı il tarixdən xx.xx.1997ci il tarixə qədər qeydiyyatda olmuşdur. -AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Fatouratchi Kiazimin barəsində ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı məqsədinə nail olmaqdan ötrü əvvəllər cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin Xidmət tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edildiyindən cavabdehə qarşı hazırkı tələbi irəli sürmək qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən sözügedən Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün həmin Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin «Qaydalar»ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. “İnzibati icraat haqqında” Qanunun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 35-ci maddəsinin birinci hissəsinə əsasən, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. 35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Göründüyü kimi, inzibati icraatın təzələnməsi o halda mümkün sayıla bilər ki, başa çatmış inzibati icraatın nəticəsində inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişmiş olsun, maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbul edilməsinə səbəb ola bilən yeni sübutlar aşkar olunsun, yaxud inzibati aktın qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi müəyyən edilmiş olsun və maraqlı şəxs icraatı təzələmək üçün yuxarıda göstərilmiş əsasların əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Hazırkı iş üzrə qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması ilə bağlı aparılmış inzibati icraatın materiallarından görünür iddiaçı ona məxsus doğum haqqında şəhadətnamə cavabdeh inzibati orqana təqdim edilmiş və həmin icraat çərçivəsində sübut kimi qiymətləndirilmişdir. Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışına gəlincə qeyd olunur ki, mənzil kommunal istismar sahələri yaşayış yeri üzrə qeydiyyatı aparan qurum olmadığından, eləcə də həmin arayış hər hansı mötəbər mənbəyə istinadən verilmədiyindən bu arayış iddiaçı üçün əlverişli inzibati aktın qəbul edilməsi ilə nəticələnə biləcək yeni sübut kimi qiymətləndirilə bilməz. Halbuki, iş materiallarından göründüyü kimi, saəlahiyyətli qurum tərəfindən verilmiş sorğuya cavab məktubunda xx.xx.1970-ci il təvəllüdlü Fatouratchi Kiazimin ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatın müəyyən edilmədiyi bildirilmişdir. Digər tərəfdən iddiaçı MKİS-in bəhs olunan arayışını əvvəlki icraat zamanı ondan asılı olmayan səbəblərdən təqdim edilmədiyini hər hansı dəlillərlə əsaslandıra bilməmişdir. Beləliklə, aparılmış araşdırmanın nəticəsində məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırkı tələbi “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinin tələblərinə uyğun olmadığından cavabdehin imtinası qanunsuz hesab edilməməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar