Məhkəmə qərarları › İş №2-1(112)-10334/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10334/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10334/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə X8 mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan pozulub çıxarılması vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10334/2022 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının razılığı ilə cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və X9 əsl cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 4 saylı notariat kontoru tərəfindən xx.xx.1999-cu ildə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətindəkı ünvan 1 saylı mənzili ona satıb və xx.xx.1999-ci il tarixli Daşınmaz ƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən o, Bakı şəhəri, Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Ş.Şuşinski küçəsi, ev 4, mənzil 16 saylı mənzilin mülkiyyətçisidir. Mənzilin satışı zamanı orada X4 və onun üç azyaşlı uşaqları- İlyasovlar yaşayırdılar. Sonralar onun qızı mənzilə qeydiyyatdan özü çıxdı, oğlu isə məhkəmənin qətnaməsi ilə çıxarıldı. xx.xx.2022-ci il tarixli Asan 4 tərəfindən ona verilən arayışdan görünür ki, ona məxsus olan mənzildə 1983-cü il təvəllüdlü X14 qeydiyyatdadır. Mənzilin alqı-satqısı zamanı X8 16 yaşı var idi. X14 onun mənzilində qeydiyyatdan pozulmaqdan imtina etməsi ilə əlaqədar o cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və X6 yazılı ərizə ilə müraciət etmişdir. Cavabdehin 073-21834-M-3222 saylı, xx.xx.2022-ciil tarixli cavabdehından müəyyən olunur ki, bu məsələnin həlli üçün məhkəməyə müraciət etmək lazımdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya ÖM, 015188 №-li, xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 4 saylı evin 16,0 kvm. yaşayış sahəsindən ibarət 1 otaqlı 16 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı, xx.xx.1962-ci il təvəllüdlü X5, xx.xx.1983-cü il təvəllüdlü X14, xx.xx.1990-cı il təvəllüdlü X3 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********34 №-li məktubdan görünür ki, X8 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 4, 16 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-6351/11 №-li, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri, 4 saylı dövlət notariat ofisində 07 avqust 1999-cu il tarixdə 3MA-349 reyestr nömrəli ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1999-cu il tarixli, 079757 nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. Mənzil satılan zaman Bakı şəhəri “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsrrüfatı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 50/100 №-li Forma 2 arayışına əsasən mənzildə X4, X7, X11, X14 qeydiyyatda olmuşlar. X7, X11, X14 notarial qaydada təsdiq edilmiş ərizələrində mənzilin satılmasına razı olduqlarını bildirmişlər. - Bakı şəhər İcra Hakimiyyəti Aparatı MKTD-nin 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 783 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 4, 16 №-li mənzildə pasport qeydiyyatındadır. Mənzildə qeydiyyatda olan keçmiş sakin X14 1983-cü il təvəllüdlü mənzildə yaşamır. Harada yaşaması 147 saylı MKİS-nə məlum deyildir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 073-21834M-3222 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəsinə tərəflərindən baxılmışdır. Ərizəsinin icrası ilə əlaqədar bildirilmişdir ki, ərizədə qeyd etdiyi vətəndaş X8 ünvan 5-dan pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraicət etməsi məqsədə müvafiq hesab olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Şuşinski küçəsi, ev 4 ünvanında yerləşən 16 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzili xx.xx.1999-cu il tarixli, 079757 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Mənzil satılan zaman mənzildə qeydiyyatda olan şəxslər, həmçinin hazırki iş üzrə üçüncü şəxs mənzilin satılmasına razılıq vermişdir. Hazırda mənzil satılan zaman qeydiyyatda olan şəxslər yaşayış yeri üzrə qeydiyyatdan çıxsalara da üçüncü şəxs X14 həmin mənzildə qeydiyyatda qalmaqda davam edir. Üçüncü şəxs X14 mübahisəli yaşayış sahəsində qeydiyyatda olsa da hal-hazırda həmin mənzildə yaşamır. İddiaçı mülkiyyətindəki mənzildə qeydiyyatda olan, lakin yaşamayan və ailə üzvü olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılmasını tələb edilən şəxsin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxs qeyd olunan mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən həmin şəxsin iddiaçıya məxsus mənzildə qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X8 iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X8 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar