Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1034/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pensiyanın bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıda olan və Forma 88 arayışında əks olunan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verir. Lakin cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, diaqnoz əlillik əlamətini təyin etmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə təqdim olunmuş yazılı etirazda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixli göndəriş əsasında bir il, xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il, xx.xx.2015-ci il tarixli göndəriş əsasında bir il, daha sonra xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli göndərişə baxılmış və iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas vermədiyi müəyyən olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişinə əsasən İddiaçı “Postravmatik ensefalopatiya, hipertenzion sindrom, tez-tez baş verən qıcıolma tutmaları, sağ baldır sümüklərinin aşağı 1/3 də yerdəyişmə ilə olan bitişmə sınığı. Aşağı ətrafların İİ- İİİdərəcə xroniki venozz çatmamazlığı” Diaqnozu ilə 1 il müddətinə (xx.xx.2010-cu il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. Müayinə məlumatlarından görünür ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişinə əsasən İddiaçı “Postravmatik ensefalopatiya, hipertenzion sindrom, tez-tez baş verən qıcıolma tutmaları, sağ baldır sümüklərinin aşağı 1/3 də yerdəyişmə ilə olan bitişmə sınığı. Aşağı ətrafların İİ-İİİdərəcə xroniki venozz çatmamazlığı” diaqnozu ilə 1 il müddətinə (xx.xx.2015-cı il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. Müayinə məlumatlarından görünür ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişinə əsasən İddiaçı “Postravmatik ensefalopatiya, hipertenzion sindrom, tez-tez baş verən qıcıolma tutmaları, sağ baldır sümüklərinin aşağı 1/3 də yerdəyişmə ilə olan bitişmə sınığı. Aşağı ətrafların İİ-İİİdərəcə xroniki venozz çatmamazlığı” diaqnozu ilə 1 il müddətinə (xx.xx.2016-cı il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. Müayinə məlumatlarından görünür ki, elektron təyinata əsasən İddiaçı “Postravmatik ensefalopatiya, hipertenzion sindrom, tez-tez baş verən qıcıolma tutmaları, sağ baldır sümüklərinin aşağı 1/3 də yerdəyişmə ilə olan bitişmə sınığı. Aşağı ətrafların İİ-İİİdərəcə xroniki venozz çatmamazlığı” diaqnozu ilə 5 il müddətinə (xx.xx.2021-cı il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən İddiaçı ikinci dərəcəli əlilliyin təyin olunmasından imtina olunmuşdur. İmtinanın səbəbi: Əlavə müalicəyə ehtiyac olması – 1993-cü ildən xəstə olmasına baxmayaraq, ambulator və stasionar müalicələr haqqında məlumat yoxdur. Xəstəliyin hazırki ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə tövsiyyə olunur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini şərtləndirmişdir. İlk növbədə Məhkəmə qeyd edir ki, iddiaçı əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, əlilliyin qiymətləndirilməsi istiqamətində yeni Qaydalar qəbul edilməmiş, qiymətləndirmə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə aparılırdı. Göstərilən bu hal isə iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərin məhz yuxarıda adıçəkilən Qaydaların qüvvədə olduğu dövrdə yarandığının göstəricisidir ki, bu zaman iddiaçıya münasibətdə qiymətləndirmə də məhz həmin Qaydalara uyğun həyata keçirilməlidir. İddianın mahiyyəti ilə bağlı isə qeyd olunur ki, iş materiallarında olan 28 iyun 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu T90.5 Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya xəstəliklə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: G93.2 Xoşxəssəli kəllədaxili hipertenziya, hipertenzion sindrom. Yanaşı xəstəliklər isə aşağıdakılardır: S82 Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sindromsağ baldır sümüklərinin aşağı 1/3-də yerdəyişmə ilə bitişmə sınığı; G83.8 Digər dəqiqləşdirilmiş paralitik sindromlar, sağ ayaq pəncəsinin postravmatik parezi. Məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Məhkəməyə daxil olmuş ilkin ekspert rəyində ekspertlər hesab etmişdir ki, canlı müayinə zamanı iddiaçıda olan xəstəliklərin patofunksional dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğunluğunun müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə isə həmin rəyin prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsi qənaətinə gəlmiş və təkrar ekspertiza təyin etmişdir. Belə ki, iş materiallarında olan 26 dekabr 2022-ci il tarixli məktubla məhkəməyə daxil olmuş ilkin ekspert rəyindən görünür ki, həmin ekspertizada yoxlamada X1 iştirak etmişdir. Həmin şəxs isə cavabdehin əməkdaşıdır. Göründüyü kimi iş üzrə sübut əhəmiyyəti daşıyan ekspert rəyi tərəflərdən birinin nümayəndəsinin iştirakı ilə keçirilmişdir ki, həmin rəyin mötəbərliyindən söhbət gedə bilməz. Beləliklə, həmin hallar nəzərə alınmaqla təkrar ekpsertizanın təyin edilməli olması, cavabdehin iştirakı istisna edilməklə ekspertizanın keçirilməli olması və iş üzrə zəruri olan digər hallar təkrar ekspertiza təyini barədə qərardadda xüsusi olaraq qeyd edilmiş və qərardad iş materialları ilə birgə aidiyyəti ekspertiza idarəsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki: - Vətəndaş İddiaçı əlillik vəziyyətini Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə istər ilkin, istərsə də sonuncu göndərişdə qeyd edilmiş “XİX = T90-T98-travmaların, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =T90-Başın... Diaqnozun mətni: Ağır qapalı kəllə beyin travması, ağır dərəcəli beyin silkələnməsi, sağ baldır sümüklərinin aşağı 1/3 nahiyəsində yerdəyişmə ilə bitişmə sınıqları” diaqnozunda olan xəstəlik və ağırlaşmaları hazırda da onda aşkar olunur və bir-biri ilə qeyd edilən halda “Postravmatik ensefalopatiya, hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutmaları, sağ baldır sümüklərinin aşağı 1/3 yerdəyişmə ilə olan bitişən sınığı.Aşağı ətrafların İİ-İİİ dərəcə xroniki venoz çatmamazlığı” tam eynilik təşkil edir; - Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə stasionar müalicəsinə etiyac yoxdur. Lakin xəstəliklərin reabilitasiyası mümkündür. Belə ki, “Baldır sümüklərin sınığı” sağalaraq yerində sümük döyənəyi əmələ gəlmiş, “Ağır qapalı kəlləbeyin travması, ağır dərəcəli beyin silkələnməsi” isə müailəcədən sonra başağrıları qaldığı halda nevrapotoloqa müraciət edə bilər. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respubli-kasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert tərəfindən həyata keçirilir. Nəzərə alınmalıdır ki, ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər iddiaçıda müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə ikinci dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur. Bununla bağlı əlavə olaraq onu da məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların (Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya) eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2009-cu il tarixli göndəriş əsasında bir il, xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il, xx.xx.2015-ci il tarixli göndəriş əsasında bir il, daha sonra xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2016-cı ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, cavabdeh xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik meyarını qiymətləndirərkən onun əlavə müalicəyə ehtiyacı (1 ay stasionar müalicəyə) olduğunu bildirmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçının əlavə stasionar müalicəyə ehtiyacı olması ilə bağlı mülahizəsi ekspert rəyi ilə təkzib olunmuşdur. Belə ki, ekspertlər ekspert rəyinin nəticə hissəsində iddiaçıda olan xəstəliklərlə əlaqədar hazırda onun əlavə stasionar müalicəsinə etiyacı olmadığını bildirmişdirlər. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh son qiymətləndirmədə, yəni xx.xx.2021-ci il tarixdə keçirilmiş müayinə zamanı iddiaçının əlavə müalicəyə ehtiyacı olmasına deyil, ümumiyyətlə onda olan xəstəliklərin əlillik əlaməti təyin etmədiyinə istinad etmişdir ki, göstərilən bu hal yuxarıda qeyd olunmuş əsaslandırmalar ilə təkzib olunmuşdur. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Son olara qeyd olunmalıdır ki, iddiaçıya ikinci dərəcəli əlilliyin təyini xx.xx.2021-ci il tarixdən həyata keçirilməlidir. Çünki İddiaçı “Postravmatik ensefalopatiya, hipertenzion sindrom, tez-tez baş verən qıcıolma tutmaları, sağ baldır sümüklərinin aşağı 1/3 də yerdəyişmə ilə olan bitişmə sınığı. Aşağı ətrafların İİ-İİİdərəcə xroniki venozz çatmamazlığı” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilərkən əlillik müddətinin məhz xx.xx.2021-ci il tarixədək davam etdiyi göstərilmişdir. Bu səbəbdən də ikinci dərəcəli əlillik məhz xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli göndəriş əsasında İddiaçı ikinci dərəcəli əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov