Məhkəmə qərarları › İş №2-1(112)-1034/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1034/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1034/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və iddiaçının nümayəndəsi (atası) X5, Üçüncü şəxs X6, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X10 və “Anglo-American Development LTD” şirkəti) qarşı “qeydiyyat ləğv edilərək vahid çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDK və R-i publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən 1,5 sot torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. Daha sonra iddia tələbi bir daha “Bakı şəhəri, Nərimanov rayonu, 4-cü N.Nərimanov döngəsi, 35 ünvanında yerləşən evin altındakı 155 kv.m. torpaq sahəsinə dair “Anglo- American” Development Company LTD şirkətinin adına aparılmış qeydiyyat ləğv edilərək İddiaçı adına qeydiyyata almaqla vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. ünvan 1 ünvanın 0,03 hektar torpaq sahəsi dövlət mülkiyyəti olaraq iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktuba cavab verməməsi bəhanə xarakteri daşıyır, torpaq sahəsini üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyil.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Həmçinin idarənin arxivində mövcud olan 1965-ci il tarixli texniki pasportda əks olunan torpaq sahəsinin baş planı ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış A və B tikilisinin üzərində mərtəbələr inşa edildiyi, fərdi yaşayış evində təmir-tikinti işlərinin tam başa çatdırılmadığı, bundan başqa təqdim olunan layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, faktiki olaraq fərdi yaşayış evinin 3-cü mərtəbəsindəki 1 saylı sahədə 2 ədəd sütun mövcud olsa da, təqdim edilmiş layihədə əksini tapmamışdır. O cümlədən fərdi yaşayış evinin bir hissəsi texniki pasportun baş planında əks olunan torpaq sahəsindən kənarda inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq sənəd təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyv haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqla dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

6. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********10 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi üzərində istifadə hüququ digər şəxsin (“X1 LTD”) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin idarənin arxivində mövcud olan 1965-ci il tarixli texniki pasportda əks olunan torpaq sahəsinin baş planı ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.

7. Azərbaycan Respublikası Nazilər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reeystri Xidmətinin xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* saylı Çıxarışı əsasında 35 saylı fərdi yaşayış evinin tikintisi üçün Səbail rayonu, 4-cü Nərimanov döngəsində yerləşən sahəsi 155,1 kv.m olan torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 112,7 kv.m. fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ və altındakı 0,0153 ha torpaq sahəsinə dair istifadə hüququ xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

9. Daşınmaz Əmlakın Texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin ölçülərində perimetrik ölçü fərqləri var. Belə ki, 23.07.20-ci il tarixdə texniki pasportun baş planı tərtib olunan zaman arxiv texniki pasportuna uyğu şəkildə şəkildiyi üçün xəta ilə tərtib olunmuşdur. Torpaq sahəsinin sərhəddinin bir hissəsi qonşu ilə şərtidir. Texniki pasportda göstərilən A və B tikilisinin üzərində mərtəbələr inşa edilmişdir. Tərtib edilmiş eskizin 3-cü mərtəbəsindəki 1 saylı sahədə 2 ədəd sütun var. Lakin layihədə göstərilməyib.

10. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, 4-cü N.Nərimanov döngəsində istifadədə olan 0.01831 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, 89.2 kv.m yaşayış, 23.5 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 4/8 hissə-B tikilisi, X9 3/8 hissə A tikilisi, X2 1/8 hissə A tikilisi adlarına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 556 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X10 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə “Anglo-American Development LTD” şirkəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

13. “Anglo-American Development LTD” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözü gedən ünvanda torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 850 saylı xx.xx.1995-ci il tarixli sərəncamına və 0160 saylı xx.xx.2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən və JN3106 kod 00400003 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən müasir tipli yaşayış binalarının tikintisi üçün şirkətə 49 il müddətinə icarəyə verilmişdir.

14. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 0160 nömrəli Müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti və “PMR” firması Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 850 saylı, xx.xx.1995-ci il tarixli və 547 saylı, xx.xx.2001-ci il tarixli sərəncamlarını, 9640 saylı, xx.xx.1995-ci il tarixli inşaat pasportu, 54 saylı xx.xx.2001-ci il tarixli ayrıc aktı əsasında Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov və S.Tağızadə küçələri arasında məh. 125 ayrılmış torpaq sahəsinə icarə müqaviləsi bağlamışdırlar.

15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, N.Nərimanov prospekti, 125-ci məhəllə, 4 ünvanında yerləşən 0.3315 ha torpaq sahəsinə dair müvəqqəti istifadə hüququ 49 il müddətinə “X8 Kompani LTD” Şirkətinin adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Əsas öhdəliyin təsviri və müddəti: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 850 saylı xx.xx.1995-ci il tarixli sərəncamı, 0160 saylı xx.xx.2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə və JN 3106 kod 00400003 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən müasir tipli yaşayış binalarının tikintisi üçün verilmişdir.

16. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3106 kod 00400003 nömrəli Şəhadətnamədə qeyd olunmuşdur ki, Bakı şəhəri İHB-nın xx.xx.2001-ci il tarxli 547 saylı Sərəncamı və xx.xx.2003-cü il tarixli 0160 saylı icarə müqaviləsi ilə Səbail rayonu B.Sərdarov və S.Tağızadə küçələri arasındakı ərazidə müasir tipli yaşayış binalarının tikintisi üçün 49 il müddətinə 0.3315 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün “PMR” firmasına verilmişdir.

17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən X10 bildirdi ki, fərdi yaşayış evi üzərində İddiaçı adına qeydə alınmış, altındakı 155,1 kv.m. torpaq sahəsinə isə plan-ölçü sənədi hazırda onun adınadır. Belə torpaq sahəsinin bir hissəsini iddiaçıya satmışdır, təqdim edilən plan-ölçü sənədi satılan hissəyə, yəni iddiaçıya məxsus hissəyə aiddir. Özünə aid hissənin də plan-ölçü sənədi mövcuddur. Odur ki, iddia tələbinin təmin olunaraq İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair iddia tələbinin təmin olunmasını xahiş edir.

19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X8 Kompani LTD” şirkətinin baş meneceri Vəfa Məstanova izahat verərək bildirdi ki, torpaq sahəsi üzərində şirkətin hüquqları qeydə alınmışdır, iddiaçı ilə torpaq sahələri ayrı ərazilərdə yerləşməklə qonşuluqdadır və iddiaçının torpaq sahəsinə hər hansı tələbi yoxdur. Şirkətin torpaq sahəsi ilə üst-üstə düşmə halı varsa, həmin hissədə qeydiyyatın ləğvinə etirazı yoxdur.

20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

21. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

22. İddia mümkündür. III.Məhkəmənin mövqeyi

23. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

26. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərhüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

28. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

29. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Bakı şəhəri, ona məxsus fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının evlə birlikdə vahid əmlak kimi daşınaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.

30. Məhkəmə müəyyən edir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnun və altındakı 0,0153 ha torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması işin mübahisəsiz halıdır. Fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasporta əsasən torpaq sahəsinin tikinti altı sahəsi 0,01551 ha-dır. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi vaxtilə X7 məxsus olmuş, daha sonra iddiaçıya satmış və fərdi yaşayış evi üzərində İddiaçı hüquqları qeydə alınmışdır. Lakin hazırda torpaq sahəsinə dair plan və ölçü sənədi X6 adınadır. Odur ki, iddiaçının qeydə alınmış fərdi yaşayış evinin altındakı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına qanuni gözləntisi vardır.

31. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin (X6) adına plan-ölçü sənədi mövcuddur. Digər tərəfdən həmin torpaq sahəsinə dair istifadə huququ “Anglo-American Development LTD” şirkətinin adına qeydə alınmışdır.

32. Mülki Məcəllənin 243.2-ci maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

33. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

34. Məhkəmə nəzərə alır ki, hazırda fərdi yaşayış evinə dair İddiaçı xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Odur ki, İddiaçı fərdi yaşayış evini satın aldığından fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi üzərində hüquqlar da ona keçmişdir. Belə ki, iş materiallarından görünür ki, həmin ünvandakı “B” tikilisi əvvəllər (iddiaçının satın aldığı) X7 məxsus olmuş və bu səbəbdən torpaq sahəsinə dair plan-ölçü sənədi də onun adınadır.

35. Cavabdeh tərəfindən təqdim edilən müayinə aktına əsasən həmin tikili üzərində mərtəbələr tikilmişdir. Lakin iddiaçı həmin inşa edilmiş əlavə tikililər üzərində qeydiyyatı tələb etmir və qeyd edilən hal məhkəmə araşdırmasının predmeti deyil. Odur ki, məhkəmə qərarı icra olunan zaman da məlumatlandırma icraatına riayət edilməsinə dair sübutlar təqdim edilmədiyi halda fərdi yaşayış evinə dair məhz qeydiyyat məlumatlarında mövcud olan ölçülər nəzərə alınmalıdır.

36. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi fərdi yaşayış evini satın aldığı tarixdən İddiaçı istifadəsinə olmuşdur, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır və ya torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi yoxdur.

37. Məhkəmə nəzərə alır ki, hazırda fərdi yaşayış evinə dair İddiaçı xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarışda və fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüləri göstərilmişdir (çıxarışda 0,0153 ha olaraq, fərdi yaşayış evinə dair texniki pasportda, eləcə də həmin torpaq sahəsinə dair plan-ölçü sənədində 0,01551 ha olaraq). Odur ki, İddiaçı ona məxsus fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb etməkdə haqlıdır.

38. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin altındakı qeyd edilən 0,01551 ha torpaq sahəsinə dair plan-ölçü sənədi əvvəlki mülkiyyətçi X6 adına olmaqla yanaşı, koordinatlar üzrə həmin hissə həm də “Anglo-American Development LTD” şirkətinin adına (istifadə hüququ) qeydə alınmışdır. Məhkəmə müəyyən edir ki, torpaq sahəsi ilə bağlı hüquq sahibləri arasında hər hansı mübahisə yoxdur. Odur ki, məhkəmə qeyd edir ki, eyni torpaq sahəsi üzərində üç fərqli statusda qeydiyyat aparıla bilməz (həm fərdi yaşayış evinin altında iddiaçıya məxsus, həm plan-ölçü sənədi əvvəlki mülkiyyətçi X6 adına, həm də “Anglo-American Development LTD” şirkətinin adına istifadə hüququ qeydə alınmaqla), qeyd edilən texniki xarakterli uyğunsuzluq aradan qaldırılmalı və “Anglo-American Development LTD” şirkətinin adına aparılmış qeydiyyat (ilkin hüquqmüəyyənedici sənədlərə toxunulmadan) həmin hissədə ləğv edilməlidir. Yəni tərəflər arasında faktiki mövcud vəziyyət sənədlərdə də öz əksini tapmalıdır.

39. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı təqdirdə, həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qanuni deyil.

40. Məhkəmənin hazırki iş üzrə mövqeyi “vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti” anlayışlarına əsaslanır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

245. ...Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

42. Məhkəmə hesab edir ki, şəxsin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alındığı təqdirdə həmin evin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qeyd edilən yanaşmaya (“vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti”) əsasən qanuni hesab edilə bilməz. Belə ki, şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi məhz onun isifadəsi üçün zəruri olan torpaq sahəsinin üzərində yerləşir və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) daşınmaz əşyadır. Eyni zamanda torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınarkən torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak və həmin daşınmaz əmlakın istifadəsi üçün zəruri olan sahə nəzərə alınmaldır.

43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 4-cü N.Nərimanov döngəsi 35 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 155 kv.m. torpaq sahəsinə dair “Anglo- American” Development Company LTD şirkətinin adına (istifadə hüququna dair) aparılmış qeydiyyat ləğv edilməklə həmin 155 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınsın və adına vahid əmlaka dair (fərdi yaşayış evi və altındakı torpaq sahəsi olmaqla) çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar