Məhkəmə qərarları › İş №2-1(112)-10340/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10340/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10340/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1013.76 manat ödənilməmiş borcuna görə onun siyahıya alınmış 19000 manat dəyərində 2007-ci il buraxılışı Mitsubişi Pajero minik markalı 10EN700 dövlət qeydiyyat nişanlı avtomobilinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından Dövlət Sosial Müdafiə Fonduna alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 1013.76 manat borcuna görə onun 19000 manat dəyərində 2007-ci il buraxılışı Mitsubişi Pajero minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobili siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahıları əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1013.76 manat borc məbləği qalmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Fiziki şəxs haqqında məlumatdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, əsas fəaliyyət növü restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər olmuşdur. - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Mitsubishi Pajero” minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır. -Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) göndərilən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********8 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 1,543.65 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1,397.00 manat, faizlər üzrə 146.65 manat borcu olmuşdur. - İddiaçının xx.xx.2023-cü il tarixli, **********5 nömrəli qərarı ilə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli **********5 nömrəli əmlakın siyahıya alınması haqqında protokoldan və həmin protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus qiyməti 190000 manat olan 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmış, cavabdeh əmlakın siyahıya alınması barədə protokolları və ona əlavə edilmiş siyahıları imzalamaqdan imtina etmişdir. - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında aktdan görünür ki, siyahıya alınmış əmlakın məsul saxlanma üçün vergi ödəyicisi Cavabdeh təhvil verildiyi göstərilmiş, lakin cavabdeh həmin aktı imza etməkdən imtina etmişdir. - xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə aktdan görünür ki, vergi ödəyicisi Cavabdeh vergilər, sosial ödəmələr, işsizlik və icbari tibbi sığorta üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə, onun barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********5 nömrəli əmlakın siyahıya alınması haqqında qərar qəbul olmuşdur. Həmin qərarın icrasını təmin etmək məqsədi ilə vergi ödəyicisinə mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə siyahıya alınmaya təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli Xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunan tarixdə vergi ödəyicisi mülkiyyətində olan avtonəqliyyat vasitəsini siyahıya alınmağa təqdim etməmiş və qərarlarının icrasını təmin etmək üçün xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin iştirakı olmadan ona məxsus “Mitsubishi Pajero” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınaraq Protokol tərtib edilmişdir. İddiaçı hazırda cavabdehin borcunu ödəmədiyini iddia edərək ona məxsus siyahıya alınmış həmin əmlakın satılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək - maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. - maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. - maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. - maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. - maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. - maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Qeyd olunan normalardan görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilmə üsullarından biridir və bu zaman yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına və satılması üçün məhkəməyə müraciət edilə bilər. İşin sadalanan hallarından aydın olur ki, cavabdehin vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərmiş, həmin bildirişdə cavabdehdən Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun vaxtında ödənilməməsinə görə qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə xəbərdarlıq edilmişdir, hansı ki, həmin tədbirlərdən biri kimi Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlakların siyahıya alınması göstərilmişdir. Cavabdeh həmin borcu ödəməkdən yayınmış, bundan sonra iddiaçı Vergi Məcəlləsi ilə ona məxsus hüquqdan istifadə edərək cavabdehə məxsus nəqliyyat vasitəsini siyahıya almış, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, cavabdeh borcunu ödəmədiyindən iddiaçı tələbində haqlıdır və iddiası təmin edilməlidir. İşdən görünür ki, cavabdeh iddiaya yazılı etirazını, habelə borcun ödənilməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1013.76 manat ödənilməmiş borcuna görə onun siyahıya alınmış 2007-ci il buraxılışı “Mitsubişi Pajero” minik markalı 10EN700 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilsin. Vəsaitin qalan hissəsi Cavabdeh yeni borcu yaranmadıqda 3 bank günü ərzində ona qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar