Məhkəmə qərarları › İş №2-1(112)-10343/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10343/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10343/2022 05.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin üzərinə xüsusi icazə verməklə bağlı vəzifə qoyulması, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə xüsusi icazənin verilməsindən imtina edilməsinin qanunsuz sayılmasını, bu imtinanın Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 14-cü maddəsinin pozuntu kimi tanınması, digər fiziki və hüquqi şəxslərə xüsusi icazə verərək onların bu xüsusi icazəni satması fonunda dəyən mənəvi zərərə və iddiaçının 5 ay ərzində özünü ifadə edərək yaradıcılıqla məşğul olaraq qazana biləcəyi vəsaitin itirilməsi əsasında dəymiş maddi zərərə görə 10 000 AZN kompensasiya ödənməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur, Bakı şəhərində yaşayır, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı 2022ci ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək ölkəyə DJİ MavicPro marka və modelli pilotsuz uçan aparatın gətirilməsi üçün icazə istəmişdir. Eyni zamanda "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanı ilə təsdiqlənmiş mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısının 17-ci bəndində göstərilən məsafədən idarə edilən pilotsuz uçan aparatları üçün rəyləri nəzərə alınacaq digər dövlət qurumlarına da müraciət etmişdir. Həmin dövlət qurumlarının verdikləri cavablarda qeyd olunmuşdur ki, rəylərin aidiyyəti qurumlardan toplanması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə həvalə olunmuşdur, bu rəy tələb olunarsa, Agentliyə təqdim olunacaqdır. Cavabdeh Dövlət Mülki Aviasiya Agentliyindən göndərilən xx.xx.2022-ci il tarixli, 124-1-11 /366- 22 saylı cavabda qeyd olunur ki, iddiaçı icraata başlamaq üçün müvafiq məlumatları ərizəsinə əlavə etməlidir. İddiaçı idxal etmək istədiyi DJİ MavicPro marka və modelli pilotsuz uçan aparatla bağlı tələb olunan müvafiq texniki məlumatları əlavə edərək yenidən Cavabdehə göndərmişdir. Lakin Cavadehin xx.xx.2022-ci il tarixli, 124-1-11/1537-22 saylı məktubunda "müvafiq dövlət orqanlarından daxil olmuş mənfi rəylər nəzərə alınmaqla müraciətlə bağlı xüsusi icazənin məqsədəuyğun hesab edilməməsi" qeyd edilmişdir. Nə cavabdehlər, nə də rəyi alınan qurumlar tərəfindən Şikayətçiyə mənfi rəyin nədən ibarət olması bildirilməmişdir. Şikayətçi idxal etmək istədiyi DJİ-Mavic Pro markalı və modelli pilotsuz uçan aparatla Azərbaycanın müxtəlif regionlarında təbiətdə foto və videolar çəkmək, bununla yaradıcılıqla məşğul olmaq, uğurlu və keyfiyyətli kadrları internet resurslarında foto və video saytlarındasatmaqla gəlir əldə etməyi planlaşdırırdı. Cavabdehin xüsusi icazə verməməsi onu həm yaradıcılıq, özünü ifadə etmək imkanlarından məhrum etmiş, həm də əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Bununla da Azərbaycan Respublikasının ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusuna yol verilmişdir. İddiaçı sosial şəbəkələrdə belə xüsusi rəylərin ayrı-ayrı MMC və şəxslərə verilməsi, həmin MMC və şəxslərin də bu xüsusi icazəsi olan pilotsuz uçan aparatları müxtəlif qiymətlərə, təxminən 20000-30000 manata satması barədə elanlar görmüş və bu elanların ekran görüntüsünü çəkmişdir. Bu görüntüləri məhkəməyə təqdim edən iddiaçı Cavabdehin eyni zamanda ayrıseçkiliyə yol verdiyini göstərmiş, bununla da Azərbaycan Respublikasının ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin pozuntusuna yol verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, məsafədən idarə edilən pilotsuz uçan aparat (PUA) “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” 2003- cü il 23 dekabr tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya hesab edilir. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyanın dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydalarfna (Qaydalar) uyğun olaraq verilir. İddiaçı (iddiaçı) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (Nazirlik) ünvanladığı 2022-ci il 24 yanvar tarixli məktubu aidiyyəti üzrə Agentlikdə icraata alınmışdır. Müraciətdə müvafiq çatışmazlıqlar olduğuna və Qaydalara uyğun olaraq müraciət edilmədiyinə görə iddiaçıya tərəfimizdən ünvanlanan 2022-ci il 8 fevral tarixli 124-1-11 /366- 22 nömrəli cavab məktubunda ətraflı izah verilərək, yenidən müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin iddiaçıya cavab məktubu göndərilməmişdən əvvəl telefon əlaqəsi vasitəsi ilə geniş izah verilmiş və əlavə olaraq “whatsapp” üzərindən sözügedən Qaydalar da iddiaçıya göndərilmişdir. İddiaçının 2022-ci il 9 mart tarixində Agentliyə daxil olmuş “DJİ Mavic Pro" markalı PUA- nın istifadəsinə icazə verilməsi barədə olan müraciəti icraata alınaraq, sənədləri yoxlanılmış və müvafiq qaydada rəy alınması üçün 5 dövlət orqanına göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahı”sının 17-ci hissəsinə uyğun olaraq, PUA-nın dövriyyəsinə xüsusi icazə 5 dövlət orqanının (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) rəyləri nəzərə alınmaqla Agentlik tərəfindən rəsmiləşdirilir. Müvafiq 5 rəy Agentliyə daxil olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq, aşağıdakı dövlət orqanlarının müsbət olmayan rəyləri nəzərə alınaraq müraciətə Agentliyin 2022-ci il 5 may tarixli 124-1-11/1537-22 nömrəli məktubu ilə imtina cavabı verilmişdir: 1.Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti- №36/601, xx/xx/2022; 2.Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti-№ K/343/5/A-397/2, xx/xx/2022; 3.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti- № 24/928, xx/xx/2022 (məxfi). Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin birinci və ikinci hissəsinin tamamilə əsassızdır. Həmçinin, iddia tələbinin 3-cü hissəsi ilə əlaqədar bildirilir ki, Qaydaların 1.5-ci yarımbəndinə əsasən əşyaların dövriyyəsi üçün verilmiş xüsusi icazənin sahibi ona verilən xüsusi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Əşyaların dövriyyəsinə verilmiş xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə xüsusi icazə sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçının 10.000 (on min) manat məbləğində kompensasiya ödənişi məbləğinin nəyə əsasən hesablandığının əsası məlum deyildir və qanunvericiliklə müəyyən edilmiş əsaslarla xüsusi icazə verilməsindən imtina edildiyindən bu tələbi də əsassızdır. Qeyd olunanlara əsasən, İddiaçı iddia tələbi ilə ümumilikdə razı deyillər və məhkəmədən iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə xüsusi icazənin verilməsindən imtinanın Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 14-cü maddəsinin pozuntu kimi tanınması, digər fiziki və hüquqi şəxslərə xüsusi icazə verərək onların bu xüsusi icazəni satması fonunda dəyən mənəvi zərərə və 5 ay ərzində özünü ifadə edərək yaradıcılıqla məşğul olaraq qazana biləcəyi vəsaitin itirilməsi əsasında dəymiş maddi zərərə görə 10 000 AZN kompensasiya ödənilməsi hissələrində iddia mümkün sayılmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə ünvanladığı 36/601 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki,xx.xx.2022-ci il tarixli, 124-1-11/932-22 nömrəli məktubunuza Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində baxılmışdır. Bununla əlaqədar, ölkə ərazisində pilotsuz uçuş aparatlarının dövriyyəsi, o cümlədən idxal-ixrac əməliyyatları və istismarı ilə bağlı müvafiq Qaydaların mövcud olmaması səbəbindən vətəndaş İddiaçı müraciətinə müsbət rəyin verilməsi mümkün hesab edilmir. İş materiallarına əlavə edilmiş AR Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı tərəfindən “DJİ Mavic Pro” markalı pilotsuz uçuş aparatının istifadəsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə daxil olmuş 17 fevral 2022-ci il tarixli müraciətə Dövlət Sərhəd Xidmətində baxılmışdır. “DJİ Mavic Pro” markalı pilotsuz uçuş aparatının İddiaçı tərəfindən istifadəsinə icazə verilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 124-1-11/1537 nömrəli məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (Agentlik) ünvanlanmış pilotsuz uçan aparatın (PUA) istifadəsinə icazənin verilməsi barədə 2022-ci il 17 fevral tarixli müraciətinizə aidiyyəti üzrə Agentlikdə baxılmışdır. Bildiririk ki, müraciətə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 17-ci hissəsindən irəli gələn tələblər çərçivəsində baxılmışdır. Müvafiq dövlət orqanlarından daxil olmuş mənfi rəylər nəzərə alınmaqla müraciətinizlə bağlı xüsusi icazənin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Beləliklə, işdən müəyyən olunur ki, İddiaçı pilotsuz uçan aparatın (PUA) istifadəsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə müraciət etmiş, cavabdeh inzibati orqan inzibati icraat gedişində iddiaçının müraciəti ilə bağlı müsbət rəylərin verilmədiyini əsas götürərək xüsusi icazənin verilməsindən imtina etmişdir. Hazırki tələb üzrə iddiaçı cavabdehin imtinasının qanunsuzluğunu mübahisələndirməklə ona pilotsuz uçuş aparatından istifadəyə icazə verilməsi barədə qərar qəbul edilməsini tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” Qaydalarının: -1.1-ci bəndinə görə bu Qaydalar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 26 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (bundan sonra - əşyaların dövriyyəsi) xüsusi icazə verilməsini tənzimləyir. -1.2-ci bəndinə əsasən əşyaların dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - dövlət orqanları) tərəfindən bu Qaydalara uyğun olaraq verilir. -1.3-cü bəndinə görə xüsusi icazə hüquqi və fiziki şəxslərə (bundan sonra - ərizəçi) verilə bilər. -2.1-ci bəndinə əsasən əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq xüsusi icazəni verən dövlət orqanına aşağıda göstərilən sənədləri təqdim edir: 2.1.1. əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə: 2.1.1.1. hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü; 2.1.1.2. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü; 2.1.2. ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.1.2.1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti; 2.1.2.2. əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq: 2.1.2.2.1. qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti; 2.1.2.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi; 2.1.2.2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər. -2.3-cü bəndinə görə əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün təqdim edilən sənədlər xüsusi icazəni verən müvafiq dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, müvafiq dövlət orqanında sənədlər qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayan müddətdə əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. -2.5-ci bəndinə əsasən əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən yalnız qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda imtina oluna bilər. -2.6-cı bəndinə görə ərizəçiyə əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə ona qanunvericilik aktlarında nəzərdə tutulmuş imtinanın səbəbləri göstərilməklə, 10 gün müddətində yazılı məlumat verilir. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edilməsindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)” məhkəməyə şikayət verilə bilər. -2.12-ci bəndinə əsasən əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. -3.1-ci bəndinə görə xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət olunmasına əşyaların dövriyyəsinə xüsusi icazə verən müvafiq dövlət orqanları nəzarət edirlər. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısının 17-ci bəndinə görə məsafədən idarə edilən pilotsuz uçan aparatlar- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə’’nin 3.0-cı bəninə əsasən Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.14 “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 5-8-ci, 31-ci, 32-ci (xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verildiyi hallar istisna olmaqla), 33-cü, 35-ci, 36-cı, 38-ci, 39-cu, 41-ci, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla 34-cü və 37-ci maddələrində nəzərdə tutulmuş icazələri, habelə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda müəyyən edilmiş hallarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) icazələri bilavasitə və ya strukturuna daxil olan qurum vasitəsilə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) mülki aviasiya sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır. Göstərilən normalardan müəyyən olunur ki, pilotsuz uçan aparatı (PUA) mülki dövriyyəsi məhdudlaşdırılmış əşya olmaqla istifadəsi yalnız cavabdeh inzibati orqan- Dövlət Mülki Aviasiya Agentliyinin icazəsi əsasında mümkündür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısının 17-ci hissəsinə uyğun olaraq: - PUA-nın dövriyyəsinə xüsusi icazə verilir; - xüsusi icazə 5 dövlət orqanının (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) müsbət rəyinə əsasən verilir. Belə ki, xüsusi icazə almaq üçün ərizəçi məsafədən idarə edilən pilotsuz uçuş aparatının istifadə edilməsi ilə bağlı cavabdeh orqana müraciət edir, cavabdeh inzibati orqan müraciət daxil olduqdan sonra inzibati icraatı başlayır, pilotsuz uçuş aparatının icazə istəyən şəxs tərəfindən istifadəsinə icazə verilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi üçün yuxarıda adları çəkilən müvafiq qurumlara müraciət edir, cavab məktubları daxil olduqdan sonra Agentlik icazənin verilməsi barədə qərar qəbul edir və ya xüsusi icazənin verilməsindən imtina barədə yazılı qaydada cavab verir. Təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçının müraciəti əsasında başlanmış icraat gedişində cavabdeh inzibati orqanın sorğu edərək rəylər əldə etmiş, pilotsuz uçuş aparatından istifadə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mənfi rəylər verilmişdir. İnzibati məhkəmə nəzarəti zamanı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin cavabdeh inzibati orqana verdiyi 24/928 nömrəli, xx/xx/2022 tarixli “məxfi rəy” sənəd olaraq məhkəməyə təqdim etmiş və məhkəmə tərəfindən həmin rəyə baxış keçirilmişdir. Beləliklə, təqdim olunan icraat materiallarına əsaslanaraq məhkəmə cavabdeh inzibati orqanın iddiaçının pilotsuz uçuş aparatından istifadəsi ilə bağlı apardığı icraat zamanı qanunla müəyyən edilmiş səlahiyyətini aşması, səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi hallarını müəyyən etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Rove və Davis (Rowe and Davis) Birləşmiş Krallığa qarşı [BP]” - 28901/95 nömrəli, 16.2.2000-ci il tarixli Qərarında göstərilmişdir ki, “.(....) 61. Bununla belə, ərizəçilərin etiraf etdiyi kimi (yuxarıda 54-cü bəndə bax), müvafiq sübutların açıqlanması hüququ mütləq hüquq deyil. İstənilən cinayət prosesində milli təhlükəsizlik və ya qisas riski altında olan şahidlərin müdafiəsi və ya cinayətin istintaqının gizli polis üsullarının saxlanması zərurəti kimi bir-birinə zidd olan maraqlar ola bilər ki, bu da təqsirləndirilən şəxsin hüquqlarına zidd ölçüdə götürülməlidir (məsələn, bax. Doorson Hollandiyaya qarşı 26 mart 1996-cı il tarixli qərar, Hökmlər və Qərarların Hesabatları 1996- İİ, səh. 470, § 70). Bəzi hallarda başqa bir şəxsin əsas hüquqlarını qorumaq və ya mühüm ictimai maraqları qorumaq üçün müdafiədən müəyyən sübutları gizlətmək lazım ola bilər.(..)

62. İctimai maraqlara əsaslanaraq sübutların müdafiədən gizlədildiyi hallarda, belə bir məlumatın açıqlanmamasının ciddi şəkildə zəruri olub-olmaması barədə qərar vermək Məhkəmənin vəzifəsi deyildir, çünki, bir qayda olaraq, milli məhkəmələr onların qarşısında təqdim edilmiş sübutları qiymətləndirməlidir, Avropa Məhkəməsinin vəzifəsi hər bir iş üzrə tətbiq edilən qərarın qəbuletmə prosedurunun mümkün qədər çəkişmə prosesi və tərəflərin bərabərliyi tələblərinə uyğun olub-olmadığını və təqsirləndirilən şəxslərin maraqlarını qorumaq üçün adekvat təminatların daxil edildiyini müəyyən etməkdir”. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsini istisna edəcək zəruri şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar