Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10346/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatın qismən ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 22 saylı evə (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, ünvan 2 və onun yerləşdiyi 0,0984 ha torpaq sahəsinə vahid əmlak kimi "xxxx" QSC-nin adına verilmiş 27 yanvar 2021-ci il tarixli, **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın qismən, 0,0984 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, "xxxx" QSC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı İdarəyə müraciət etməmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyat alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, Hərrac Təşkilatının 39/02 nömrəli, xx.xx.2020-ci il tarixli “Hərracın yekunları barədə protokolu” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilə əsasında sözügedən fərdi yaşayış evi üzərində "xxxx" QSC-nin mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda fərdi yaşayış evi sonuncunun mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (torpaq sahəsinin ölçüsü: 0.04329 ha, mülkiyyət növü: dövlət, hüququn növü: istifadə) X3 (“B” tikilisi 3 otaq (ü/s 128.7 kv.m, y/s-61.8 kv.m, k/s-66.9 kv.m) adına ********** qeydiyyat nömrəsi ilə və İddiaçı (“A” tikilisi 9 otaq (ü/s 597.2 kv.m, y/s-262.5 kv.m, k/s-334.7 kv.m) adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı aid hissə xx.xx.2014-cü il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Notarial qaydada təsdiq edilmiş bölgü sxemi, həmçinin "xxxx" QSC-nin razılıq məktubu ilə X3 və İddiaçı payı naturada ayrılmış, ünvan 1 (yeni qaydalarla: Nizami rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 597.2 kv.m olan fərdi yaşayış evi (torpaq sahəsinin ölçüsü 0.09842 ha, mülkiyyət növü: xüsusi, hüququn növü: mülkiyyət) İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2- 1(112)-2303/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 544/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2-1(112)-2303/2022 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarın qüvvəyə minib-minməməsinə dair idarəyə məlumat daxil olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı proses iştirakçılarının fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə ifadə olmuş və müvafiq iddia növü kimi verilmişdir. Odur ki, irəli sürülmüş tələb mümkünlük şərtləri üzrə qiymətləndirilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 1(112)-2303/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi və bununla bağlı reystrdə və evin texniki pasportunda dəyişiklik edilməsi” tələbinə dair iddası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-544/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-2303/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı yenidən eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. Odur ki, hazırkı iddianın predmetini təşkil edən məsələ barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarının 15.6-cı bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatın qismən ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-10346/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10346/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver