Məhkəmə qərarları › İş №2-1(112)-1035/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1035/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1035/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan), iddiaçının vəkili Vəkil (Bakı şəhəri, Azərbaycan prospekti, 30 ünvanında fəaliyyət göstərən) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onun pensiyasının yenidən hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1035/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərardadı ləğv edərək, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1149/2020 saylı xx xxxx 2020-ci il tarixli Qərardadı ilə İddiaçı apelyasiya şikayətinin təmin olunması, Bakı İnzibati Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1035/2020 saylı qərardadının ləğv olunaraq, işin baxılması üçün Bakı İnzibati Məhkəməyə göndərilməsi qərara alınmışdır. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-ci ildən 1996-ci ilədək hərbi sahədə xidmət etməklə hərbi pensiya hüququ qazanmışdır və 1996-cı ildə hərbiçi kimi əmək pensiyasına çıxmışdır. Pensiyaya çıxandan bir müddət sonra Azərbaycan Respuiblikası Dövlət X4 X8 İdarəsinə işə qəbul olunmuş və burada 2019-cu ilin yanvar ayına qədər fəhlə işləmişdir. Binəqədi NQCİ-də işlədiyi dövrdə onun adına Dövlət Sığorta Şəhadətnaməsi açılmışdır və işlədiyi idarə tərəfindən onun sosial sığora hesabına məcburi dövlət sığorta ödənişləri edilmiş və bu pullar sığorta hesabının siğorta və yığım hissəsində toplanmışdır. Onda olan məlumatlara görə şəxsi siğorta hesabının sığorta və yığım hissəsində toplanan məbləğin ümumi həcmi 24 000 manat təşkil edir. “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 37.3.1 -ci maddəsinə əsasən - Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Gözlənilən pensiya ödənişi müddəti müəyyən məqsədlər üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Azərbaycanda gözlənilən orta ömür kişilər üçun 73.1 yaş, pensiya hüququ qazanmaq üçün yaş həddi 64 təşkil etdiyini nəzərə alaraq , gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 9.1 il təşkil edir. Qanunun mənasına görə pensiya çıxdıqdan sonra işlədiyi dövr üzrə onun sığorta hesabının sığorta və yığım hissəsində toplanmış pensiya kapitalı (24 000 manat) gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya çıxdıqdan sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanmalıdır. “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 37.3.1ci maddəsində konkret və aydın şəkildə göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə işlədiyi dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Göstərilən qanunun mənasına görə o pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üzrə onun sığorta hesabının sığorta və yığım hissəsində toplanmış pensiya kapitalı ( 24 000 manat) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına mütənasib əlavə edilməklə hissəhissə ona qaytarılmalıdır. Hesab edir ki, cavabdehin göstərdiyi imtinanın səbəbləri əsasızdır və hüquqi baxımından məntiqsizdir. Belə ki, heç bir qanunla güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərin sonradan qazandıqları pensiya kapitalının “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə müvafiq yenidən hesablanmasına qadağa qoyulmamış və qoyula da bilməz ( əgər qadağa olsaydı cavabdeh bilavasitə həmin qanuna istinad edərdi). Belə ki, pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam edən pensiyaçının pensiya kapitalı onun bilavasitə şəxsi sığorta hesabında toplandığı üçün özünə məxsus sığorta vəsaitidir və “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə müvafiq pensiyasına hesablanmalı və özünə qaytarılmalıdır. Əks təqdirdə bu kateqoriyadan olan şəxslər hansı əsasla məcburu dövlət sığorta ödəmələrinə məruz qalırlar və hansı məqsədlə onlara şəxsi sığorta hesabı açılır? Göstərilənlərə əsasən iddiaçı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinnin tələblərinə müvafiq olaraq onun pensiyasının yenidən hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq göstərmişdir ki, iddiaçıya hərbi qulluqçu kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyinin 65 faizi məbləğində pensiya təyin olunmuşdur. Həmin maddənin tələblərinə əsasən hərbi qulluqçuların pensiyası onların təminat xərcliyinə uyğun olaraq hesablanır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təsdiq olunması” Qaydalarının 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən cavabdehə göndərilməlidir. Yəni yeni məlumat vərəqəsi daxil olmadan cavabdeh tərəfindən iddiaçının pensiyasına hər hansı dəyişiklik edilməsi mümkün deyildir. İddiaçının mövqeyinə görə əmək pensiyasına çıxan hərbi qulluqçu əgər sonradan işləyirsə onun əmək pensiyası həmin təminat xərcliyi artdıqca artmalıdır, həm sığorta kapitalı artdıqca. Bu isə şəxsə münasibətdə ikiqat artımın tətbiq edilməsinə gətirib çıxarır. Lakin qanunvericlikdə göstərilən hal “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydalarının 2.1-ci bəndi ilə tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Yəni iddiaçının əmək pensiyasının sığorta hissəsi artıqdca qulluq illərinə görə əlavələr azaldıldığından iddiaçı təminat xərcliyinin 65 faizi məbləğində əmək pensiyası almaqda davam edir. Buna görə də iddiaçının hər hansı hüququ pozulmur. Məhkəmə iddiaçının qanunla qorunan hər hansı hüququnun pozulması ehtimalı olduğu halda işə baxa bilər. Hazırda hətta iddia təmin edilsə belə iddiaçının əmək pensiyasında hər hansı artım olmayacaqdır. Bu hesablama iddiaçıya münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmayacaq və qərar faktiki olaraq heç nəyi dəyişməyəcəkdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Marneuli (Gürcüstan) rayonunda doğulmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan **********0 saylı xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Sizə sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Eyni zamanda bildiririk ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Əlavə olaraq bildiririk ki, sosial sığorta hesabınızdakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququnuz vardır. Nəzərinizə çatdırırıq ki, bu zaman siz yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinizə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəksiniz. Yuxarıda göstərilənləri nəzərə alaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə sizə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığınız ərazi üzrə Dövlət X5 aidiyyəti rayon (şəhər) şöbəsinə müraciət etməyiniz tövsiyə olunur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X7 haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X7 məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular- Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonra dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X6 İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X6 İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar