Məhkəmə qərarları › İş №2-1(112)-10353/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10353/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10353/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızının doğum akt qeydinin ad qrafasında qeyd edilən “Elmira” adının “Rəhilə” adına dəyişiklik (düzəliş) edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehin öhdəliyinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızı xx.xx.1956-cı il tarixdə Saatlı rayonu, Hacıqasımlı kəndində anadan olmuşdur. Ona Saatlı rayonu Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1956-cı il tarixli, 13 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı ilə Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızı xx.xx.1991-ci il tarixli, 17 №-li akt qeydi ilə Saatlı rayon VVADQ Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. İddiaçının həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçının adına əmlak vardır. İddiaçı həmin əmlakı baldızına, yəni mərhum həyat yoldaşı X1 bacısına bağışlama yolu ilə hədiyyə etmək istəyir. Lakin bunun üçün Notariat ofisi iddiaçı ilə mərhum həyat yoldaşının bacısının qohumluq əlaqələrini müəyyən etmək üçün həyat yoldaşının doğum haqqında şəhadətnaməsini və nikah haqqında şəhadətnamələrini tələb etmişdir. İddiaçı nikah haqqında şəhadətnaməni təqdim etmiş, amma həyat yoldaşının doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Doğum haqqında şəhadətnaməni təkrar almaq üçün həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini aldığı Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Sabunçu rayon Qeydiyyat Şöbəsi iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, X2 Saatlı rayonu, Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1956-cı il tarixli 13 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin həmin doğum akt qeydində X1 adı “Rəhilə” əvəzinə “Elmira” yazılmışdır. Bütün digər sənədlərdə adı “Rəhilə” yazıldığı üçün təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Həmçinin Sabunçu rayon Qeydiyyat Şöbəsi bildirmişdir ki, Saatlı rayonu Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli, 13 saylı doğum akt qeydinin xx.xx.1956-cı il tarixində anadan olmuş Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızına mənsub olması barədə müvafiq qətnamə çıxarıldıqdan sonra müraciətə baxılacağı və təkrar doğum haqqında şəhadətnamə veriləcəyi bildirilmişdir. Sonradan iddiaçı xx.xx.1956-cı il tarixli, 13 saylı doğum akt qeydinin Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızına mənsub olması barədə qətnamə qət edilməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(001)-2414/2023 saylı qərardadla sənədlər iddiaçıya geri qaytarılmış və Saatlı rayon Hacıqasımlı kənd İƏD üzrə Nümayəndəliyinə Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızının doğum haqqında şəhadətnaməsini təkrar almaq və doğum akt qeydində düzəliş edilməsi üçün müraciət etməsi bildirilmişdir. Lakin Saatlı rayon Hacıqasımlı kənd İƏD üzrə Nümayəndəliyindən bildirmişlər ki, həmin sənədlər Saatlı Rayon Arxivinə təhvil verilmişdir. Sənədləri təkrar alması üçün iddiaçıya Qeydiyyat Şöbəsinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ona həyat yoldaşının doğum akt qeydində müvafiq düzəliş edilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etməsi, imtina edildiyi halda, inzibati icraat qaydasında iddia qaldırması bildirilmişdir. İddiaçı Sabunçu rayon X4 (Şükürova) Rəhilə Xuduş qızının doğum akt qeydində düzəliş edilməsi ilə bağlı müraciət etmiş, lakin imtina cavabı almışdır. Hazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək Saatlı rayonu Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 13 №-li doğum haqqında akt qeydində Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızının adının “Elmira”dan dəyişiklik edilərək “Rəhilə” kimi qeyd edilməsi vəzifəsinin cavabdeh Sabunçu rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. X9 (Şükürovanın) əri- iddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, X5 Saatlı rayonu Hacıqasımlı kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1956-cı il tarixli 13 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, uşağın adı qrafasında “Elmira” və Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 17 saylı, xx.xx.1991-ci il tarixli nikah, Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 1073 saylı, xx.xx.2021-ci il tarixli ölümü haqqında akt qeydlərində isə iddiaçının arvadının adının “Rəhilə” yazılması müəyyən edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”a uyğun olaraq adına dəyişiklik edilməsi üçün əsas olmadığından müraciətə qeydiyyat şöbəsində baxılması mümkün olmamışdır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə iddiaçının Sabunçu rayon Qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar Saatlı rayonu Hacıqasımlı kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1956cı il tarixli, 13 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, uşağın adı qrafasında “Elmira” və Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 17 saylı, xx.xx.1991-ci il tarixli nikah, Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 1073 saylı, xx.xx.2021-ci il tarixli ölümü haqqında akt qeydlərində isə arvadınızın adının “Rəhilə” yazılması müəyyən edilmişdir. Saatlı rayonu Hacıqasımlı kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1956-cı il tarixli 13 saylı doğum haqqında akt qeydinin xx.xx.1956-cı il tarixdə anadan olmuş Xankişiyevə (Şükürova) Rəhilə Xuduş qızına mənsub olması barədə müvafiq qətnamə çıxarıldıqdan sonra müraciətə baxılacağı qeyd edilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 2876/2023 saylı Qərardadının surətindən görünür ki, ərizəçi İddiaçı Saatlı rayonu Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli 13 saylı doğum akt qeydinin xx.xx.1956-cı il tarixində anadan olmuş Xankişiyevə (Şükürova) Rəhilə Xuduş qızına mənsub olması barədə qətnamə qəbul edilməsi tələbinə dair işə baxılmış, ərizənin qəbul edilməsindən imtina olunmuş, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. -Müvafiq sorğu əsasında Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən X6 xx.xx.1956-cı il tarixli, 13 №-li doğum akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan doğum akt qeydindən görünür ki, X10 xx.xx.1956-cı il tarixdə doğulmuşdur. X3, anası X7r. -Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.1991-ci il tarixli, 17 №-li Nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1956-cı il təvəllüdlü Şükürova (Xankişiyeva) Rəhilə Xuduş qızı arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada “Xankişiyeva” soyadı verilmişdir. -Saatlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 255822 №-li nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X11 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə, 17 nömrəli qeydiyyat aparılmışdır. -Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 1073 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə Saatlı rayonunda doğulmuş X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə AZ-İİ 171607 nömrəli, xx.xx.2021-ci il tarixli şəhadətnamə verilmişdir. -Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 171607 №-li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. -Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1769/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.1956-cı ildə Saatlı rayonunda doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı təsdiq edilmişdir. -Sabunçu RPİ tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası, Saatlı rayonunda anadan olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı həyat yoldaşı - xx.xx.1956-cı il təvəllüdlü Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızına məxsus bütün sənədlərdə adının “Rəhilə” olaraq qeyd olunduğuna istinad edərək, Saatlı rayonu Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 13 nömrəli doğum akt qeydində ad qrafasında şəxsin adının “Elmira”dan “Rəhilə”yə dəyişdirilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmiş, iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsi üçün əsaslardan biri kimi vətəndaşlıq vəziyyəti akt qeydində qeyridüzgün məlumatlar göstərilməsidir. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biri hesab edilir. Həmin Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə şəttləndirmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, iddiaçının arvadının şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində, nikah və ölüm haqqında akt qeydlərində, habelə həmin akt qeydləri əsasında verilmiş nikah və ölüm haqqında şəhadətnamələrdə adı “Rəhilə” kimi göstərildiyindən dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızının doğum haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Saatlı rayonu Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 13 №-li doğum haqqında akt qeydində Xankişiyeva (Şükürova) Rəhilə Xuduş qızının adının “Elmira”dan dəyişiklik edilərək “Rəhilə” kimi qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar