Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10358/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün siyahıya salınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Tibbi Ərazi X1rşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün siyahıya salınma” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh əsl cavabdeh Müdafiə Nazirliyi ilə əvəz edilmiş, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan cavabdehin yenidən dəqiqləşdirilməsi barədə ərizə verilsə də, iddiaçı sonuncu məhkəmə iclasında ərizə verərək həmin dəqiqləşmə ərizəsinin geri qaytarılmasını və cavabdehin Müdafiə Nazirliyi kimi saxlanılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2020-ci il tarixdən 23 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatları zonasında təcili yardım maşının sürücüsü kimi işləmişdir. Buna dair bütün sənədlər cavabdehə təqdim edilsə də, müharibə veteranı adı və vəsiqənin verilməsi üçün razılaşdırmanın aparılması ilə əlaqədar məlumatın göndərilməsi təmin edilməmişdir. Cavabdehin etirazı: Cavabdehi iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı Ağdam Rayonu Mərkəzi Xəstəxanasına ezam olunan sürücü olmuş, Nazirliyin tabeliyində hərbi hissə və müəssisələrində xidmət etməmiş, işləməmiş, hərbi hissə və bölmələrə ezam edilməmişdir. Cavabdeh Nazirlik səlahiyyəti olan müvafiq dövlət orqanı ilə Əsasnaməyə edilmiş yeni dəyişikliyə və 127 S saylı Sərəncama uyğun olaraq əvəz edilməlidir. Belə ki, TƏBİB-in buna dair vəsatəti əsasında siyahıya iddiaçının adı daxil edilə bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaya cavab verməli olan inzibati orqanın Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi yox, məhz Müdafiə Nazirliyi olmasına münasibətdə də məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cavabdeh Müdafiə Nazirliyi Birliyin vəsatətinin əsas olması, məhz Birliyin cavabdehliyi ilə əlaqədar hüquqi əsaslandırma olaraq müvafiq Əsasnamə və Sərəncamın müddəalarına istinad edir ki, məhkəmə həmin əsaslandırmanın cavabdehin müəyyən edilməsi baxımından düzgün olmaması qənaətindədir. Belə ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 2-ci hissəsinin Qeydinə əsasən Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Həmin abzaslara əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin 2-ci hissəsində, həmçinin qeyd edilir ki, Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnamənin tələbindən də göründüyü kimi rəy vermək səlahiyyəti olan komissiyaların aid olduğu orqanların siyahısı konkret olaraq müəyyən edilmiş, Əsasnamədə yuxarıda göstərilən qeyd hissəsində isə Əasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsi təsbit edilmişdir. Cavabdehin mövqeyin qəbul etsək, belə anlayışılır ki, Birliyin müharibə veteranı ad və vəsiqəsi vermək səlahiyyəti mövcuddur. Belə ki, Nazirlər Kabinetinə razılaşdırılması üçün Siyahını göndərən qurumların siyahısı ilə, veteran ad və vəsiqəsi vermək səlahiyyəti olan, bu istiqamət üzrə araşdırma səlahiyyəti olan komissiyası olan qurum eyni olmalıdır ki, həmin mövqe ona dəlalət edir ki, Birliyin həm vəsiqə vermək, həm də razılaşdırma üzrə birbaşa Nazirlər Kabinetinə siyahını göndərmək səlahiyyəti vardır. Həmin məntiqlə getdikdə Birlik tərəfindən göndərilməli olan siyahı Nazirlər Kabineti ilə razılaşdırıldığı təqdirdə yenidən qəbul edilmiş siyahı üzrə veteran vəsiqəsini Birlik öz adından verməlidir ki, cavabdehin həmin əsaslandırmasının qanuniliyindən söhbət gedə bilməz. Cavabdehin nəzərinə də çatdırılır ki, səlahiyyətli olan Əsasnamədə göstərilən dövlət orqanı dedikdə Müdafiə Nazirliyi və s kimi orqanlardan söhbət gedir. Birlik inzibati orqan olsa da, həmin veteran vəsiqəsinin verilməsi məsələsinə münasibətdə səlahiyyəti olan orqan qismində çıxış edə bilməz ki, ezam və digər sənəd və məlumatların onda olması da, vəziyyəti dəyişmir. Belə olduğu halda Müdafiə Nazirliyi həmin sənəd və məlumatların sorğu ilə Birlikdən əldə etmək hüquq və vəzifəsinə malik qurumdur ki, həmin sənədlər veteran vəsiqəsinin verilməsi və ya razılaşdırılması üçün göndərilməsinə dair inzibati icraat çərçivəsində əldə edilməli olan sənədlərdir. Bu o demək deyildir ki, hər sənədin alınması üzrə həmin quruma qarşı inzibati icraatın aparılması zəruridir. Əksinə, həmin növ inzibati icraatı aparmaq Müdafiə Nazirliyinin səlahiyyətində olmuşdur ki, Əsasnamə də qeyd edildiyi kimi Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Hazırkı halda Birliyi sorğuya cavab verməli olan qurum kimi yanaşılsa da, həmin hal müvafiq siyahının razılaşdırılması üçün nə Birliyə, nə də Əsasnamədə komissiyasının rəy verilməsi səlahiyyəti verilmiş səlahiyyətli orqanlardan başqa digər orqanların həmin məsələdə səlahiyyətinin olması kimi yanaşıla bilməz. Göstərilən halda ezam əmri və ezam sənədləri hazırlamış bütün publik və publik olmayan hüquqi şəxslər, digər işəgötürənlər siyahı tərtib edib razılaşdırılması üçün göndərmək səlahiyyətinə malik olacaq ki, həmin növ məntiqin hazırkı halda tətbiqinin istisna edilməsi aşkardır. Bundan əlavə, cavabdeh digər əsaslandırma kimi cavabdeh “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 127 S nömrəli Sərəncamına istinad edir ki, cavabdeh nəzərə almamışdır ki, həmin Sərəncam adından da göründüyü kimi 3144 nömrəli Sərəncamın icrası ilə əlaqədardır. Sonuncu Sərəncam isə veteran vəsiqəsinin verilməsi ilə əlaqədar yox, həmin vəsiqəni almış şəxslərin təltif edilməsi ilə əlaqədardır. Veteran vəsiqəsinin verilməsi isə konkret olaraq yuxarıda göstərilən Əsasnamə ilə təsdiq edilir ki, həmin Əsasnaməyə əsasən səlahiyyətli orqan dedikdə məhz Müdafiə Nazirliyi başa düşülür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhər Baş Səhiyyə İdarəsinin X6 sürücüsü kimi 27 sentyabr 2020-ci il tarixdən 24 noyabr 2020-ci il tarixədək hərbi əməliyyatların həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərmək məqsədi ilə “Ağdam Rayon Mərkəzi Xəstanası” publik hüquqi şəxsində ezam olmuşdur. 18 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut ərazilərindən yaralı hərbçilər və şəhidlərin X5 Mərkəzinə təxiyyə edilməsində nümunəvi xidmət həyata keçirmişdir. Həmin mərkəz müharibə dövrndə hərbi hospital kimi fəaliyyət göstərmişdir. 10 dekabr 2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, X7 Avtobazasının işçisi kimi iddiaçı müharibə dövründə xidməti ilə əlaqədar fəxri fərmana layiq görülmüşdür. Hərbi biletdən görünür ki, iddiaçının müharibə dövründə xidməti ilə əlaqədar qeydlər aparılmış, rəsmi möhür və imza ilə aidiyyəti şəxslər tərəfindən həmin qeydlər təsdiq edilmişdir. Müdafiə Nazirliyinin 08 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Xəstəxana və Avtobazanın sənədləri Mərkəzi Arxivə daxil olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai Rayon İdarəsi tərəfindən təqdim edilən sənədlərdən (arayış və s) görünür ki, iddiaçı Ağdam Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin sərəncamına müharibə dövründə ezam edilmiş, yaralı və şəhid hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşdur. 17 yanvar 2024-cü il tarixli cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə iddiaçı Nazirliyin tabeliyində hərbi hissə və müəssisələrində xidmət etməmiş, işləməmiş, hərbi hissə və bölmələrə ezam edilməmişdir və buna görə də razılaşdırılması üçün siyahı göndərilməmişdir. İşəgötürənin əmrilərindən görünür ki, Fon Transit markalı ** JG *** nömrəli nəqliyyat vasitəsi döyüş zonasında təxliyyə işləri ilə əlaqədar iddiaçıya təhkim edilərək həmin şəxs döyüş bölgəsində olan xəstəxanaya ezam edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən oktyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçməmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İdiaçının da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut rayonları istiqamətində gedən döyüş əməliyyatları zamanı sürücü kimi müvafiq tapşırıqları yerinə yetirməsi işin mübahisəsiz halıdır, çünki bu faktlar iş materiallarında olan sənədlər və hərbi biletdə aparılan qeydlərlə tam təsdiq olunur. İddiaçının yerinə yetirdiyi tapşırığın mahiyyətinə gəldikdə, həmin tapşırıq döyüş əməliyyatlarının təminat növünün tərkib elementi qismində çıxış etməkdədir ki, iddiaçı məhz döyüş əməliyyatlarını həyata keçirən dövrdə Xəstəxanaya ezam edilmiş sürücü kimi nəqliyyat vasitələrini idarə edərək şəxsi heyətin, yaralıların, şəhid düşmüş şəxslərin təxliyyəsini həyata keçirmişdir. Bu zaman iddiaçının ezam olunduğu qurumun hərbi hissə olmaması da vəziyyəti onun ziyanına dəyişmir. Belə ki, hərbi hissə ilə yanaşı orqan və qurumlara ezam halında da veteran vəsiqəsinin verilməsi mümkün haldır ki, hazırkı halda Birliyin tabeliyində olan Xəstəxanaya ezam da hərbi hissə və bölməyə ezam kimi eyni məqsədlərə xidmət edir. Məqsədin eyni olduğu halda isə, hər hansı fərqləndirmənin aparılması zərurəti müəyyən edilməməkdədir. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. Hazirki halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-3069/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da analoji mövqedən çıxış edən Müdafiə Nazirliyinin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, Xəstəxanaya ezam edilmiş sürücü kimi iddiaçı mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir. Bundan əlavə, Ali Məhkəmənin 2-1(102)-937/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı, 2-1(102)-937/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar, 2-1(102)-850/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarlarında da oxşar mövqedən çıxış edilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün ona dair sənədlərin (siyahının) razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov