Məhkəmə qərarları › İş №2-1(112)-1036/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1036/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1036/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 250/2; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hüquqi Təminat Şöbəsinin zabiti ədliyyə baş leytenantı), 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, 8 MKR, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi, baş məsləhətçi- hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (3-cü şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi) qarşı “məlumat vərəqəsinin müvafiq quruma göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçıya pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi ünvanı nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Sovet ordusunda daha sonra Azərbaycan Milli ordusunda gizir daha sonra zabit kimi qulluq etmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin 0467 nömrəli xx xxxx 1999-cu il tarixli əmri ilə Hərbi Xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinə “A” bəndinə əsasən (xidməti müddəti başa çatdığına görə) ehtiyyata buraxılmışdır. Lakin ehtiyyata buraxıldıqdan sonra pensiya təyin edilməsi ilə bağlı müraciət edilsə də pensiya təyinatından imtina edilmişdir. Əsas kimi 19 il 6 ay 27 gün xidmət etməsi, yəni 20 ildən az olması göstərilmişdir. İddiaçı hərbi xidmətdən könüllü ərizəsi ilə deyil, “hərbi xidmət keçmə” haqqında Əsasnamənin 156-cı maddəsinə əsasən ehtiyyata buraxılmışdır. 19 il ərzində Hərbi Komissarlığa və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çox saylı müraciət edilsə də, pensiya təyinatından imtina edilmişdir. Tələb olunan staj müddəti tamam olmamış iddiaçının ehtiyyata buraxılmağı onun iradəsindən asılı olmayaraq həyata keçirilmişdir və ona pensiya təyin edilməlidir. Bundan başqa iddiaçı hətta zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilərək pensiya hüququnu əldə edənədək hərbi xidməti davam etdirməyi xahiş etmişdir. Lakin qeyd olunan ərizə də təmin edilməmişdir. Daha sonra cavabdehə İddiaçı pensiya təyin olunması məqsədi ilə məlumat vərəqəsinin düzəliş edilərək müvafiq idarəyə göndərilməsi barədə xahiş olunmuşdur. Cavabdeh təşkilatın Ş/4350 nömrəli məktubu ilə imtina edilmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İPM-in 1.2ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Xidmətin Bakı şəhəri Binəqədi rayon idarəsində mövcud olan İddiaçı adına tərtib edilmiş şəxsi işə əsasən onun ordu siralarında xodməti cəmi 19 il 6 ay 27 gün təşkil edir. Bu səbəbdən iddiaçıya məlumat vərəqəsinin tərtib edilməsi mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən ididaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən pensiyanın hesablanması üçün məlumat vərəqəsinin tərtib edilməsi mümkünsüzdür və bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Э seriyalı 002789 nömrəli Diploma əsasən İddiaçı 1972-ci ildən 1976-cı ilədək Bakı Sənaye-Pedaqoji Texnikumunda sənaye mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Bakı Sənaye-Pedaqoji Texnikumunun 124 nömrəli Əmrinin surətindən müəyyən olunur ki, Bakı Sənaye-Pedaqoji Texnikumunda hərbi hazırlıq silsilələri (hərbi hazırlıq rəhbərləri) mövcud olmuş və müvafiq hərbi hissələrin əsasında hərbi hazırlıqlar təşkil edilmişdir.(qeyd edilən əmrin mövcudluğu proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir) İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş ФВ seriyalı 521880 nömrəli Diploma əsasən İddiaçı 1986-cı ildən 1992-ci ilədək X1 sənaye və mülki mühəndislik ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi xx.xx.2020-ci il tarixli 390 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq İddiaçı şəxsi işinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan İddiaçı şəxsi işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1988-ci ilin aprel ayından həmin ilin oktyabr ayına kimi Masallı Rayon Hərbi Komissarlığında qeydiyyat və bronlaşma üzrə təlimatçı işləmiş, 1988-ci ilin oktyabr ayından 1992-ci ilə kimi Azərbaycan Respublikası hərbi komissarlığının əmri ilə Masallı Rayon Hərbi Komissarlığının 2-ci bölməsində gizir rütbəsində məsul icraçı vəzifəsində qulluq etmişdir. 1992-ci il avqust ayından 1995-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Lerik rayon hərbi komissarlığına çağırış bölməsi üzrə komissar köməkçisi vəzifəsində qulluq etmiş və kiçik leytenant rütbəsinə layiq görülmüşdür. 1995-ci ilin yanvar ayından 1997-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Müdafiə Nazirliynin əmri ilə Masallı rayon hərbi komissarlığının təşkilat və səfərbərlik bölməsinin əsgər və çavuşlar üzrə baş köməkçi vəzifəsində qulluq etmiş və xx.xx.1995-ci il tarixli əmrlə leytenant rütbəsinə layiq görülmüşdür. 1997-ci ilin yanvar ayından 1998-ci ilin oktyabr ayına kimi Masallı rayon hərbi komissarlığının 4-cü ehtiyatda olan çavuş, əsgər və bron bölməsinin rəisi vəzifəsində qulluq etmiş və xx.xx.1997-ci il tarixli əmrlə baş leytenant rütbəsinə layiq görülmüşdür. 1998-ci ilin oktyabr ayından 1999cu ilin iyul ayına kimi Astara rayon hərbi komissarlığının 2-ci çağırış bölməsinin rəisi vəzifəsində qulluq etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1999-cu il tarixli əmri ilə baş leytenant İddiaçı xidmət müddəti başa çatdığına görə Ordu sıralarından tərxis olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinə əsasən nümayəndəsi olduğunuz İddiaçı ehtiyata buraxıldığı vaxt pensiya hüququna malik olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, heç bir əsas olmadan pensiya təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məlumat vərəqi göndərmək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçının Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil aldığı müddət (1972-1976-cı illər) hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisəsi kimi qəbul edilməli və müvafiq dövr onun iş stajına daxil edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Sənaye-Pedaqoji Texnikumunun 124 nömrəli Əmrinin surətindən müəyyən olunur ki, Bakı Sənaye-Pedaqoji Texnikumunda hərbi hazırlıq silsilələri (hərbi hazırlıq rəhbərləri) mövcud olmuş və müvafiq hərbi hissələrin əsasında hərbi hazırlıqlar təşkil edilmişdir. Həmçinin, iddiaçının X1 təhsil aldığı müddət 6 il (1986-1992-ci illər) olsa da, iddiaçı 1988-ci ildən təkrar hərbi xidmət keçdiyindən, iddiaçının iş stajı hesablanarkən qeyd edilən təhsil dövrünün yalnız 2 ili (1986-1988-ci illər) nəzərə alınmalıdır. Beləliklə, iddiaçının Bakı Sənaye-Pedaqoji Texnikumunda və X1 müvafiq olaraq 1972-1975-ci (3 il) və 1986-1988-ci (2 il) il təhsil illəri nəzərə alındıqda (5 il müddət daxilində), qanunvericiliyin tələblərinə əsasən 5 il əsas müddəti 1 ili 6 ay sayılmaqla ümumilikdə 2 il 6 ay müddət onun iş stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən, həmçinin hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, qeyd edilən təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Əlavə olaraq məhkəmə qeyd edir ki, müvafiq Qərarda təhsil müddətininbeş ilədək müddət daxilində təlimin bir ili altı ay götürülməsi təhsil müddətinin əvvəlindən və ya sonundan hesablanması qeyd olunmamışdır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus diplomlara əsasən İddiaçı 1972-1976-cı və 1986–1992-ci illərdə təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 saylı qərarının 1-ci bəndinin 2-ci hissəsində deyilir ki, “Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Eyni zamanda qeyd edilməlidir ki, xx xxxxxxx 1956-cı ildə qüvvəyə minmiş və xx xxxxxxxx 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmçinin xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə iddiaçının ordu sıralarında olan hərbi xidməti ilə bağlı qeyd edir ki, onun Ordu sıralarından tərxis olunduğu günə (xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək), xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi həqiqi hərbi xidmət dövrü də nəzərə alınmaqla, təqvim ili cəmi 12 il 07 ay 25 gün hərbi xidmət illəri mövcuddur. Həmin xidmətin xx xxxxxxx 1991-ci il tarixdən xx xxx 1997-ci il tarixədək olan müddəti uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməklə bir ayı iki ay sayılmalıdır və iddiaçının həmin dövr üzrə xidmət illəri 5 il 06 ay 14 gün yox 11 il 28 gün hesablanmalıdır. Beləliklə, iddiaçının ümumilikdə ordu sıralarında xidmət illəri, həqiqi hərbi xidmət də daxil olmaqla 18 il 02 ay 09 gün təşkil edir. Belə ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” xx xxxxxxx 1991-ci il tarixli 222-Xİİ nömrəli Konstitusiya Aktının 12-ci maddəsinə əsasən Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır. Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir. Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 saylı qərarının 2-ci bəndin «b» yarımbəndində(xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyası)deyilir ki, zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmətin bir ayı iki ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1997-ci il tarixli 331 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında 2-ci bəndin «b» yarımbəndində göstərilən «Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti» abzas çıxarılmışdır. “Müdafiə haqqında”Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 2-ci hissəsinə əsasən müharibə vəziyyətinin elan olunduğu və ya hərbi əməliyyatların başlandığı gün və saat müharibə dövrü başlanır və hərbi əməliyyatların qurtardığı gündə və saatda qurtarır. Məhkəmə qeyd edir ki, iddiaçı tərxis olduğu gün, yəni xx.xx.1999-cu il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququ əldə etməsi üçün xidmətdən buraxılanadək 20 təqvim ili deyil 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməsi nəzərdə tutulmuşdur. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin a bəndinə (x xxxxxxxx 2004-cü il tarixədək redaksiyası) əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Həmçinin, Qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir: “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Belə ki, ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2012-ci il tarixli 593 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqlarının ləğv edilməsi və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması qərara alınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yeni “Məlumat vərəqəsi”nin verilməsinə gəldikdə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən, onun barəsində məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə göndərilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar