Məhkəmə qərarları › İş №2-1(112)-1036/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1036/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1036/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarı ilə 62 nömrəli Order əsasında Şüvəlan bağlar sahəsində 51 nömrəli X2 nəzdində olan torpaq sahəsindən 1200 kv.metr ölçüdə, 759 M/2 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı Şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarı ilə 62 nömrəli order əsasında Şüvəlan bağlar sahəsində 51 nömrəli X2 nəzdində olan torpaq sahəsindən 1200 kv.metr ölçüdə, 759 M/2 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçı tərəfindən daş hasara alınmış və faktiki istifadəsindədir. İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi müraciətinə 26 fevral 2024-cü il tarixli, 3-21-3-30/2-N0025- 8/2024 **********47 saylı məktubla cavab verərək bildirmişdir kı, təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi və həmin orderin verilməsinə əsas olmuş Bakı şəhər icraiyyə Komitəsinin 4/143 saylı 13 06.1990-cı il tarixli sərəncamın idarənin arxivində möcud olan nüxəsində iddiaçının aşkar olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən göstərilən torpaq sahəsinin qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuş və torpaq sahəsinin yerləşməsi idarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edərək sxematik xəritədə 759n/2 bağ nömrəsi aşkar olunmamış, həmçinin göstərilən ərazidə sxemtik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. İddiaçının torpaq sahəsinə dair orderdə bağın nömrəsi 759 M/2 kimi qeyd edilmişdir. Həmçinin müraciət ərizəsində də bağın nömrəsin 759 M/2 kimi qeyd edilmişdir. Lakın cavabdehin imtina məktubundan görünür ki, onların araşdırması 759 M/2 nömrəli bağ sahəsi ilə bağlı olmamış, iddiaçıya heç bir aidiyyəti olmayan 759 n/2 nömrəli bağ sahəsi ilə bağlı olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********47 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi aşkar edilməmişdir. Həmçinin orderdə istinad olunan və orderin verilməsinə əsas olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 4/143 №-li, xx.xx.1990-cı il tarixli sərəncamın İdarənin arxivində mövcud olan nüsxəsində İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə sxematik xəritədə 759n/2 bağ nömrəsi aşkar olunmamış, həmçinin göstərilən ərazidə sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş 62 №-li orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarına əsasən İddiaçı Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəznində sahəsi 0,12 ha olan 759 M/2 nömrəli bağ sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********47 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, idarənin arxivində təqdim edilmiş X3 və istismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi aşkar edilməmişdir. Həmçinin orderdə istinad olunan və orderin verilməsinə əsas olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 4/143 №-li, xx.xx.1990-cı il tarixli sərəncamın İdarənin arxivində mövcud olan nüsxəsində İddiaçı adı aşkar olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur və torpaq sahəsinin yerləşməsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə 759n/2 bağ nömrəsi aşkar olunmamış, həmçinin göstərilən ərazidə sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1991-ci il tarixli 4/143 nömrəli qərarı ilə 51 nömrəli bağ tikinti kooperativi nəzdində Şüvəlan qəsəbəsində 759n/2 saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına 62 nömrəli order və həmin orderin verilməsinə əsas olmuş sənəd, eləcə də bağ sahəsinə dair cizgi idarənin arxivində aşkar olunmamışdır. Sorğuya əlavə olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarından görünür ki, torpaq sahəsinin iddiaçıya ayrılmasına dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-48-2F/2-990/2024 nömrəli sorğuya cavab məktubuna əsasən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarı 1 saxlama vahidindən (qovluqdan) ibarət olmaqla 96 (doxsan altı) vərəq təşkil edir. Odur ki, vərəq sayının çoxluğunu nəzərə alaraq “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun 21.2.3-cü maddəsinin tələblərini (sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa) nəzərə alaraq qeyd olunan qərarın ksero surətlərinin təqdim olunması imkan xaricindədir. Həmçinin müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-7991/2024 nömrəli qərarı ilə Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarı ilə 93 nömrəli order əsasında Şüvəlan bağlar sahəsində 51 nömrəli X1 nəznində olan sahəsi 1200 kv.m ölçüdə, 759 M/1 nömrəli bağ sahəsi üzərində iddiaçı X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planıölçüsü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsində 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə hazırki mübahisə üzrə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, hər nə qədər də bağlar təsərrüfatı idarələrinin orderlərinin arxivdə aşkar olunmaması və ya bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsasları artıq formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmasa da, hazırki iş üzrə oxşar imtina əsasları mövcud olsa da, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatının aparılması istisna olunur. Belə ki, istənilən halda, daşınmaz əmlakların ayrılması ilə bağlı aidiyyəti qurum tərəfindən hüquqmüəyyənedici sənəd verilərsə, həmin sənədin kökü olmalıdır, çünki hüquqi baxımdan kökü olmayan hər hansı bir sənədin etibarlılığı və ya qüvvədə olması, daşınmaz əmlakın qanuni əsaslarla ayrıldığını şübhə altına ala bilən bir haldır və belə halda həmin daşınmaz əmlakın hüquqi vəziyyəti mübahisəli olur. Hazırki işin hallarından göründüyü kimi, bağ sahəsinin ayrılması barədə orderin nüsxəsi iddiaçıda olsa da, həmin order aşkar olunmamış və daha vacib olanı, orderin verilməsinə əsas olan Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarı aşkar olunsa da, bu qərarda bağ sahəsinin iddiaçıya ayrılması ilə bağlı heç bir məlumat verilmir, daha doğrusu, həmin qərarda iddiaçının adı ümumiyyətlə qeyd olunmur. Bu isə, hər hansı bir mülkiyyət hüququnun və ya daşınmaz əmlakın ayrılmasına dair təsdiqedici sənədin etibarlılığını və hüquqi qüvvəsini şübhə altına qoyur. Məhz bu səbəbdən, iddiaçının bağ sahəsi üzərində hüquqlarının mövcudluğu qeyri-müəyyəndir və iddiaçının mülkiyyət hüquqlarına dair hər hansı bir nəticə çıxarılmasına əsas vermir. Göründüyü kimi, bağ sahəsinin iddiaçıya ayrılması barədə sənədlərin mövcudluğu müəyyən olunmur və bu da iddiaçının mülkiyyət hüququnun etibarlı olduğunu təsdiq etmək üçün yetərli əsasları təmin etmir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi bağ sahəsinə dair əsaslandığı sənədlər əsasında artıq mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Bu bağ sahəsi ilə qeydiyyata alınmış bağ sahəsinin nömrəsi ilə bağlı fərq olsa da, məhkəmə qərarı əsasında faktiki olaraq eyni dislokasiyasında yerləşən 759 M/1 nömrəli bağ sahəsi üzərində digər şəxsin hüquqlarının qeydiyyatın aparılması həyata keçirilmişdir ki, bu vəziyyətdə iddiaçının eyni sənədlər əsasında başqa bağ sahəsinə dair təkrar qeydiyyatın aparılmasını tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar