Məhkəmə qərarları › İş №2-1(112)-10362/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10362/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10362/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilə hüquqlarının dövlət qeydiyyatına alması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum babası X4 12 may 1991ci ildə vəfat etmişdir. Ölümündən sonra Bakı şəhər 33 saylı dövlət notariat ofisi xx.xx.2021ci il tarixli 118 saylı arayışla Bakı şəhəri, Pirallahı rayonu, ünvan 2 ünvanda yerləşən 2 saylı miras qalmış mənzilə vərəsə kimi hüquqlarını tanımışdır və çıxarış verilməsinə etiraz etməməsini göstərmişdir. Bu məqsədlə mənzili öz adına özəlləşdirilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, lakin həmin qurum AR Mənzil Məcəlləsinin qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanın sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməməsini və hüquqlarını dövlət qeydiyyatına alınmasına qanunla müəyyən edilmiş tələblərinə uyğun olmamasını qeyd etmişdir. Halbuki babası X4 və mənzil Komunal Təsərrüfat arasında hələ 12 may 1987-ci il tarixdə kirayə müqaviləsi bağlanmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “ünvan 1 ünvanda yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüquqlarının mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********22 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzildə daxili rekonstruksiya işləri aparılmış və mənzilin sahəsi genişləndirilmişdir. Müvafiq əmlak birmərtəbəli binanın birinci mərtəbəsində yerləşir və ümumi sahəsi 51.9 kv.m təşkil edir. Mənzilin ətrafındakı torpaq sahəsi istifadə edilməkdədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə məktubu. - Bakı şəhəri 33 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubunun surəti. - 153 saylı MKİS-nin 11 02.2022-ci il tarixli 166 saylı Arayışı. - X4 və Mənzil Kommunal Təsərrüfatı arasında bağlanmış 12 may 1987-ci il tarixli kirayə müqaviləsinin surəti. - 319155 nömrəli Ölüm haqqında şəhadətnamənin surəti. - X6 və X3 notariat qaydasında təsdiqlənmiş ərizələri.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs, həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda həmin daşınmaz əmlak üzərində onun varisi tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınmasını fərqli, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə tənzimlədiyindən, iddiaçının cavabdeh inzibati orqana olan müraciəti, hazırkı tələblə olan müraciəti kimi qəbul edilməlidir. Məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, ünvan 4 ünvanda yerləşən 2 saylı mənzilə X1 adına xx.xx.1987-ci il tarixli müqavilə bağlanılmış və o, həmin mənzilin icarədarı hesab olunmuşdur. İş materiallarından görünür ki, 319155 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X4 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, ünvan 5 ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir: “ünvan 6fisinə xx.xx.1991-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Y.Əliyev küçəsi, ev 134, mənzil 2ə (ünvan 4, mənzil 2-ə) dair vərəsə İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X1 adına çıxarış verilməsinə etiraz elmirik.” «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsinin təqdim edilməməsi” ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Kommunal Təsərrüfatı Nazirliyi ilə V.M.Şayəhmədov arasında xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilə dair müvafiq Müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə (48-108-ci maddələrə) əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, iddiaçının babası ilə müvafiq mənzillə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) müvafiq icra hakimiyyəti orqanı mənzil kirayəsi müqaviləsi bağlanıldığı üçün onun həmin mənzili özəlləşdirmək hüququ da saxlanılır. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum babasına ayrılan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Y.Əliyev küçəsi, ev 134, 2 saylı mənzilin məxsus olması haqqında arayışın verilməsini tələb edir və hal-hazıradək həmin mənzilin reyestrdə qeydiyyata alınmaması cavabdeh tərəfindən də etiraf olunur. Mövcud qanunvericilik isə, şəxs mülkiyyət hüququ qeydiyyata alınanadək öldüyü halda, qeydiyyat orqanı tərəfindən onun vərəsələrinə “hüququn ölmüş şəxsə məxsus olması barədə arayış” verilməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi cavabdeh tərəfindən iddiaçının babasına məxsus bağ sahəsinə dair arayış verilməsini mümkün sayır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının babası X5 ilə həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Y.Əliyev küçəsi, ev 134, 2 saylı mənzillə bağlı 1 oktyabr 2009-cu ilədək mənzil kirayə müqaviləsi bağlanıldığı üçün onun mənzili özəlləşdirmə hüququ saxlanıldığından və İddiaçı babası V.M.Şayaxmedovun vərəsəsi kimi tanındığından və qeyd edilən mənzilə dair çıxarışın verilməsi üçün 33 saylı dövlət notariat ofisi müvafiq qaydada cavabdeh inzibati orqana müraciət etdiyindən hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi tələbi barədə iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüquqlarının mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı adına verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüquqlarının mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı adına verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar