Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10368/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə əmək pensiyasının hesablanması barədə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, ona 11 noyabr 2021-ci il tarixində Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinin tələblərinə uyğun qaydada 57 yaşının tamamlandığı 5 fevral 2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə 365,81 (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 378,25 manat) manat əmək pensiyası təyin edilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə həmin tarixdən əmək pensiyası yenidən hesablanaraq 378,25 manatdan 423,86 manata artırılmışdır. Eyni zamanda, ona əmək pensiyası təyin edildiyi və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixlərə ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyası 2023-cü ilin fevral ayında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 365,81 manatdan 366,39 manata, xx.xx.2022-ci il tarixindən 423,86 manatdan 434,45 manata artırılmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlar nəzərə alınaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 11,62 manat pul vəsaiti hesablanmış, həmin 11,62 manat pul vəsaiti 2023-cü ilin aprel ayında əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixindən əmək pensiyası 575,37 manat təşkil edir.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, toplanmış pensiya kapitalının (99707.34 manat) gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144-ə) nisbəti nəticəsinə uyğun olaraq ona 692,41 manat məbləğində (sonrakı indeksasiyalar nəzərə alınmamaqla) pensiya ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
3. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində cavabdeh orqan tərəfindən 57 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği 365.81 manat müəyyən edilmişdir. Sonradan müraciəti əsasında yenidən hesablanma həyata keçirilmiş və əmək pensiyasının məbləği 365.81 manatdan 366,39 manata qaldırılmışdır. Hazırda isə 2024-cü ilin indeksasiyasından sonra əmək pensiyasının məbləği 575,37 manat təşkil edir. Ona xx.xx.2021-ci il tarixində pensiya hesablanarkən əmək pensiyasının sığorta hissəsində toplanmış pensiya kapitalı düzgün bölünməmiş və ona az məbləğdə pensiya təyin edilmişdir. Belə ki, “e-sosial” informasiya sistemindən mövcud məlumatlardan aydındır ki, onun əmək pensiyasının sığorta hissəsində 99.707,34 manat pul vəsaiti toplanmışdır.
4. Cavabdeh xx.xx.2024-cü il tarixində iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı 11 noyabr 2021-ci il tarixdə Mərkəzi Filial tərəfindən həmin qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada 57 yaşının tamamlandığı 5 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə 365,81 manat əmək pensiyası təyin edilib. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il 2 ay 25 gün (xx.xx.1979 - xx.xx.1982-ci il, xx.xx.1982 - xx.xx.1984-cü il, xx.xx.1985 - xx.xx.1986-cı il, xx.xx.1986 - xx.xx.1991-ci il, xx.xx.1991 - xx.xx.1992-ci il, xx.xx.1992 - xx.xx.2003-cü il, xx.xx.2003 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinə və 45-ci maddəsinin ikinci cümləsinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 32,18 manat (25,24 il x 306 manat : 240 ay (65 il - 57 il = 96 ay + 144 ay) hesablanaraq xx.xx.2021-ci il tarixinədək indeksləşdirilərək 80,13 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 68564,05 manat sığorta kapitalına uyğun 285,68 manat (68564,05 : 240 ay) əlavə edilərək xx.xx.2021-ci il tarixinə 365,81 (80,13 + 285,68) manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə həmin tarixdən əmək pensiyası yenidən hesablanaraq 378,25 manatdan 423,86 manata artırılıb. Eyni zamanda, İddiaçı əmək pensiyası təyin edildiyi və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixlərə ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyası 2023-cü ilin fevral ayında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 365,81 manatdan 366,39 manata, xx.xx.2022-ci il tarixdən 423,86 manatdan 434,45 manata artırılıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 11,62 manat pul vəsaiti hesablanmışdır. Həmin 11,62 manat pul vəsaiti 2023-cü ilin aprel ayında əmək pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq Qanunun 29.1ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən İddiaçı əmək pensiyası 575,37 manat təşkil edir. İddiaçı əmək pensiyasının yanlış hesablandığını iddia etsə də, hansı hissədə yanlış hesablandığını əsaslandırmamışdır. Eyni zamanda iddiaçıya əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun hesablanma qaydası təqdim edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
8. Belə ki, iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur.
9. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
10. İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli **********1 saylı əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam lduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyasının məbləği 365.81 manat müəyyən edilmişdir.
11. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6283/2023 saylı qərarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq 517,36 manatdan 517,42 manata artırılmışdır.
12. İddiaçı hazırda ona təyin edilən əmək pensiyasının məbləği ilə razılaşmayaraq toplanmış pensiya kapitalının 99707.34 manat, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayının isə 144 kimi müəyyən edilməklə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş edir.
13. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2021-ci il tarixdə qüvvədə olan ƏPQ-yə əsasən: - Maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - Maddə 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; - Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. - Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - Maddə 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: - SH = PSK/T, burada: - SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - Maddə 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: - YH=PYK/T, burada: - YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - Maddə 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: - P=SH+YH, burada: - P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. - Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. - Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə görə həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.
15. İstinad olunan normalardan görünür ki, şəxsin 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilməklə onun fərdi hesabında nəzərə alınır. Bunun üçün həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. 2006-cı ilin 1 yanvar tarixdən sonra isə şəxsin fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınır.
16. Qanunvericiliyə əsasən şəxsə pensiya təyin edilməsi üçün həmin pensiya kapitalları toplanaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünür, hansı ki, onun müddəti 144 aydır. Lakin əgər şəxsə ƏPQ-nin 9-cu maddəsinə əsasən vaxtından əvvəl güzəştli şərtlərlə pensiya təyin edilirsə, onda 144 rəqəmi güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə ƏPQ-nin 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
17. İşin hallarından görünür ki, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 il 2 ay 25 gün (xx.xx.1979 - xx.xx.1982-ci il, xx.xx.1982 - xx.xx.1984-cü il, xx.xx.1985 - xx.xx.1986-cı il, xx.xx.1986 - xx.xx.1991-ci il, xx.xx.1991 - xx.xx.1992-ci il, xx.xx.1992 - xx.xx.2003-cü il, xx.xx.2003 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) müəyyən edilməklə xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinə və 45-ci maddəsinin ikinci cümləsinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 32,18 manat (25,24 il x 306 manat : 240 ay (65 il - 57 il = 96 ay + 144 ay) hesablanaraq xx.xx.2021-ci il tarixinədək indeksləşdirilərək 80,13 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 68564,05 manat sığorta kapitalına uyğun 285,68 manat (68564,05 : 240 ay) əlavə edilərək xx.xx.2021-ci il tarixinə 365,81 (80,13 + 285,68) manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.
18. Göründüyü kimi, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun olmuş, cavabeh bu zaman hər hansı bir hüquq normasının pozulmasına yol verməmişdir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova